Yaxşı bir deyim var: insan dilinin altındadır. İndi erməni radikal-revanşistlər də. İki gündür qonşu ölkədə təbliğat kampaniyası başlayıb, onlar isə danışdıqca özlərini daha yaxşı tanıtmaqda və rüsvay eləməkdə, öz üfunətli xislətlərini açmaqda, ən mühümü, Nikol Paşinyanı (hazırda müvəqqəti olaraq baş nazir deyil) haqlı çıxarmaqdadırlar.
Bu səbəblə Paşinyanın, əslində, Ermənistanı qarıq-qarış gəzib şəxsən təbliğat aparmasına lüzum yox. Amma artıq o da bölgələrə çıxıb. Və son görüşlərinin birində baş nazirliyə namizəd kimi Qarabağla bağlı danışarkən bildirib: “Deyirlər, biz torpaqları itirmişik. Amma bu torpaqlar bizim idimi? Necə bizim idi? Zəhmət olmasa izah edin: onlar necə bizim idi?”

Onun sözlərinə görə, həmin ərazilər bir neçə generalın nəzarəti altında olub və onlar bu torpaqlardan şəxsi məqsədləri üçün istifadə ediblər. “Mən həlak olanların arxasınca danışmaq istəmirəm, amma belə deyək: həmin ərazilər bir neçə generalın nəzarəti altında idi və onlar, məsələn, orada buğda əkirdilər. Düzdür?”, - deyə ritorik sual edib.
Paşinyan həmçinin, işğal altındakı ərazilərdə tammiqyaslı inkişafın həyata keçirilmədiyinə diqqət çəkərək əlavə edib: “Məgər biz orada məktəb tikmişdik? Uşaq bağçası tikmişdik? Zavod qurmuşduq? Məgər biz orada yaşamışdıq, qəsəbə salmışdıq? Bəs onda onların bizim olması nə demək idi? Onlar bizim deyildi. Bizim deyildi”...
Hələ ki, ermənilərin ən ağıllısı elə Nikol Paşinyandır. Çünki neçə vaxtdır öz zavallı soydaşlarına anlatmağa çalışır ki, əgər bu xalq “Qarabağ hərəkatı”na qayıtsa, bu dəfə Ermənistanı da itirəcək. Yəni xəyallarla, miflərlə yaşamağa son verib, əlindəkinə qana olmaq məsələsi.
Parlamentin spikeri Alen Simonyan da eyni ritorikanı təkrarlayaraq və gözlənilən daha böyük fəlakətə diqqət çəkərək bildirib ki, “Dağlıq Qarabağ hərəkatı” artıq Ermənistan üçün bağlanmış səhifədir: “Qarabağ həm Azərbaycanın, həm də Ermənistanın suverenliyini zəiflətmək üçün yaradılmış bir tələ idi. Sevinirəm ki, biz bu yükdən qurtulduq”.
Davamı da var: “Bizə elə gəlirdi ki, bugünkü sərhədlər keçicidir və gələcəkdə daha artığına nail olacağıq. Amma bunun nə resursu, nə də məntiqi var. Ermənistanın beynəlxalq tanınmış sərhədlərindən başqa ərazisi yoxdur”.
Simonyan habelə vurğulayıb ki, Ermənistan hökuməti “xəyali Ermənistanı” “real Ermənistanla” əvəz etməyə səy göstərir və bu yöndə siyasətini davam etdirəcək...
Hansı tərəfə irəliləməyə? Onu da açıqlayır: faktiki daha böyük uçuruma sarı! Geriyə, zülmətə, qaranlığa doğru!
Sitat: “1992-ci ildə müasirlərimiz İkinci Dünya müharibəsindəki qələbəni üçqat bayrama çevirdilər, lakin hazırkı səriştəsiz Ermənistan hakimiyyətinin əli ilə bu qələbə yenidən tək bir xatirə tarixinə endirildi. Düşmən Ermənistan sərhədlərinə çatdı, amma döyüş qabaqdadır”...
Deyəsən ohanyanlar, köçəryanlar öz xalqını axmaq hesab edirlər. Çünki yalnız ağlını itirmiş kütlə bu siyasi təlxəklərin və əbləhlərin ardınca gedib onların hakimiyyətə qayıdışına səs verər. Biz isə inanırıq, hətta əminik ki, iyunun 7-də bunun əksi baş verəcək. Yəni, möcüzə olmayacaq. Yoxsa bu xalq öz əli ilə öz qəbrini qazımış olar və kimsə də ona köməyə gəlməz...Musavat.com