AZ

Anar Eminov: “Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır”

Çağdaş dünya sürətli elmi-texnoloji yenilənmələr, dərin paradiqmatik dəyişikliklər, rəqəmsal modernləşmə proseslərinin genişlənməsi və ekoloji çağırışların artması ilə xarakterizə olunur. Belə bir şəraitdə ali təhsil müəssisələrinin qarşısında duran vəzifələr daha kompleks xarakter alır və yalnız ixtisaslı kadr hazırlığı ilə məhdudlaşmır.

Bu fikirləri mətbuata açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib.

Rektor qeyd edib ki, müasir dövrdə universitetlərbilik mübadiləsi həyata keçirən təhsil müəssisələri olmaqla yanaşı, eyni zamanda cəmiyyətin intellektual inkişafını istiqamətləndirən, innovativ düşüncə mədəniyyəti formalaşdıran, sosial məsuliyyət prinsiplərini gücləndirən və dayanıqlı inkişaf ideyalarının aparıcı daşıyıcısına çevrilən strateji elm və təfəkkür mərkəzləridir.

Anar Eminovun sözlərinə görə, Azərbaycan ali təhsil sistemi də qlobal çağırışlara uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir universitet modeli bu gün yalnız akademik göstəricilərlə deyil, həm də idarəetmənin çevikliyi, rəqəmsal inkişaf səviyyəsi, sosial təsir gücü və ekoloji yanaşmalarla qiymətləndirilir.
Rektor vurğulayıb ki, Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyası da məhz bu qlobal tendensiyalara uyğun olaraq formalaşdırılıb. Universitet elm, innovasiya, rəqəmsal inkişaf mühiti, insan kapitalının gücləndirilməsi və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan müasir universitet modelinin qurulmasını hədəfləyir.

O bildirib ki, gələcəyin universiteti yalnız tədris və tədqiqat mərkəzi deyil, həm də sosial məsuliyyətin gücləndirildiyi, ekoloji şüurun formalaşdığı və sağlam həyat tərzinin təşviq olunduğu çoxfunksiyalı akademik inkişaf platformasıdır.

Bu yanaşmanın praktik ifadəsi kimi universitetdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi ilə birgə “I MDU Yaşıl Kampus İdman Festivalı” təşkil olunub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən festival sağlam həyat tərzi, ekoloji düşüncə və sosial həmrəyliyin vəhdətini nümayiş etdirib.

Vurğulanıb ki, Festival çərçivəsində keçirilən marafon, futbol, voleybol, üzgüçülük, velosiped yarışı və digər idman növləri tələbələrin fəal iştirakı ilə yadda qalıb. Açıq hava yürüşləri isə ekoloji şüurun artırılması və dayanıqlı inkişaf prinsiplərinə töhfə kimi dəyərləndirilib.

Tədbir iştirakçılarının kampusa piyada, velosiped və ictimai nəqliyyatla gəlməsi isə dayanıqlı mobillik mədəniyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edib. Eyni zamanda “Sağlam və ekoloji qidalanma məkanı”nda yerli və mövsümi məhsullar təqdim olunub, “tullantısız qidalanma” konsepsiyası çərçivəsində ekoloji davranış modelləri təşviq edilib.

Anar Eminov qeyd edib ki, bu təşəbbüslər müasir universitet modelinin çoxşaxəli xarakterini göstərir: burada elm, təhsil, innovasiya, ekoloji mədəniyyət və sosial məsuliyyət vahid inkişaf xətti üzrə bir-birini tamamlayır.

Rektorun sözlərinə görə, Mingəçevir Dövlət Universitetində həyata keçirilən “Yaşıl Kampus” strategiyası çərçivəsində enerji səmərəliliyinin artırılması, rəqəmsal idarəetmənin genişləndirilməsi, kağızsız idarəetmə modelinin tətbiqi, ekoloji maarifləndirmə və sosial-ekoloji layihələrin dəstəklənməsi istiqamətində ardıcıl işlər görülür.

“Əminliklə deyə bilərəm ki, bu istiqamətdə atılan hər bir addım universitetimizin təkcə akademik nüfuzunu gücləndirmir, həm də onu regionda dayanıqlı inkişaf və yaşıl düşüncə mədəniyyətinin formalaşdığı nümunəvi ali təhsil mərkəzinə çevirir”, – deyə Anar Eminov fikirlərini yekunlaşdırıb.

Seçilən
0
2
turkustan.az

3Mənbələr