AZ

"Raketlərin hədəfi Rusiya ola bilər" – Moskvada Türkiyə təşvişi

Türkiyənin SAHA Expo sərgisində təqdim etdiyi “Yıldırımhan” adlı qitələrarası ballistik raket Rusiyaya yaxın teleqram kanallarında geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, kremlçi rus teleqram kanallarında yayılan məlumatlarda raketin regionda yeni hərbi-siyasi balans yarada biləcəyi iddia olunur.

Məlumata görə, “Yıldırımhan” raketinin uçuş məsafəsi 6 min kilometr, döyüş başlığının çəkisi isə 3 min kiloqram təşkil edir. Bildirilir ki, Ankara ilin sonuna qədər Somalidə sınaq buraxılışı həyata keçirməyi planlaşdırır. Türkiyənin bu texnologiyadan gələcəkdə peyklərin orbitə çıxarılması üçün də istifadə etmək niyyətində olduğu qeyd olunur.

Kremlə yaxın kanallarda yayılan şərhlərdə iddia edilir ki, Ankara operativ-taktiki raket sistemlərindən strateji çəkindirmə mərhələsinə keçməyə çalışır. Həmin paylaşımlarda raketin mənzilinin Yaxın Şərq, Avropa, Qafqaz, Volqaboyu, Ural və Mərkəzi Asiyanın müəyyən hissələrini əhatə etdiyi vurğulanır.

Bəzi rus teleqram kanalları Türkiyənin gələcəkdə nüvə silahı əldə etmək ehtimalını da gündəmə gətirib. Paylaşımlarda bildirilir ki, uzunmənzilli raket proqramının inkişafı Ankaranın hərbi ambisiyalarını daha da genişləndirə bilər.

Digər tərəfdən, kremlçi mənbələr Türkiyənin texnologiya və müdafiə sənayesi baxımından Qərbdən asılı olduğunu da qeyd edib. Bununla yanaşı, Ankaranın Avropanın yeni təhlükəsizlik arxitekturasında iştirak etmək istəyi və regionda artan hərbi fəallığı ayrıca vurğulanıb.

 

Musavat.com

Seçilən
56
7
musavat.com

8Mənbələr