AZ

Rusiya iyunun 7-də Paşinyanı devirmək istəyir - Gizli sənəd yayıldı

BAKI, 9 may. TELEQRAF

İsveçin müstəqil jurnalistika platforması “Blankspot” Rusiyanın Ermənistana dair gizli sənədini dərc edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“2026-cı il üçün Paşinyan əleyhinə İş Proqramı” adlı sənəddə Moskvanın iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində mövcud hakimiyyəti necə devirməyi planlaşdırdığı ətraflı izah olunur.

Sənədə görə, Rusiyanın əsas məqsədi qarşıdan gələn seçkiləri Baş nazir Nikol Paşinyana qarşı “etimadsızlıq referendumu”na çevirməkdir. Qeyd edilir ki, Rusiya Ermənistan Baş nazirini siyasi nüfuzdan salmaq və hökumətin ictimai rəyə təsirini məhdudlaşdırmaq üçün əlindən gələni etməyi planlaşdırıb.

Sənəddə Moskvanın hansı müxalifət qüvvəsinə üstünlük verdiyi göstərilməsə də, ictimai rəyə təsir etmək üçün müvafiq vasitələrə əl atmasına diqqət çəkilir.

Sosial şəbəkələrdə rusiyapərəst tezislərin həcmini üç dəfə artırmaq, gündə 1 milyon baxış sayını 3 milyona çatdırmaq planlaşdırılıb. Rusiyapərəst rəy liderlərinin sayı da 15-dən 40-a qədər artırılmalıdır. Bundan əlavə, onlardan ən fəallarının müxalifət partiyalarının seçki siyahılarına daxil edilməsi təklif olunur.

Sənəddə həmçinin sosial mediada qondarma bayraq və hakim partiya fəallarına qarşı əlaqələndirilmiş rəy kampaniyalarının aparılması, eləcə də seçki kampaniyası zamanı eksklüziv məzmun hazırlamaq üçün xüsusi qrupların yaradılması qeyd olunur.

“Blankspot” bildirir ki, sənəd Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olan bir şəxsin haker hücumu nəticəsində ələ keçirilib. Bu şəxs Ermənistanda keçirilən tədbirlərdə fəal iştirak edib, müxalifətçilərlə görüşüb və ictimaiyyəti Ermənistanın Rusiyadan üz döndərərək dağıdıcı yol tutduğuna inandırıb.

Xatırladaq ki, rəsmi İrəvan Rusiyadan hibrid təhdidlərlə mübarizədə kömək üçün 2025-ci ilin dekabr ayında Avropa İttifaqına müraciət edib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas əvvəllər Moldovada sabitliyi pozmağa çalışan eyni şəbəkələrin Ermənistanda fəaliyyət göstərdiyini təsdiqləyib.

Aprel ayında “Meta” Ermənistanda fəaliyyət göstərən təxminən 70 saxta səhifə və hesabı bağlayıb. Həmçinin Rusiya rəsmiləri dəfələrlə Ermənistan vətəndaş cəmiyyətini Moskva əleyhinə təbliğat aparmaqda günahlandırıb.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Rusiyanın Ermənistanda həyata keçirdiyi fişinq hücumlarına da diqqət çəkiblər. Ekspertlər xəbərdarlıq edirlər ki, Kremlin taktikaları klassik təbliğat deyil, cəmiyyətdə inamsızlıq, qütbləşmə və ümidsizlik toxumu səpməyə yönəlmiş sosialyönümlü mühəndislik işidir.

Seçilən
19
4
teleqraf.com

5Mənbələr