AZ

Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun intizam qaydalarını pozduqlarına görə əvəzedici heyətə sürgün etdiyi Elvin Cəfərquliyevlə Abbas Hüseynovun aqibəti sual altındadı. Uzun müddətdi mütəxəssisin futbolçuları tezliklə bağışlayacağı haqda xəbərlər yayılsa da, hələ təsdiqini tapmayıb. Hətta hər iki futbolçu mayın 8-də keçirilən "Turan Tovuz-2" - "Qarabağ-2" matçının (0:3) start heyətində yer alıb, Abbas qol vurub.

Onların durumu haqda ətraflı məlumat almaq məqsədilə "köhlən atlar"ın baş məşqçisi Maksim Medvedevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:

"Əvəzedicilər liqasında növbəti oyunu Bakıda, "Kəpəz"ə qarşı keçirəcəyik. Amma PFL hələ təqvimi açıqlamayıb. Həm Abbas, həm də Elvin məşqlərə davam edir. Sonuncu matçda özlərini yaxşı tərəfdən göstərdilər. Performanslarından razıyam. İşlərinə tam peşəkar yanaşırlar. Başa düşürlər ki, milli komanda var və dəvətə hazır olmalıdılar. Yığmamızın məşqçiləri də mənimlə daim ünsiyyətdədilər. Bu futbolçuların məşqdə nələr etdiklərini, performanslarını, statistik göstəricilərini soruşurlar".

Xatırladaq ki, millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq. Baş məşqçi Ayxan Abbasovun Elvinlə Abbası yığmaya çağıracağı gözlənilir.

KƏNAN BAHADIR
Seçilən
29
1
football-plus.az

2Mənbələr