Gəncə şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, digər rəsmi şəxslər, eləcə də ictimaiyyət nümayəndələri festivalda iştirak ediblər.
İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
28 minə yaxın iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Gəncə şəhərinin memarlıq abidələrinə dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.