AZ

Xalqa bağışlanan ömür

Lənkəran, 9 may, AZƏRTAC

Lənkəranda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri, eləcə də ictimaiyyət üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən natiqlər Ümummilli Liderin Azərbaycanın siyasi, iqtisadi, diplomatik, hərbi, sosial, hüquqi və mədəni inkişafındakı müstəsna xidmətlərindən danışıblar. Bildirilib ki, məhz Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyası Azərbaycanın həm daxildə, həm də beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndərin dövlətçilik ideyaları bu gün də uğurla davam etdirilir. Qeyd olunub ki, həmin siyasi kursun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir və onun rəhbərliyi ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.

Rəsmi çıxışlardan sonra konsert proqramı təqdim olunub.

Müxbir- İlkin Adıyev
Seçilən
16
azertag.az

1Mənbələr