AZ

Azər Həsrəti niyə söyürlər? - ərəb-fars-ruspərəstlər xor təşkil ediblər

Ötən həftə sosial şəbəkələrin milli seqmentində adı ən çox hallandırılan şəxs jurnalist və ictimai-siyasi fəal Azər Həsrət oldu.

Onun əvvəlcə islam dininin türk xalqlarına təsirinə dair dediyi sözlər geniş ictimai polemikaya, qalmaqala rəvac verdi, daha sonra Rusiya tərəfindən işğal olunan xalqların rus mədəniyyətinin basqısına məruz qalmasına dair fikirləri ikinci bir polemika dalğası törətdi.

“Polemika” deyəndə mədəni çıxır, əslində ortada ciddi bir fikir dartışması, arqumentlər mübadiləsi yox idi, həm ərəb-farspərəstlər, həm də ruspərəstlər Azərin adına eləcə kütləvi şəkildə pis-pis epitetlər qoşur, açıq-aşkar söyür, təhqir edirdilər.

A.Həsrətin dedikləri ilə razılamamaq və mübahisə etmək, əlbəttə ki, mümkündür, hətta zəruridir, amma onun opponentləri yalnız təhqir yolunu seçmişdilər və psixoloji terror mühiti yaratmışdlar. Başqa adı yoxdur, bu, məhz psixoloji terror mühitidir.

Həm də çox qəribəydi, özlərini daha üstün mədəniyyətin daşıyıcısı kimi göstərənlər elə ilk cümlələrindəcə palaz-payəndaz səviyyəsi sərgiləyirdilər.

Belə ağır sözlü ritorika müxtəlif dini məzhəblərə tapınan sektant həmvətənlərimiz üçün adi şey olsa da, özlərini hər zaman aborigen xalqdan, yəni Azərbaycan türklərindən bir baş üstün sayan yerli “rusdilli”lərin və onlarla həmrəylik nümayiş etdirən slavyan mənşəli əcnəbi istifadəçilərin bu sayaq qeyri-mədəni bəlağəti təəccüb doğururdu. Sözlərinə Puşkinlə, Tolsyoyla başlayırlar, amma türmə jarqonları ilə davam edirlər.

Onlar Azər Həsrətin ünvanına nələr demirdilər. İndi həmin təhqirlərin, çoxdan tanıdığım Azər Həsrətə zərrəcə yaraşmayan ağır sözlərin bir qismini burada iqtibas edək, özünüz baxın. Onun mənası “Rusiya işğal altına aldığı xalqları araqa dadandırdı” fikrinə etiraz edənlər A.Həsrət barədə bu cür yazırdılar: “Axmaq”, “çoban”, “neandertal”, “debil”, “qoyun”, “şizofrenik”, “eybəcər”, “yazıq”, “zavallı” və sair və ilaxır. Söyüşün, təhqirin qomu yüz rus rublu.

Hələ bəziləri Azər Həsrətə öz kəndinə qayıdıb qoyun otarmağı məsləhət görür, bəziləri “mağarada yaşayan əcdadları”na sataşırdı.

Sanki 5 min il əvvəl bu yerlərin insanları mağaralarda, birtəhər düzəltdikləri daldalanacaqlarda yaşayanda, şimaldakılar, qərbdəkilər villalarda, qəsrlərdə ömür sürürmülər. “Kəndinə qayıdıb qoyun otarsın” deyənlər isə sanki gözlərini həyata Yelisey sarayında açıb, Bukinhem sarayında böyüyüblər və ali irqin nümayəndələridir. Çobanlıq niyə təhqiramiz peşə olsun ki? Bura insanları kastalara bölünmüş Hindistandır, haradır?

Mədəni dünyada çoxdan sübut olunub ki, bir mübahisəli fikrə qarşı dözümsüzlük göstərmək mədəniyyətsizliyin ta özüdür. Normal dildə ifadə edilmiş fikrin cavabı normal şəkildə söyüşsüz, isterikasız, təhqirsiz verilməlidir.

Azər Həsrət vətənpərvərdir və 30 ildən çoxdur tanıdığıma görə deyə bilərəm ki, nasist deyil, başqa xalqları xor görmür, ancaq öz xalqını xor görənlərə, ona problem yaradanlara da təhəmmül etmir.

Onun “ruslar digər xalqları arağa dadandırdı” fikri isə bütün postsovet məkanında geniş yayılmış, yarızarafat-yarıgerçək səsləndirilən bir fikirdir. Məsələn, Qazaxıstanda tez-tez deyirlər ki, “ruslar bizə araq içməyi öyrətdi, ancaq qədərini demədilər”.

Ümumiyyətlə, spirtli içkiləri daha çox qəbul etmək aludəçiliyi bütün şimal xalqlarında var. Bu, iqlimin şərtləndirdiyi vərdişdir. Bunun üzərinə vurğu salaraq, bir xalqı “alkoqolik xalq” adlandırmaq da düzgün deyil. Ona qalsa, finlər arağı ruslardan da çox içir. Bu, başqa mövzudur.

Söhbət ondan gedir ki, həmişə başqa xalqlardan itaət görən, yeri gələndə başqalarını “çurki”, “qıyıqgöz”, “qarayanbız”, “qıllı”, “kütbeyin” və s. adlandıran, təhqir edən ruslar öz ünvanlarına xoşagəlməz epitet eşidəndə isterikaya qapılırlar. Sanki bunların hamını təhqir etmək üçün eksklüziv hüquqları var, amma heç kəs onlara ayama qoşa bilməz.

Azər Həsrəti təhqir edənlər hələ onun məsuliyyətə cəlb edilməsini də istəyirlər, maddəsini də tapıblar: “Milli nifaqı qızışdırmaq”.

Bəs sabah Azər ünvanına yazılan söyüş və təhqirləri skrin-şot edib DİN-ə təqdim və şikayət etsə, nə olacaq? Çox zaman olduğu kimi, kompüter arxasında şirə dönənlərin çoxunun səsi batacaq.

Bu qovğada ən xoşagəlməzi isə başqa millətə yaltaqlıq izhar edərək öz həmvətəninə təhqir yağdıranların çox olmasıdır. Bu, Roma Papasından artıq katolik olmaq cəhdidir, adamda bir az milli təəssübkeşlik hissi olar. Bir az da söhbətin məğzinə varmaq vərdişi lazımdır. Hələ bir baxın, görün, Azər Həsrət nə deyib, necə deyib, ondan sonra səs-səsə verərək söyərsiniz.

 

Seçilən
15
musavat.com

1Mənbələr