AZ

Heydər Əliyev fenomeni: siyasi portretin miqyası və şəxsiyyətin missiyası

(əvvəli qəzetin 7 və 8 may 2026-cı il tarixli saylarında)

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin mübarizəsinin və ideallarının zirvəsi ölkəmizdə dövlət müstəqilliyinin qazanılmasından ibarətdir. Ulu öndər ən müxtəlif münasibətlərdə öz nitqlərində müstəqil dövlətçiliyin qurulmasını Azərbaycan xalqının tarixi nailiyyəti olduğunu qeyd etmiş, dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini ən vacib məsələ kimi qarşıya qoymuşdur. Lakin çox təəssüf ki, XX əsrin doxsanıncı illərinin başlanğıcında hakimiyyətə gəlmiş Əbülfəz Elçibəy və Ayaz Mütəllibov Azərbaycan Respublikasının ərazi bütövlüyünü, ictimai-siyasi sabitliyi qoruyub saxlaya bilməmişlər. Erməninin təcavüzü nəticəsində Qarabağda və ətraf rayonlarda Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmuşlar. Nəticədə, 1 milyona yaxın Azərbaycan əhalisi məcburi köçkün və qaçqın kimi Bakı şəhərinə və Azərbaycanın rayonlarına səpələnməli olmuşlar. Çox təəssüf ki, Birləşmiş Millətlər Təşkilatının Ermənistan hərbi birləşmələrinin Qarabağda Azərbaycan ərazilərindən çıxması haqqındakı qətnamələri yerinə yetirilməmiş şəkildə qalmışdır. Beləliklə, respublikada ciddi hərbi-iqtisadi böhran yaranmış, ictimai-siyasi sabitlik pozulmuşdur. Bir-birini əvəz edən AXCP-Müsavat cütlüyünün “rəhbərləri” və Ayaz Mütəllibov Azərbaycan Respublikasını düşdüyü bu ağır vəziyyətdən çıxarmaq imkanlarına və səriştəsinə malik deyildilər. Belə bir çətin, hərtərəfli böhran şəraitində Azərbaycan xalqının dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən çıxara biləcək yeganə qüvvə görkəmli dövlət xadimi, böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev idi.

Azərbaycanın tanınmış ziyalıları 1991-1992-ci illərdə Bakıdan Naxçıvana gələrək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevlə görüşmüş, onun xalq və dövlət naminə, müstəqil dövlətçiliyin itirilmək təhlükəsindən xilas edilməsi üçün yenidən siyasi hakimiyyətə qayıtmasını xahiş etmişlər. Yüksək dövlət vəzifəsi tutmaq niyyətində olmadığını bildirən Heydər Əliyev hər dəfə bu təklifləri qəbul etməmişdir. Lakin Qarabağda və ətraf rayonlarda Azərbaycan torpaqlarının itirilməsinin davam etdirilməsi, Azərbaycanın müstəqil dövlətçiliyinin real təhlükə ilə üz-üzə qalması Ulu öndərin Yeni Azərbaycan Partiyasını yaratmağa razılıq verməsinə səbəb olmuşdur. Azərbaycanın 91 nəfər tanınmış ziyalılarının 16 oktyabr 1991-ci il tarixdə “Səs” qəzetində çap etdirdiyi “Azərbaycan sizin sözünüzü gözləyir” adlı müraciətinə Heydər Əliyev “Yeni müstəqil Azərbaycan uğrunda” adlı məqaləsi ilə müsbət cavab vermişdir.

“Azərbaycan Sizin yolunuzu gözləyir” adlı məqalədə ölkənin tanınmış ziyalıları siyasi və elmi cəhətdən əsaslandırılmış şəkildə qazanılmış dövlət müstəqilliyinin itirilməməsi naminə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasının zəruri olduğunu bəyan edirdilər: “Mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir... Dünənə kimi küçə və meydanlarda demokratiyadan danışanlar demokratiyanın nə demək olduğunu dərk etmirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün istifadə edirlər... Respublikanın olan-qalan iqtisadi potensialı dağılır, təbii sərvətlərimiz talan olunur. Gələcəyə ümidsizlikdən yüzlərlə ziyalı, yüksəkixtisaslı kadrlar ölkəni tərk edirlər. Siyasi partiyalar arasında, sözün əsl mənasında, geniş xalq kütlələrinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən adamları birləşdirə biləcək, beynəlxalq və respublika həyatının bütün sahələrindən tam və yetkin məlumatlı olan güclü lider yoxdur. “Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq versəniz, Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Görkəmli dövlət xadimi Heydər Əliyev respublikada yaranmış ağır vəziyyəti, xüsusən dövlət müstəqilliyinin itirilmə təhlükəsinin olduğunu nəzərə alaraq, 6 noyabr 1992-ci il tarixdə “Səs” qəzetində çap edilmiş “Yeni müstəqil Azərbaycan uğrunda” adlı məqaləsində müstəqil dövlətçilik naminə belə bir partiyanın işində iştirak etməyə hazır olduğunu bildirmişdir: “Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərinə biganə olmağa heç kəsin haqqı yoxdur. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya, siyasi və plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurtdən doğur.

Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə bir partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram”.

Beləliklə, 21 noyabr 1992-ci ildə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilmiş təsis qurultayında Yeni Azərbaycan Partiyasının yaradıldığı elan edilmiş, partiyanın Proqramı və Nizamnaməsi qəbul olunmuş və ən başlıcası görkəmli dövlət xadimi Heydər Əliyev açıq səsvermə yolu ilə bu siyasi partiyanın sədri seçilmişdir. Bu hadisə müstəqillik dövründə Azərbaycan cəmiyyətində böyük dəyişikliklərin başlanğıcı olmuşdur. Doğrudan da “Yeni Azərbaycan Partiyasının əbədiyaşar ideoloqu Heydər Əliyevin yaratdığı partiya zamanın bütün keşməkeşlərindən şərəflə çıxaraq özünün xalqa bağlılığını, dünənin, bugünün və sabahın partiyası olduğunu təsdiq etmişdir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə yaratdığı əlaqələrdə Naxçıvanın erməni işğalından xilas edilməsində və sosial iqtisadi inkişafında mühüm rol oynamışdır. Muxtar respublikanın rəhbəri kimi Heydər Əliyev Türkiyə və İrana səfərlər etmiş, danışıqlar aparmış, müvafiq sənədlər imzalamışdır. Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin 28 may 1992-ci il tarixdə Naxçıvana gəlməsi beynəlxalq əhəmiyyətə malik mühüm tarixi hadisə idi. Həmin gün Naxçıvan MR-in Sədərək kəndində Naxçıvanla Türkiyə arasında salınmış “Ümid körpüsü”nün açılışı olmuş və bu münasibətlə körpünün üstündə keçirilmiş izdihamlı mitinqdə Süleyman Dəmirəl və Heydər Əliyev tarixi nitq söyləmişlər.

Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 16 dekabr 1992-ci il tarixdə imzaladığı “Dünya Azərbaycanlıların Həmrəylik Gününün təsis edilməsi haqqında”kı sərəncamı da mühüm siyasi-tarixi əhəmiyyətə malik olan hadisədir. Məhz bu tarixi sərəncamla ölkəmizdə dünya azərbaycanlıları anlayışı təkrar formalaşmış və böyük hərəkata çevrilmişdir.

Fəaliyyətinin bütün dövrlərində Azərbaycan ziyalılığının inkişafına böyük dəstək vermiş Heydər Əliyev həyatının Naxçıvan mərhələsində də elm, təhsil və mədəniyyətin tərəqqisi naminə əhəmiyyətli addımlar atmışdır. Azərbaycan ədəbiyyatının romantik korifeyi Hüseyn Cavidin 110 illik yubileyinin Naxçıvanda təntənə ilə qeyd olunması, yerli yazıçıların dram əsərlərinin Naxçıvan teatrında tamaşaya qoyulması, elm, ədəbiyyat və incəsənət xadimləri ilə keçirdiyi görüşlər, “Şərq qapısı” qəzetinin fəaliyyətinə dəstək verilməsi Ulu öndərin cəmiyyətin inkişafında ziyalı faktorunun inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğının ifadəsi idi. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1992-ci ildə iki dəfə Naxçıvan Dövlət Universitetində olması, professor-müəllim heyəti və tələbələrlə keçirdiyi görüşlər muxtar respublikada müstəqllik dövründə yeni ziyalı nəsillərinin formalaşdırılması sahəsində atdığı əhəmiyyətli addımlar idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin 11 oktyabr 1992-ci ildə Naxçıvan Dövlət Universitetində “Bazar iqtisadiyyatına keçid şəraitində iqtisadi əlaqələrin və sərhədyanı ticarətin təşkili” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda iştirakı və dərin məzmunlu nitq söyləməsi regionda bazar iqtisadiyyatının keçid dövrünün siyasi-iqtisadi əsaslarının və strategiyasının bəyanatına çevrilmişdir. Bundan başqa, ulu öndər Heydər Əliyevin 12 noyabr 1992-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin 25 illiyinə həsr edilmiş yubiley mərasimində iştirak etməsi və müstəqillik dövründə ölkəmizin elm və təhsil siyasətinin əsas istiqamətləri və vəzifələri haqqında böyük uzaqgörənliyin ifadəsi olan praqmatik məzmunlu nitqlə çıxış etməsi geniş mənada yeni tarixi mərhələyə qədəm qoymuş Azərbaycan Respublikasında bu sahədəki həlli zəruri olan problemlərin cəmiyyətin diqqətinə çatdırılmasına xidmət etmişdir.

Heydər Əliyevin yubiley mərasimində səsləndirdiyi aşağıdakı fikirlər Naxçıvan Dövlət Universitetinin timsalında yeni müstəqillik qazanmış Azərbaycanıda ali təhsil sahəsinin yenidən qurulmasının əsas istiqamətlərini diqqət mərkəzinə çəkməyə çağırışın ifadəsi idi: “İndi Azərbaycan bir müstəqil dövlət kimi dünyanın hər bir ölkəsi ilə müstəqil əlaqə yaratmağa və bu əlaqələrdən öz ölkəsinin, öz dövlətinin gələcək inkişafı üçün istifadə etməyə malik olan bir dövlətdir. Bu baxımdan Naxçıvan Dövlət Universiteti indi sərbəst bir ali məktəbdir. Onun Azərbaycanın bütün ali məktəbləri ilə əlaqələri inkişaf etdirməyə daha da əlverişli şəraiti var və eyni zamanda, dünyanın bütün ölkələri ilə, orada olan ali məktəblərlə, elm mərkəzləri ilə... əlaqə saxlamağa imkanları vardır. Çox yaxşı işhaldır ki, artıq bu barədə müəyyən addımlar atılıb, qonşu İran İslam Respublikası, Türkiyə Cümhuriyyətinin ali təhsil ocaqları ilə, elmi mərkəzləri ilə Naxçıvan Dövlət Universiteti arasında müəyyən əlaqələr yaranıb və bu gün Naxçıvan Dövlət Universitetinin bu yubiley mərasimində İran İslam Respublikasının və Türkiyə Cümhuriyyətinin ali məktəblərinin iştirakı buna sübutdur. Sizi əmin edə bilərəm ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabineti bu sahədə Naxçıvan Dövlət Universitetinin fəaliyyətinə lazımi köməklik edəcək və lazım olan şəraiti yaradacaqdır.

...Bizim tövsiyələrimiz ondan ibarət olacaqdır ki, siz müstəqil Azərbaycanın və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında daha da fəal iştirak edəsiniz və öz işinizi yeni tələblər üzərində qurasınız!”

Bütövlükdə, Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü həm Ulu öndərin tərcümeyi-halında və həm də Azərbaycanın siyasi inkişafında xüsusi yer tutur. Həqiqətən də, “Müdrik siyasi xadimin Naxçıvanda yaşayıb-işlədiyi dövrdə qəbul etdiyi dövlət əhəmiyyətli və cəsarətli qərarlar, həyata keçirdiyi islahatlar Azərbaycanda milli dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm siyasi və tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi dövrdə bütün Azərbaycan xalqı və Vətən üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik nümayiş etdirmişdir”.

XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanda iqtidarda olan AXCP-Müsavat hakimiyyəti səriştəsiz və təcrübəsiz insanlardan təşkil olunduğu üçün, ölkəni idarə etmək qabiliyyətində ola bilməmişdir. Ölkədə nüfuzu ilə heç vaxt seçilməmiş Ayaz Mütəllibovun və ümumiyyətlə, dövlətçilik təcrübəsi olmayan Əbülfəz Elçibəyin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1991-1993-cü illərdə ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində dərin böhran vəziyyəti yaranmışdır. Hətta gənc Azərbaycan Respublikası dövlətçiliyi itirilmək təhlükəsi ilə üz-üzə qalmışdır. 1993-cü il may ayının əvvəllərində Surət Hüseynovun himayəsində olan ordu birləşmələri və onun tərəfdarları üsyan qaldıraraq, Gəncə şəhərində və ətraf ərazilərdəki bəzi dövlət orqanlarını ələ keçirmişlər. Ölkə vətəndaş müharibəsi təhlükəsi vəziyyətində idi. Belə bir məsuliyyətli və ağır dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev Azərbaycan Respublikasının o zamankı rəhbərləri tərəfindən dövlət vəzifəsi tutmaq üçün Bakı şəhərinə dəvət olunmuşdur. Eyni zamanda, Azərbaycan xalqı, həm Bakı şəhərində, həm də bir çox rayonlarda mitinqlər keçirərək, Heydər Əliyevin paytaxta gəlib, ölkəmizi yaranmış çətin və mürəkkəb vəziyyətdən qurtarmasını təkidlə tələb edirdi. Böyük təcrübəyə malik olan Heydər Əliyev baş vermiş qiyam nəticəsində dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması naminə 9 iyun 2013-cü il tarixdə xalqın tələbi ilə Bakıya gəlmişdir. O, yaranmış hərbi-siyasi vəziyyətlə yerində tanış olmaq üçün çətin şəraitdə əvvəlcə qiyamın baş verdiyi Gəncə bölgəsinə getmiş, orada zəruri danışıqlar apardıqdan sonra Azərbaycan Respublikasının Milli Məclisində çıxış edərək əsl həqiqət və çıxış yolları haqqında Azərbaycan xalqına məlumat vermişdir. Mövcud iqtidarın rəhbərləri istefaya getdiklərini elan etmişlər.

Görkəmli dövlət xadimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilmişdir. Heydər Əliyevin həmin gün Azərbaycan Parlamentindəki nitqində ölkəmizin dövlət müstəqilliyinin qoruyub saxlanılması və inkişaf etdirilməsi haqqında aşağıdakı qətiyyətli bəyanatlar səsləndirilmişdir: “Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətlərin əsarəti altına düşməyəcəkdir”.

Cəmi bir neçə gün sonra, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy Bakı şəhərini tərk edərək təyyarə ilə Naxçıvana uçmuş, oradan da doğulduğu Kələki kəndinə getmişdir. Heydər Əliyev 24 iyun 1993-cü il tarixdən etibarən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini də həyata keçirməyə başlamışdır. Azərbaycan Respublikasının Milli Məclisinin “Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında Ümumxalq Səsverməsinin (Referendumun) keçirilməsi haqqında”kı 29 iyul 2013-cü il tarixli qərarına əsasən bir ay sonra, 29 avqust 1993-cü ildə keçirilmiş referendumda vəzifəsini tərk etmiş prezidentə etimad göstərilməməsinə səs verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini yerinə yetirən Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində ölkəmizin cənub bölgəsində süni surətdə elan edilmiş “talış-muğan respublikası” tərkisilah edilərək ləğv olunmuşdur. İctimai-siyasi sabitliyin bərpa edilməsi, iqtisadi böhranın aradan qaldırılması üçün dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 21 sentyabr 1993-cü il tarixdə Azərbaycan Elmlər Akademiyasında ölkə ziyalıları ilə keçirdiyi görüş, apardığı müzakirə və səsləndirdiyi bəyanatlar respublikada ictimai-siyasi böhranın aradan qaldırılmasına ümid və inam yaratmış, beyin axınının qarşısını almış, akademiyanın gələcək inkişafı ilə əlaqədar narahatlıqları aradan qaldırmışdır. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, elm xadimlərindən Şəfayət Mehdiyev, Mahmud İsmayılov, Yaqub Mahmudov, Maqsud Cavadzadə, tanınmış incəsənət adamlarından Həsənağa Turabov, Fərhad Xəlilov, Amaliya Pənahova çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən böyük siyasətə və dövlət idarəetməsinə qayıdışının müstəqil dövlətimizin, xalqımızın taleyi üçün zəruri olduğunu əsaslandırmışlar. Azərbaycan xalqı 3 oktyabr 1993-cü il tarixdə keçirilmiş Prezident seçkisində görkəmli dövlət xadimi Heydər Əliyevə yekdilliklə səs vermişdir. Beləliklə, müstəqil Azərbaycan dövlətinin inkişafında yeni tarixi epoxa başlanmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil dövlətimizin itirilmək təhlükəsindən xilas edilməsi, vətəndaş müharibəsinin qarşısının alınması, ictimai-siyasi sabitliyin bərpa olunması, ölkəmizin hərbi-iqtisadi böhrandan çıxarılması və gələcək inkişafın möhkəm təməllərinin atılması dövrüdür.

Ümummilli lider Heydər Əliyevin prezidentlik dövrünün ən mühüm hadisələri aşağıdakılardan ibarətdir:

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin başçısı kimi 8-11 fevral 1994-cü il tarixlərində ilk rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etmişdir. Bu, Azərbaycan Respublikasının dövlətlərarası münasibətlərdə Türkiyə Cümhuriyyəti və Türk dünyası ilə əlaqələri ön mövqeyə çəkməsinin əyani göstəricisi idi.

(ardı var)

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti,
akademik

Seçilən
40
xalqqazeti.az

1Mənbələr