“Azərbaycanda ər-arvadın bir-birinə məxsus avtomobili yalnız nikah şəhadətnaməsi ilə idarə etməsi mümkün deyil. Nikah haqqında şəhadətnamə tərəflərə avtomobili idarə etmək hüququ vermir”
Bu fikirləri KONKRET.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov səsləndirib.

Fuad Məmmədov
“Ər-arvad bir-birinin avtomobilini nikah haqqında şəhadətnamə əsasında idarə edə bilməz. Bunun üçün tərəflərdən biri digərinə nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən olunan qaydada təsdiqlənmiş etibarnamə verməlidir”.
Vəkil qeyd edib ki, etibarnamə olmadığı halda da müəyyən istisna mövcuddur.
“Belə ki, ər və arvad nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməyə malikdirsə, həmin sənəd əsasında avtomobili idarə edə bilərlər. Sürücülər bu məsələdə qanunvericiliyin tələblərinə diqqətlə yanaşmalı, mümkün hüquqi problemlərlə qarşılaşmamaq üçün lazımi sənədləri əvvəlcədən rəsmiləşdirməlidirlər”.
Aynurə İsmayıl
KONKRET.az