AZ

Şahlar Vəliyev işdən çıxarıldı - Saleh Məmmədovun kadrıdır

AAYDA-da növbəti kadr dəyişikliyi diqqət çəkib. Qurumun tabeliyində fəaliyyət göstərən “19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən uzaqlaşdırılıb.

Rəsmi səbəb kimi onun təqaüd yaşına çatması göstərilsə də, son aylarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində aparıldığı deyilən daxili yoxlamalar, xüsusilə də keçmiş sədr Saleh Məmmədov dövrünə aid maliyyə və idarəetmə məsələləri fonunda bu dəyişiklik müxtəlif suallar doğurub.

Məlumata görə, əmri AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirli imzalayıb. Şahlar Vəliyevin yerinə rəhbərlik İntiqam Həsənova həvalə olunub.

Şahlar Vəliyev uzun illər dövlət strukturlarında çalışmış fiqur kimi tanınırdı. O, 2011-2018-ci illərdə Yevlax Telekommunikasiya İdarəsinin rəisi olub, 2018-ci ilin martından isə “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik edib. Onun adı daha çox Azərbaycanın sabiq hərbi prokuroru, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyev ilə qardaş münasibətlərinə görə gündəmə gəlirdi.
Son dövrlərdə AAYDA ətrafında korrupsiya iddiaları və maliyyə pozuntuları ilə bağlı yayılan məlumatlar isə diqqət mərkəzindədir. Xüsusilə Saleh Məmmədov dönəmində həyata keçirilmiş yol layihələri, tender bölgüsü, dövlət vəsaitlərinin xərclənməsi və rayon yol idarələrinin fəaliyyəti ilə bağlı müxtəlif səviyyələrdə araşdırmalar aparıldığı barədə məlumatlar dolaşır.

Rəsmi qurumlar hələlik genişmiqyaslı korrupsiya işi barədə açıq açıqlama verməsələr də, agentlik daxilində ardıcıl kadr dəyişiklikləri müşahidə olunur. Bu isə ictimaiyyətdə “yol təsərrüfatında böyük təmizləmə başlayıb?” sualını gündəmə gətirir.

Qeyd edək ki, son illər Azərbaycanda dövlət qurumlarında korrupsiyaya qarşı aparılan əməliyyatlar bir sıra yüksək vəzifəli şəxslərin həbsi və vəzifədən uzaqlaşdırılması ilə nəticələnib. Bu baxımdan AAYDA ətrafında baş verənlərin də təkcə adi kadr dəyişikliyi olmadığı ehtimalları müzakirə olunur.

 

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr