“Mançester Siti” “Real”ın hücumçusu Vinisius Juniorun transferi uğrunda mübarizəyə qoşulmağa hazırlaşır.
90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, braziliyalı futbolçu yeni müqavilə ilə bağlı klubla razılıq əldə edə bilmir. Bu səbəbdən onun yay transfer dönəmində satış ehtimalı gündəmə gəlib.
Bildirilir ki, Madrid təmsilçisi ötən il Vinisiusa xəbərdarlıq edib ki, yayda yeni müqaviləyə imza atılmasa, futbolçu satışa çıxarıla bilər. Buna baxmayaraq, oyunçunun karyerasını “Real”da davam etdirməsi hələ də ən real variant hesab olunur. Bununla yanaşı, tərəflərin əməkdaşlığı dayandırmaq qərarı verməsi ehtimalına qarşı alternativ planlar da nəzərdən keçirilir.
Vinisius cari mövsümdə bütün turnirlərdə 50 oyunda meydana çıxıb. O, bu matçlarda 21 qola və 14 məhsuldar ötürməyə imza atıb.
Futbolçunun Madrid klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Onun transfer dəyəri isə 150 milyon avro qiymətləndirilir.