AZ

Yatmazdan əvvəl son baxdığınız yer sosial şəbəkədirsə… bu problem sizdə də ola bilər

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müasir dövrdə sosial media gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnformasiya almaq, ünsiyyət qurmaq və özünü ifadə etmək baxımından geniş imkanlar yaradan bu platformalar, eyni zamanda psixoloji vəziyyətə də ciddi təsir göstərir. Xüsusilə “mükəmməl həyat” görüntülərinin yayılması, davamlı müqayisə hissi və virtual təsdiq ehtiyacı gənclər arasında özünəinam problemləri, emosional gərginlik və sosial media asılılığı kimi halları artırır. Mütəxəssislər hesab edir ki, rəqəmsal mühitdən düzgün və balanslı istifadə psixoloji sağlamlığın qorunması üçün vacib amillərdən biridir.

Bu mövzu ilə bağlı suallarımızı klinik psixoloq, Amerika Psixoloqlar Assosiasiyasının üzvü Fəridə Musəviyə ünvanladıq.

O, Redaktor.az-a müsahibəsində “mükəmməl həyat” görüntülərinin gənclərə təsirindən danışdı:

“Sosial şəbəkələrdə insanların “mükəmməl həyat” görüntülərini paylaşması gənclərin psixologiyasına və özünəinamına ciddi mənfi təsir göstərir. Bu fenomen gənclərdə özünəinam probleminin formalaşmasına bir sıra təsirlər göstərir.

Gənclər öz real, problemli və gündəlik həyatlarını başqalarının “seçilmiş məqamları” ilə müqayisə edirlər. Bu isə müntəzəm olaraq onların özlərini daha uğursuz, daha az cəlbedici və ya daha bədbəxt hiss etməsinə səbəb olur. “Kifayət qədər deyiləm” hissi yaranır. Daim ideal bədən quruluşları, bahalı səyahətlər, uğurlu karyera və ya xoşbəxt münasibətlər görüntülərinə baxan gənclər öz həyatlarının və nailiyyətlərinin dəyərsiz olduğu fikrinə qapılırlar.

Sosial şəbəkələrdəki görüntülərin böyük əksəriyyəti filtr və foto redaktə vasitələri ilə yaradılır. Gənclər bu saxta reallığı həqiqət kimi qəbul etdikdə, öz təbii görünüşlərindən və ya həyatlarından narazılıq artır".

Nüsahibimiz qeyd etdi ki, “bəyənmə” (“like”) asılılığı və virtual təsdiq ehtiyacı da mühüm problemlərdən biridir. Onun sözlərinə görə, gənclər öz dəyərlərini aldıqları “bəyənmə” və ya şərhlərin sayına görə ölçməyə başlayırlar:

"Virtual təsdiq almadıqda isə özünəinamları azalır və özlərini təcrid olunmuş hiss edirlər. Bundan əlavə, başqalarının daim əyləndiyini və ya uğur qazandığını görmək gənclərdə “mən həyatı yaşamıram”, “qatarı qaçırıram” qorxusu yaradır. Bu da narahatlıq və özünəqapanma ilə nəticələnir. Nəticədə, bütün bu proseslər gənclərdə daimi narahatlıq, depressiya, yuxu pozğunluqları və özünəqapanma kimi ciddi psixoloji problemlərə səbəb ola bilər”.

Fəridə Musəvi sosial media asılılığının əsas əlamətlərindən də danışdı:

“Sosial media asılılığı insanın virtual dünyada keçirdiyi vaxta nəzarəti itirməsi və bu vərdişin onun real həyatına, psixoloji və fiziki sağlamlığına mənfi təsir göstərməsi ilə xarakterizə olunan davranış pozuntusudur.

Sosial mediada olmadığınız zaman belə növbəti paylaşımı, gələn şərhləri və ya kimin nə paylaşdığını düşünmək, səhər oyanan kimi ilk, gecə yatmazdan əvvəl isə son işin sosial medianı yoxlamaq olması, internet bağlantısı olmadıqda, telefon əldə olmadıqda və ya sosial şəbəkələrə giriş məhdudlaşdırıldıqda yaranan narahatlıq, gərginlik, qəzəb və ya depressiv əhval kimi hallar müşahidə olunur.

Həmçinin yeniliklərdən geri qalmaq qorxusu səbəbindən hər an onlayn olub nələrin baş verdiyini bilmək istəyi yaranır. Sosial mediadan istifadə müddətini azaltmaq üçün cəhdlər etmək, lakin hər dəfə uğursuz olmaq, “yalnız 5 dəqiqə baxım” deyib saatlarla onlayn qalmaq da psixoloji asılılığın əsas əlamətlərindən hesab olunur”.

Mütəxəssis psixoloji sağlamlığı qorumağın yollarını da sadaladı.

“Əhəmiyyətsiz bildirişləri deaktiv etmək telefonun insanı idarə etməsinin qarşısını alır və diqqət dağınıqlığını azaldır. Səhər oyandıqdan sonra ilk 1 saat və yatmazdan əvvəlki 1 saat ərzində telefonu kənara qoymaq tövsiyə olunur.

Özünüzü yetərsiz hiss etdirən, mənfi emosiyalar yaradan, saxta mükəmməllik nümayiş etdirən və ya toksik məzmun paylaşan hesabları izləməkdən çıxarmaq və ya “səssizə” almaq da faydalıdır. Təkbaşına bunun öhdəsindən gəlmək mümkün olmadıqda mütəxəssisə müraciət etmək tövsiyə olunur. Ümumiyyətlə, gün ərzində 3 saatdan çox sosial şəbəkələrdə vaxt keçirməməyə çalışmaq lazımdır”, - deyə psixoloq çağırış etdi.

Bahar MUSAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
1
redaktor.az

2Mənbələr