Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirdiyi buraxılış imtahanının nəticələri elan olunub. Nəticələrə görə, ölkə üzrə 8 nəfər maksimum nəticə göstərib. Həmin şagirdlərin 7-si Bakı və Abşeron məktəblərindən, biri isə region məktəbindəndir.
Bizim.Media xəbər verir ki, 300 ballıq maksimum nəticə ilə ölkə birincilərindən olan Zərifə Əliyeva adına Liseyin şagirdi Ramal Adıgözəlov da təəssüratlarını “trend.az” ilə bölüşüb.
O bildirib ki, imtahan nəticələrini 7727 nömrəsinə mesaj göndərərək öyrənib:
"Nəticəmi görəndə çox sevindim. Maksimum nəticə göstərəcəyimə inanırdım, amma imtahandan sonra hər şagird kimi məndə də bir az həyəcan, qorxu və inamsızlıq var idi. Sevinirəm ki, məqsədimə çatdım və ölkə birincilərindən biri oldum. Bu, çox qürurverici hissdir. Çəkdiyim zəhmətin hədər getmədiyini görmək məni xoşbəxt edir. Valideynlərimin və müəllimlərimin gözləntilərini doğrultduğum üçün ayrıca sevinc hissi keçirirəm".
Ramal Adıgözəlov bildirib ki, hələ hansı universitetdə oxumaq istədiyinə qərar verməyib:
"İmtahan suallarına gəldikdə isə düşünürəm ki, imtahanın mənası elə onun müəyyən qədər çətin olmasındadır. Əsas məsələ həmin çətinliyin öhdəsindən gəlməyi bacarmaqdır. Mən də buna nail olduğum üçün sevinirəm.
Liseyimizdə artıq doqquzuncu sinifdən etibarən şagirdlər qruplara bölünür. Mən üçüncü qrup üzrə istiqamətlənmişəm. Gələcəkdə hüquq sahəsində təhsil almağı planlaşdırıram. Hələlik konkret olaraq hansı universitetdə təhsil alacağıma qərar verməmişəm", - o, qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta