AZ

Yeni strateji əməkdaşlığın müasir inkişaf modeli ŞƏRH

ain.az, Ses qazeti portalına istinadən məlumat verir.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın davamlı inkişafı qarşılıqlı etimad, siyasi dialoq və ortaq strateji maraqlar üzərində formalaşır. Bu baxımdan Azərbaycan ilə İtaliya arasında qurulan münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələrək çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilmişdir. Siyasi, iqtisadi, enerji, humanitar və texnoloji sahələri əhatə edən bu əməkdaşlıq modeli tərəflərin uzunmüddətli maraqlarına əsaslanmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlıq baxımından da mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi praqmatik və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş mövqeyi daha da möhkəmlənmiş, İtaliya ilə münasibətlər isə strateji xarakter almışdır. Qarşılıqlı hörmət və etibarlılığa əsaslanan bu əlaqələr iki dövlət arasında siyasi dialoqun intensivləşməsinə və əməkdaşlıq istiqamətlərinin genişlənməsinə əlverişli zəmin yaratmışdır.

Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuş, 1997-ci ildə qarşılıqlı səfirliklərin fəaliyyətə başlaması ilə əlaqələr institusional əsasda inkişaf etməyə başlamışdır. Ümummilli lider Heydər Əliyevin həmin ildə İtaliyaya etdiyi rəsmi səfər ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Sonrakı dövrdə qarşılıqlı yüksək səviyyəli səfərlər və siyasi təmaslar münasibətlərin davamlı şəkildə dərinləşməsinə səbəb olmuşdur. Xüsusilə İtaliya Prezidenti Sergio Mattarellanın Azərbaycana, Prezident İlham Əliyevin isə İtaliyaya rəsmi səfərləri əməkdaşlığın strateji məzmununu daha da gücləndirmişdir. 2020-ci ildə Romada imzalanmış strateji tərəfdaşlıq sənədi isə hüquqi və siyasi əməkdaşlıq mexanizmlərini yeni mərhələyə yüksəltmişdir.

Enerji sektoru Azərbaycan–İtaliya münasibətlərinin əsas istiqamətlərindən biri olaraq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir İtaliyanın əsas enerji tərəfdaşlarından biri kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi strateji əhəmiyyətə malikdir. Layihə Azərbaycan qazının Avropa bazarına, xüsusilə İtaliyaya təhlükəsiz və fasiləsiz nəqlini təmin etməklə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olması və yüksək ticarət dövriyyəsi iqtisadi əməkdaşlığın miqyasını və səmərəliliyini aydın şəkildə nümayiş etdirir.

İqtisadi əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı investisiyalar tərəflər arasında formalaşmış qarşılıqlı etimadın mühüm göstəricilərindən biridir. Eyni zamanda, İtaliya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələrində iştirakı əməkdaşlığın praktik və uzunmüddətli xarakter daşıdığını göstərir. Bu layihələr şəhərsalma, infrastrukturun yenilənməsi və tarixi-mədəni irsin qorunması istiqamətlərini əhatə edir.

Humanitar sahədə əməkdaşlıq da Azərbaycan–İtaliya münasibətlərinin mühüm komponentlərindən biridir. Təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən layihələr iki xalq arasında qarşılıqlı anlaşmanın və humanitar əlaqələrin güclənməsinə xidmət edir. Heydər Əliyev Fondu tərəfindən İtaliya və Vatikan ərazisində həyata keçirilən mədəni irsin bərpası layihələri bu əməkdaşlığın beynəlxalq humanitar müstəvidə uğurlu nümunələrindən hesab olunur.

Son illərdə münasibətlər yüksək texnologiyalar, sənaye, nəqliyyat və hərbi-texniki əməkdaşlıq kimi yeni istiqamətlər üzrə də genişlənməkdədir. Xüsusilə Orta Dəhliz çərçivəsində həyata keçirilən təşəbbüslər Azərbaycan və İtaliyanın Avropa ilə Asiya arasında mühüm logistika və ticarət bağlantısı rolunu daha da gücləndirir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır.

2026-cı il mayın 4-də Bakıda Prezident İlham Əliyev ilə İtaliyanın Nazirlər Şurasının sədri Giorgia Meloni arasında keçirilən görüş də tərəflər arasında strateji dialoqun davamlı inkişaf etdiyini bir daha təsdiqləmişdir. Görüş zamanı əməkdaşlığın perspektiv istiqamətləri, iqtisadi və enerji layihələri, həmçinin regional təhlükəsizlik məsələləri geniş şəkildə müzakirə olunmuşdur.

Nəticə etibarilə, Azərbaycan–İtaliya münasibətləri müasir dövrdə qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli strateji tərəfdaşlıq modeli kimi çıxış edir. Siyasi etimad, enerji əməkdaşlığı, iqtisadi inteqrasiya və humanitar əlaqələrin paralel inkişafı bu münasibətlərin dayanıqlı xarakterini təmin edir. Mövcud əməkdaşlıq modeli gələcək dövrdə də regional sabitliyin və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə vermək potensialına malikdir.

Teymurşah İşıqov

YAP Xaçmaz rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
sesqazeti.az

1Mənbələr