AZ

​“Sülh danışıqları ölüdür…” “Bu, Tehrana ilk bombaların atıldığı vaxtdan dayandırılıb”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Amerika Rusiyaya qarşı müharibədə Ukrayna üçün daha əvvəl olduğu qədər tərəfdaş olmaqdan çıxdı. İndi isə Prezident Volodimir Zelenski bu münasibətlərdən də geri çəkilir və ölkəsini bir vaxtlar ən böyük müttəfiqi olan ABŞ-dən uzaqlaşdırır.

“AzPolitika” xəbər verir ki, “The New York Times” nəşrində dərc edilən yazıda belə deyilir.

Yazıda bildirilir ki, ABŞ-nin İrana qarşı başlatdığı əməliyyat Vaşinqtonun Ukraynaya diqqətini daha da azaldıb və minimuma endirib: "Ukraynadakı döyüşlərə son qoymaq üçün ABŞ-nin dəstəklədiyi sülh danışıqları fevralın sonlarında Tehrana ilk bombaların atıldığı vaxtdan dayandırılıb”.

Nəşr qeyd edir ki, Ukrayna danışıqları hazırda “süni nəfəs” rejimində saxlandığından Zelenski ABŞ-ni açıq şəkildə tənqid edir. Hansı ki, ötən il Tramp administrasiyasının daha çox Rusiyaya sərf edən bir razılaşma üçün Ukraynaya təzyiqləri zamanı Zelenski bu cür tənqidlərə yol vermirdi.

Zelenski vurğulayıb ki, İranda müharibənin başlanğıcından bəri amerikalı danışıqçıların "Ukrayna üçün vaxtı olmayıb". Nəşrin xatırlatdığı kimi, o, Ukraynadan sülh üçün ərazi güzəşti tələb edən Tramp administrasiyasının "hələ də Rusiyaya nisbətən Ukrayna tərəfinə daha çox təzyiq göstərən bir strategiya seçdiyini"qeyd edib.

Nəşr tanınmış avropalı siyasi analitiklərdən olan “Rasmussen Global”-ın baş direktoru Harri Nedelkundan sitat gətirir: “Sülh danışıqları ölüdür. Artıq real danışıqlar yoxdur. Rusiyanın indi bunu etmək üçün heç bir stimulu yoxdur və ABŞ hazırda iki tərəf arasında etibarlı, ağıllı vasitəçi kimi görünmür".

Nəşrin yazdığı kimi, Trampın anlaşılmaz və gözlənilməz xarici siyasətini müşahidə edən Kiyev daha müstəqil olmalı olduğunu başa düşüb. Ukrayna öz müdafiə sənayesini genişləndirməyə, müdafiə müəssisələrinə milyardlarla dollar investisiya qoymağa çalışır, öz dron təcrübəsini digər ölkələrlə bölüşmək üçün müqavilələr imzalayır. Bütün bunların fonunda isə Rusiyanın cəbhədəki irəliləyişi xeyli yavaşlayıb.

Ukraynanın NATO-dakı səfiri Alyona Hetmançukun sözlərinə görə, Ukrayna hazırda istifadə etdiyi dronların əksəriyyətini özü istehsal edir. O iddia edir ki, Ukrayna istehsalı olan dronlar Rusiya PUA-larının 60%-dən çoxunu vurub.

Eyni zamanda, Kiyevdə yerləşən Transatlantik Dialoq Mərkəzinin prezidenti Maksim Skripçenko əlavə edib ki, Amerika silahlarının tədarükü azalsa belə, Ukrayna bu problemin öhdəsindən gələ bilər: "Bir səhər bütün bunlar olmadan oyansaq belə, bu əvvəlki kimi fəlakətli olmayacaq. Baydenin dövründə olduğu qədər Amerika vasitələrindən asılı deyilik”.

Analitiklər öz növbəsində hesab edirlər ki, Ukrayna üçün az qala əvəzsiz olan yalınız Amerika kəşfiyyatının məlumatlarından istifadədir. Lakin Skripçenko əlavə edib ki, bu məsələdə də bir zaman Avropa ABŞ-ni əvəz edə bilər.

Ukraynanın həmçinin, Amerikanın “Patriot” raketlərinə ehtiyacı var. Ukrayna öz raketlərini hazırlamağa çalışsa da, bu, vaxt aparacaq. Lakin qəzetin yazdığı kimi, ABŞ-Ukrayna münasibətlərinin vəziyyətindən asılı olmayaraq, Amerikanın Kiyevə verə biləcəyi “Patriot”-ların sayı onsuz da məhduddur.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
91
azpolitika.info

1Mənbələr