Ermənistanın keçmiş prezidenti Robert Köçəryan növbəti dəfə revanşist və təhlükəli açıqlamaları ilə gündəmə gəlib. Uzun illər regionu qan və savaş siyasəti ilə idarə edən, Ermənistanı dalana sürükləyən Köçəryan indi də Azərbaycan-Ermənistan normallaşması və sülh prosesini hədəfə alan çıxışlar edir.
Musavat.com xəbər verir ki, son 30 ildən artıq müddətdə Cənubi Qafqazda baş vermiş müharibələrin, qarşıdurmaların, işğal siyasətinin və Ermənistanın fəlakətli vəziyyətə düşməsinin əsas məsul şəxslərindən biri məhz Robert Köçəryandır. Ermənistanı “müharibə partiyası”nın ideologiyası ilə idarə edən bu siyasi xətt ölkəni həm iqtisadi, həm siyasi, həm də mənəvi uçuruma sürükləyib. Bu gün də həmin dairələr öz məğlubiyyətlərindən nəticə çıxarmaq əvəzinə, revanşist çağırışlarla regionu yenidən gərginliyə aparmağa çalışırlar.
Şərti və simvolik mənada “sülh partiyası” və “müharibə partiyası” kimi xarakterizə olunan bu qarşıdurmada Köçəryan yenidən köhnə ritorikasına qayıdaraq Paşinyanı hədəfə alıb və onu “xəyanətkar” obrazında təqdim etməyə çalışıb. Əslində isə Köçəryanın bu çıxışları Paşinyandan “xoxan” düzəltmək, Ermənistan cəmiyyətində qorxu və revanşizm hisslərini yenidən dirçəltmək məqsədi daşıyır.
Köçəryan bildirib ki, Ermənistan vaxtilə “Dağlıq Qarabağı” müstəqil dövlət kimi tanımayıb, çünki danışıqlar prosesi onların maraqlarına uyğun gedirdi. Onun sözlərinə görə, Madrid prinsipləri Ermənistan üçün tam əlverişli idi və ABŞ, Rusiya, Fransa “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsini” dəstəkləyirdi.
Keçmiş prezident iddia edib ki, Laçın dəhlizi ayrıca məsələ kimi qəbul edilirdi və referendumda faktiki olaraq yalnız erməni əhalisinin iştirakının Minsk qrupunun həmsədrlərinə qəbul etdirildiyini bildirib.
Köçəryan Paşinyanı da tənqid edərək deyib ki, məhz onun siyasəti nəticəsində Minsk qrupunun həmsədrləri belə prosesə təsir göstərə bilməyib.
O, həmçinin TRIPP layihəsinin indiki şərtlərlə Ermənistana ciddi fayda vermədiyini bildirib. Köçəryanın sözlərinə görə, Ermənistan bu layihədən cəmi 24 faiz gəlir əldə edir və təhlükəsizlik təminatı mövcud deyil.
Lakin siyasi müşahidəçilər hesab edir ki, Köçəryanın bu çıxışlarının əsas məqsədi regionda son dövrlər formalaşmağa başlayan qarşılıqlı anlaşma mühitini zədələməkdir. Xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin sürətlənməsi, sülh sazişi istiqamətində aparılan danışıqlar və 8 avqust 2025-ci ildə Amerikada baş tutmuş paraflanma prosesi “müharibə partiyası”nı ciddi şəkildə narahat edir.
Ekspertlərə görə, TRIPP layihəsi, kommunikasiya xətlərinin açılması, regional inteqrasiya və iqtisadi əməkdaşlıq perspektivləri Ermənistan üçün yeni imkanlar yaratsa da, Köçəryan kimi siyasətçilər bu prosesi sabotaj etməyə çalışırlar. Çünki sülh və normallaşma onların illərlə qurduğu qorxu və düşmənçilik siyasətinin iflası deməkdir.
Köçəryan Ermənistanın Avropa İttifaqına üzvlük perspektivini də şübhə altına alıb. O bildirib ki, Aİ Ermənistanı üzv qəbul etməyəcək və ölkə geosiyasi alətə çevrilmək riski ilə üz-üzədir.
Sabiq prezident Azərbaycanla paraflanan sülh sazişinin də Ermənistan üçün təhlükəsizlik zəmanəti yaratmadığını iddia edib. O əlavə edib ki, Paşinyan hakimiyyəti Aİ-nin təsiri ilə Rusiyanı qıcıqlandıran addımlar atır və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyindən nəticə çıxarmayıb.
Bütün bunların fonunda müşahidəçilər hesab edir ki, Robert Köçəryan yenidən Ermənistanı ayağından tutub keçmişin qaranlıq və dağıdıcı siyasətinə – yeni siyasi “cəhənnəm”ə sürükləməyə çalışır. Regionda yaranmış həssas sülh imkanlarını hədəfə alan bu revanşist ritorika isə təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün təhlükəli hesab olunur.
Musavat.com