Hərbi Prokurorluq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirib.
Hərbi Prokurorluğun Mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilən “Ulu Öndər irsi və milli hərbi təhsilin inkişaf yolu” adlı tədbirin əvvəlində liseydəki “Heydər Əliyev muzeyi” ziyarət olunub.
Hərbi prokuror Bəhruz Əhmədov tədbirdə çıxış edərək, Azərbaycan tarixində ilk dəfə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətçi kimi 1971-ci ildə sovet totalitarizminin çətinliklərinə baxmadan Azərbaycanın hərbi gələcəyinin əsası olan Cəmşid Naxçıvanski adına hərbi liseyini yaratması və milli hərbi təhsilin inkişaf yolu barədə geniş məlumat verib.
Vurğulanıb ki, bu məktəbin məzunları və onların davamçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərib. Ümumi Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillərə nümunə olacaq.
Hərbi liseyin kursantları çıxışlarında Ulu Öndərin əsasını qoyduğu təhsil müəssisəsində təhsil almaqdan qürur hiss keçirdiklərini bildirib, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevə sədaqətlə xidmət edəcəklərinə söz veriblər.
Tədbirin sonunda xidmətdə fərqlənən kursantlara hədiyyələr təqdim edilib və təhsildə uğurlar arzulanıb.