"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 31-ci turunda "Qəbələ" ilə baş tutan matçdan (1:1) sonra oyun barədə fikirlərini bölüşüb...
Poliqon xəbər verir ki, baş məşqçi çətin səfər matçını şərh edərək rəqibin nümayiş etdirdiyi oyunu və xarakteri yüksək qiymətləndirib:
"Uzaq səfərdə komandanı tək qoymadıqları üçün azarkeşlərimizə təşəkkür edirəm. Futbolçularımız tam gücləri ilə oynadılar və onlara iradım yoxdur. Bu oyunda qalib də gələ bilərdik, məğlub da ola bilərdik. İntizamlı və döyüşkən bir komanda ilə heç-heçə etdik. Hesab edirəm ki, "Qəbələ" həm nümayiş etdirdiyi oyuna, həm də xarakterinə görə turnir cədvəlində bəlkə də daha yaxşı yerlərdə olmalı idi. Kaxaber Sxadadze burada yaxşı sistem qurub. Artıq çempionatın sonuna yaxınlaşmışıq, istər-istəməz həm fiziki, həm də psixoloji yorğunluq futbolçulara öz təsirini göstərir. Qarşıda hələ iki oyunumuz var və həmin matçlara çox ciddi hazırlaşmalıyıq. Düşünürəm ki, qeydə alınan nəticə oyuna görə idi. Hər iki komandaya gələcəkdə uğurlar arzulayıram".
Mütəxəssis 90 dəqiqə ərzində heyətdə heç bir dəyişiklik etməməsinin səbəblərinə də aydınlıq gətirib:
"Əslində, sona yaxın dəyişikliklər etməyi düşündük. Lakin ehtiyat etdik ki, meydandakı oyun sistemi pozula bilər. Həm də belə havada sonradan oyuna daxil olan futbolçularda adətən nəfəsalmada çətinliklər yaranır. Ümumiyyətlə, səfər komandaları üçün Qəbələdə oynamaq həmişə çətin olub. Sona kimi oyunun ritmini pozmamağa çalışdıq. Rəqib tam qapanmışdı. Sürətə o qədər də böyük ehtiyac yox idi. İstədik ki, meydandakı futbolçularımız 90 dəqiqə ərzində oyunun gərginliyini tam hiss etsinlər".
Sonda o, ölkə kubokunda "Sabah"la matçda yaşananlara görə AFFA İntizam Komitəsinin verdiyi ağır cəzalarla bağlı verilən sualı cavablandıraraq qərarı qəbul etdiklərini bildirib:
"Bununla bağlı əlavə deyəcək bir söz yoxdur, belə qərar veriblər. Əgər aqressiv hərəkətimiz olubsa, özümüzü hansısa epizoda görə haqlı çıxara bilmərik. Çünki oyunçularımız orada aqressiv hərəkətlərə yol verib, hakimə təzyiq göstəriblər. Qərar verilib və biz də bu qərarla razılaşmalıyıq". (qol.az)
Poliqon.info