Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Putin İrəvanın bu məsələdə mümkün qədər tez qərar verməli olduğunu bildirib.
Rusiya liderinin sözlərinə görə, bu mövzunu dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə edib.
Putin deyib ki, referendum keçirmək Ermənistanın daxili işidir, lakin məntiqli olardı ki, ölkə vətəndaşlarının fikri soruşulsun:
“Bundan sonra biz də nəticə çıxarar və qarşılıqlı faydalı, yumşaq və mədəni şəkildə yollarımızı ayırarıq”.
O vurğulayıb ki, Rusiya Ermənistan xalqı üçün faydalı olacaq hər bir addımı dəstəkləyəcək.
Putinin sözlərinə görə, erməni xalqı ilə əsrlərlə formalaşmış xüsusi münasibətlər mövcuddur və əgər bu seçim Ermənistan üçün sərfəlidirsə, Moskva buna qarşı çıxmayacaq. Bununla yanaşı, bəzi məqamların da nəzərə alınacağını bildirib.
Rusiya Prezidenti xatırladıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində ciddi üstünlüklər əldə edir və iki ölkə arasındakı ticarət dövriyyəsi azalsa da, hələ də 7 milyard dollar səviyyəsindədir.
Putin əlavə edib ki, Ukraynada baş verən hadisələr də vaxtilə Kiyevin Avropa İttifaqı ilə assosiasiya cəhdlərindən sonra başlayıb.
Musavat.com