Berlin, 9 may, AZƏRTAC
Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun təşkilatçılığı ilə Maqdeburq şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş boks turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan turnirə bir neçə ölkədən və Almaniyanın müxtəlif şəhərlərindən həvəskar boksçular qatılıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə “Odlar Yurdu” boks klubunun üzvləri uğurla çıxış ediblər. Almaniyada yaşayan soydaşlarımız turnir zamanı klubun idmançılarına fəal dəstək nümayiş etdirərək, onları qələbəyə həvəsləndiriblər.
Turnir barədə məlumat verən “Odlar Yurdu” boks klubunun rəhbəri Azad Əzizov bildirib: “Maqdeburq şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan həvəskar boks turnirində Almaniyanın bir neçə şəhərindən və Avropanın bəzi ölkələrindən idmançılar güclərini sınayırlar. Əsas məqsəd Ulu Öndərimizin xatirəsinin yad olunması, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idmana və boksa cəlb olunması, həvəskar boksçuların inkişaf etdirilməsidir. Turnirə maraq çox böyükdür və yarışda gərgin idman mübarizəsi aparılır”.
Turnirin miqyasının gələcəkdə daha da genişləndirilməsinin nəzərdə tutulduğunu vurğulayan Azad Əzizov qeyd edib: “Ulu Öndər Heydər Əliyev Azərbaycanda dövlət idman siyasətinin əsasını qoyub. Məhz Ümummilli Liderin idmana diqqət və qayğı siyasəti nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenada mühüm qələbələr qazanırlar. Biz də bu yarışların gələcəkdə daha çox və geniş miqyasda keçirilməsinə, bu turnirlərdə Azərbaycan idmançılarının da mübarizə aparmasına çalışacağıq”.