Naxçıvan, 9 may, AZƏRTAC
Naxçıvan şəhərində fəaliyyət göstərən Hərbi Lisey 1998-ci ildə fəaliyyətə başlayıb. 2004-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Hazırda liseyin 5000-dən artıq məzunu quru qoşunları və digər qoşun növləri üzrə zabit vəzifələrində xidmət edir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində hərbi liseyin rəis müavini polkovnik Ceyhun Rüstəmov deyib.
O qeyd edib ki, liseyin məzunları 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən Günnüt əməliyyatında, 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror əməliyyatlarında iştirak ediblər. Məzunlardan 96 nəfər şəhidlik zirvəsinə ucalıb. Onlardan 4-ü Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb ki, həmin şəxslərdən 1-i şəhiddir.
"Hazırda liseyimizin məzunları Silahlı Qüvvələrin müxtəlif qoşun növlərində mühüm vəzifələrdə xidmət edir, zabit peşəsini şərəflə yerinə yetirirlər", - deyə hərbi liseyin rəis müavini əlavə edib.
Müxbir- Nail Əsgərov