AZ

“Elə bil ki, başıma daş düşür, nəyə gəldi çəkil də, aktyor deyilsən?” - Xalq artistindən ETİRAZ+ÖZƏL

“Doğum günümü qeyd etmirəm, acığım gəlir. Elə şeyləri bizim arvad xoşlayır. Tort hazırlayır, süfrə açır, hamını başına yığır. Bir ad gününü, bir də yeni ili təntənəli keçirəndə elə bil ki, başıma daş düşür. Bəzən baxıram ki, özlərinə yubiley, doğum günü keçirirlər. 70 yaşında yekə kişisən, nə ad günü keçirirsən?! Mən heç vaxt yubiley, ad günü qeyd etməmişəm. Qızım, qardaşım qızları adətən mənə ətir bağışlayırlar. Səhv etmirəmsə 69 yaşımı Şuşaya gedəndə orada sübh tezdən məcsiddə namaz qıldım. Daha sonra səhər o başdan Şuşanı gəzdim və Allaha şükürlər etdim. Ad günüm ərəfəsində Məkkəyə də getmişəm, Şuşada da olmuşam, çəkilişlərdə də qeyd ediblər”.
 
Bunu Moderator.az-a açıqlamasında bu gün 71 yaşına qədəm qoyan Xalq artisti, sevimli aktyor Şamil Süleymanlı deyib.
O daha sonra əlavə edib:
 
“ “Xəyanət” serialına çəkilirdim. Təzə bitdi. Ötən 2025-ci il mənim üçün çox düşərli oldu. İrili-xırdalı 7-8 filmə çəkildim. Deyə bilmərəm ki, hamısı baş rol idi. İndi mənim o yaşım deyil ki, baş qəhrəmanı oynayım. Bir neçə filmə də dəvət almışam. Ciddi şəkildə hazırlaşıram. Tezliklə çəkilişlər başlayacaq. Bütün günü rol üçün deyinən adamlar var. Bu mənim xoşuma gəlmir. Deyinməkləri bunları dala salır. Nəyə gəldi çəkil də. Aktyor deyilsən?! O nə deyən sözdür ki, rolları seçirəm?! İndi maşallah filmlər çoxdur. Vallah mən çatdırmıram. Mən kiçik rolda da çəkilirəm. Burdan durub getmişəm Gəncəyə ki, kütləvi səhnədə çəkiləcəm. Buna sənət sevgisi də demək olmaz. Nə ad qoyursansa qoy, bu xasiyyətdən asılıdır”.
Şamil Süleymanlı arzuladığı rollardan da dnaışıb:
 
“Elə rollar var ki, heç məni ora çəkməzlər, həmin film Azərbaycanda çəkilməz də. Məsələn, böyük məmnuniyyətlə “Ölülər” əsərində poçt rəisini oynamaq istəyirəm. Ən çox sevdiyim roldur. Əlbəttə ki, özümün əlavələrim olmaq şərtilə... Özümü poçt rəisi rolunda görürəm. Bu rol mənim üçün İsgəndərdən də böyük roldur. Yəqin ki, o filmi bir də çəkməyəcəklər, o rolu mənə verməyəcəklər. Amma mən öz içimdə o rolu oynamışam. O filmin rejissoru da özüm oldum, aktyoru da”, - deyə sənətkar bildirib.
Seçilən
25
moderator.az

1Mənbələr