AZ

ABŞ prezidentinə sui-qəsddə ittiham olunan şəxs günahını boynuna almır

ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan ABŞ vətəndaşı Koul Tomas Allen prokurorluq tərəfindən ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, Vaşinqtonda bu iş üzrə keçirilən növbəti məhkəmə iclasında Koul özünü təqsirli bilmədiyini açıqlayıb. O, ittiham tərəfinin təqdim etdiyi bütün maddələri inkar edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxsən çıxış etməyib. Onun mövqeyini vəkili məhkəmənin diqqətinə çatdırıb.

Atışma hadisəsi aprelin 25-də paytaxt Vaşinqtonda yerləşən "Washington Hilton" mehmanxanasında, Ağ Ev yanında akkreditasiyadan keçmiş Müxbirlər Assosiasiyasının illik qəbul mərasimi zamanı baş verib. Tədbirdə ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmiləri iştirak ediblər.

Hadisə zamanı ABŞ Məxfi Xidmətinin bir əməkdaşı yaralanıb. Atəş açan şəxsin Kaliforniya ştatından olan 31 yaşlı Koul Tomas Allen olduğu müəyyən edilib və o, hadisə yerində saxlanılıb.

İstintaq zamanı məlum olub ki, Allen əvvəlcədən "Washington Hilton" otelində otaq bron edib və ora həm odlu, həm də soyuq silah keçirə bilib.

Ona qarşı ABŞ prezidentinə sui-qəsd cəhdi, ağır cinayət törətmək niyyəti ilə odlu silah və döyüş sursatı daşımaq, həmçinin cinayət əməli zamanı odlu silahdan istifadə etmək maddələri üzrə ittihamlar irəli sürülüb.

ABŞ-nin ədliyyə naziri və baş prokuror vəzifəsini icra edən Todd Blanşın sözlərinə görə, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilə bilər.

Seçilən
36
1
moderator.az

2Mənbələr