"Prezidentimizlə görüşdə demək istəyirdim ki, Allah torpaqlarımız uğrunda canını fəda edən bütün şəhidlərimizə rəhmət eləsin. O igidlərin heç birini Samirdən ayırmıram".
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında dünən Prezident İlham Əliyevlə Zəngilanda görüşən Vətən Müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev deyib.
Ə.Sarıyev qeyd edib ki, oğlu Samir Zəngilanı görməyi çox arzulayırdı: "Bütün şəhidlərimizi öz balam bilirəm. Samir Qarabağımız uğrunda canından keçdi, təəssüf ki, çox sevdiyi Zəngilanı görə bilmədi. Buna görə Prezidentimizlə görüşdə çox həyəcanlandım, kövrəldim".
Şəhidin qardaşı Elvin Sarıyevin sözlərinə görə, Samir İkinci Qarabağ müharibəsi başlayanda heç kimin xəbəri olmadan könüllü cəbhəyə yazılıb.
"2020-ci ilin oktyabrın 10-da işə gedərkən mənə zəng gəldi və qardaşımın müharibəyə gedəcəyi bildirildi. Qardaşım müharibədə ilk könüllülərdən oldu. Samirin İkinci Qarabağ müharibəsinə könüllü yollanması general Polad Həşimovun şəhid olmasından qaynaqlanırdı. Samirin 1 il 6 aylıq hərbi xidmət dövründə Polad Həşimov onun manqa komandiri olmuşdu. O, əsgərlikdən gəldikdən sonra Polad Həşimov ona öz adından təşəkkürnamə göndərmişdi. Polad Həşimov şəhid olanda Samir çox pis olmuşdu, özünə yer tapa bilmirdi. Samir onun dəfninə də getmişdi. Deyirdi ki, şəhid qardaşlarımızın qisasını alacağıq", - o vurğulayıb.