AZ

Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Telman ORUCOV

(Əvvəli ötən cümə sayımızda)

Yollar nəqliyyat və ticarət üçün öz böyük müsbət xüsusiyyətləri ilə yanaşı, mənfi xarakterli hadisələrin də yaranmasına şərait yaratmışdı. Romanın öz imperiya əraziləri həm də qorxulu xəstəliklərin - suçiçəyinin və bubon taununun yayılmasına səbəb olmuş və onlar Romaya ağır zərbə vurmuşdu. XIV əsrin ortalarında meydana gələn "Qara Ölümün" - taunun yayılmasında İpək yolu kimi, Asiyadan Avropaya gedən yollar mühüm rol oynamışdı. Yollar həm də belə qorxulu xəstəliklərin Romaya daxil olub, onu zəiflətməkdə arteriya rolunu oynamaqla, heç də kiçik səbəbə çevrilməmişdi.

İmperializm də yollar kimi müxtəlif cəhətlərə malikdir, onu da bütünlüklə neqativ xarakter daşıyan reqressin başlıca mənbəyi hesab etmək, bəlkə də, düzgün olmazdı. İmperiya ağalığı həm də müstəmləkələrdə məktəblər açmaqla, uşaqları təhsil almağa yönəltməklə, savadsızlığın hakim kəsildiyi ərazilərdə təhsil görmüş, dünyanı dərk etməyə qadir olan yeni nəsil yetişdirmişdi. İmperiya həm də əhatə etdiyi ərazilərdəki xalqlara, tayfalara öz dili timsalında, yeni ümumi xarakter daşıyan bir ünsiyyət vasitəsi vermişdi. Bundan əvvəl Afrikada qonşu yaşayan tayfalar bir-birlərinə məxsus olmayan dillərdə danışdıqlarına görə, həmsöhbətini başa düşmürdü. Afrikanın şimalında ərəb dili, başqa zonalarında zulu, bantu, yoruba dilləri yayıldığı halda, yüzlərlə digər dillər və dialektlər də mövcud idi. İmperiya ağalığının dili dövlət dilinə çevrilməklə, müstəmləkə xalqlarının müştərək ünsiyyət vasitəsinə çevrilmişdi. Çində bu rolu ümumi yazı və ədəbi dil oynamışdı. Nəhəng ərazidə yaşayan çinlilər Han xalqı adlansalar da, müxtəlif coğrafi zonalarda yaşayanlar bir-birinin dilini başa düşmürdülər. Vahid yazı sistemi və onun köməyi ilə yayılan ədəbi dil bu nəhəng xalqı, əvvəlki böyük imperiyanı, sonrakı iri sosialist dövlətini birləşdirməkdə, qoruyub saxlamaqda mühüm rol oynadı. İki min ildən artıqdır ki, vahid yazı sistemi və ədəbi dil bu nəhəng cəmiyyətin birliliyini sementləşdirməkdə əvəzsiz xidmət göstərir.

Hindistanda yaşayan və indi 1,5 milyard insanı təşkil edən xalqlar çox dillərdə danışırdılar. Hindistanın böyük hissəsi hindu, müsəlmanlar isə urdu dilində danışırdılar. Hətta Hindistandan olan Əbdül Kərim adlı cavan müsəlman, katibi kimi xidmət etdiyi Böyük Britaniya kraliçası Viktoriyaya urdu dilini öyrətməyə çalışırdı. Metropoliyanın malik olduğu ingilis dili Hindistanda dövlət dili elan edildikdən sonra, dil fərqi nisbətən aradan götürüldü və böyük xalqın savadlı əksəriyyəti ümumi bir dildə danışmağa başladı. Afrikanın şimalında da ümumi ərəb dilinin yerli dialektləri ilə yanaşı, fransız və ingilis dilləri savadlı adamlar tərəfindən geniş istifadə olunur. Qonşu Konqo respublikalarında Fransız və Belçika dili, Anqolada portuqal dili, digər ərazilərdə ingilis dili yayılmağa başladı. Əcnəbi dil yerli xalqın dilinə mane olsa da, çox sayda xalqların vahid ölkədə, müstəqillikdən sonra isə vahid dövlətdə birləşməsinə şərait yaratdı.

Bir sıra ölkələrdə imperiya sənayenin inkişafına da müəyyən köməklik göstərdi. 1910-cu ildən 1945-ci ilə qədər Yaponiyanın müstəmləkəsi olan Koreyada yaponlar sənayenin embrionunu yaratmışdılar və Cənubi Koreya bu təcrübədən istifadə edərək son 30 il ərzində inkişaf etmiş və böyük ixrac potensialına malik olan avtomobil və elektronika sənayesi yaratmışdır.

Almaniyanın İkinci Dünya müharibəsindəki ağır məğlubiyyətindən sonra milyonlara türk, işçi qüvvəsi çatışmayan Qərbi Almaniyada işləməyə getmişdi və onlar, bu praktiki "universitet" təhsilini aldıqdan sonra öz ölkələrində də sənayenin yeni sahələrinin formalaşmasına və inkişafına böyük xidmət göstərdilər. Ümumiyyətlə, istedadlı şagirdlər öz müəllimindən çox şeyi öyrəndiyindən, doğma xalqına da fayda verməyi bacarırlar.

Meydzi İnqilabından sonra yaponlar onlara tanış olmayan sahələrdə, xüsusən sənayedə və hərbi işdə böyük uğurlara sahib oldular, bunu isə onlar Avropadan və qismən ABŞ-dan götürmüşdülər.

İmperiyalar həm də çoxmillətlilikləri və multikulturizmi ilə fərqlənir. Əslində imperiya bu məqsədi birbaşa güdməsə də, metropoliya və müstəmləkə xalqlarını bir əritmə qazanında qarışdırır, lakin hakim xalq idarə edən qismində, tabe olan xalq isə asılı şəkildə olaraq qalır. Buna baxmayaraq, anlaşılmayan bir yaxınlaşma da baş verir, müstəmləkə zülmündən azad olan xalqlar işləmək və ya təhsil almaq üçün vətənlərini tərk edib, keçmiş metropoliya şəhərlərinə üz tuturlar. Niderlandda başqa miqrantlarla müqayisədə indoneziyalılar, İngiltərədə isə hindlilər və pakistanlılar çoxluq təşkil edirdilər.

Fransada isə Şimali Afrikadan gəlmiş ərəblər - əlcəzairlilər, mərakeşlilər, tunislilər başqa xalqlara nisbətən daha çoxdur.

Axı İndoneziya İkinci Dünya müharibəsinə qədər Holland Ost İndiası kimi Niderlandın müstəmləkəsi olmuşdu. 1947-ci ildə müstəqillik qazanan Hindistan və ondan ayrılan Pakistan, sonra onun Banqladeş adlanan hissəsi də daxil olmaqla bir əsrə yaxın müddətdə Böyük Britaniya imperiyasının müstəmləkəsi olmuşdu. Ona görə də həmin ölkələrdə qarışıq nikahlara az da olsa, rast gəlinir. Mançester yaxınlığındakı Viqan və Bolton şəhərlərində pakistanlılar möhtəşəm müsəlman məscidləri tikmişlər.

Keçmiş müstəmləkələrdən, Asiya ölkələrindən çıxanlar Britaniyanın və ABŞ-ın siyasi həyatında da fəal iştirak edirlər. Londonun xeyli müddət meri işləyən pakistanlı  Xan, fəhləlikdən qalxaraq, Boris Conson kimi məşhur siyasətçi olan keçmiş meri seçkilərdə məğlub etmişdi. Hindus Rişi Sunak əvvəlcə İngiltərənin maliyyə naziri, sonra isə qısa müddətdə Baş naziri olmuşdu. Amerika Birləşmiş Ştatlarında yarı hindus, yarı zənci qadını olan Kamala Harris dörd il müddətində vitse-prezident işləmişdi. Qara dərili Barak Obama 2008-ci ildə seçilməklə, ABŞ-ın iki müddətə ilk zənci prezidenti olmuşdu.

Yeni prezident Tramp qeyri-leqal miqrantlarla mübarizə pərdəsi altında, ümumiyyətlə, miqrantlara qeyri-loyal münasibət bəsləyir, unudur ki, Birləşmiş Ştatları miqrantlar yaradıb, inkişaf etdirmişlər. Nyu-York sakinləri bu siyasətə öz etirazları ilə cavab verib, Hindistanda doğulmuş, sonra Uqandada yaşamış 34 yaşlı Zöhran Mamdanini 2025-ci ildə ölkənin ən böyük şəhəri olan Nyu-Yorkun meri seçdilər. Yeni mer inauqurasiya andını əsl müsəlman kimi əlini Qurana basmaqla içmişdi. ABŞ demokratiyası bu məsələdə də öz aliliyini göstərmişdi. Sakinlərin 30 faizinin yəhudi olduğu bu şəhərdə Mamdani həm də İsrail Baş naziri Benyamin Netanyahunu, seçkiqabağı kampaniyada fələstinliləri qırdığına görə kəskin tənqid etmiş, ABŞ prezidentinin siyasəti ilə də razılaşmadığını bildirmişdi. Donald Tramp Ağ Evdə onu qəbul edəndə isə Nyu-Yorkun yeni merinin ünvanına məzəmmət deyil, xoş sözlər söyləmişdi.

İmperiyanın məqsədi tarixin əvvəllərindən əlavə ərazi tutmaq, hərbi cəhətdən nisbətən zəif xalqları öz əsarəti altına almaq olmuşdu. İmperialist dövlətlər həm də həmin ərazilərdən özünə çox lazım olan resursları götürür, ticarət malları istehsalında yerli xalqları ağır zəhmətə cəlb edirdi. ABŞ-da, Karib dənizi adalarında Afrikadan gətirilmiş qullar şəkər qamışı, pambıq plantasiyalarında işləyirdilər, kişilər və qadınlar üçün ayrıca pambıq yığımı normaları tədbiq edilirdi.

Avropa şəhərlərində müstəmləkə xalqlarından olanları, əsasən zənciləri tuzemlər adı altında ekzotik vəhşi heyvan kimi sərgilərdə nümayiş etdirirdilər və avropalılar bu bədbəxt insanlara böyük maraqla tamaşa edirdilər. Yəqin ki, nə Brüssel, nə Paris belə biabırçı səhnələri unutmuşdur.

Bir qayda olaraq, qaliblər məğlublara qarşı mərhəmətsiz münasibət bəsləyirlər. Hitler və onun nasistləri bu məsələdə insanlığa xas olan bütün dəyərləri tapdalayaraq, yəhudilərə, qaraçılara, slavyanlara qarşı əsl genosid siyasəti həyata keçirmişdilər. Ölüm düşərgələrində və digər yerlərdə almanlar 6 milyon mülki yəhudinin məhv edilməsini təşkil etmişdilər.

İmperiyalar və müstəmləkəçilik erası artıq arxada qalmışdır, lakin onların biabırçı izlərinə hələ də rast gəlmək mümkündür. Fransa Sakit okean adalarında etiraz nümayişlərinə məhəl qoymadan, bu torpaqlardan əl çəkmək istəmir. XX əsrdə İsrailin timsalında hətta yeni imperialist dövləti meydana gəlmişdir. 1967 və 1973-cü illərdəki müharibədə qalib gəlmək hesabına bu dövlət Fələstinin, Misirin, Suriyanın geniş ərazilərini işğal etmişdir. Müharibəni İsrail deyil, Fransa imperatoru III Napoleon kimi, ərəb liderləri özləri başlamış, ağır məğlubiyyətə və itkilərə düçar olmuşdular. Təkcə ona sevinə bilərdilər ki, III Napoleon 1870-ci ildə Sedanda prussiyalılara əsir düşdüyü halda, qonşu ərəb dövlətlərinin başçıları bu acı taleyi yaşamaq kimi bir bədbəxtliklə üzləşməmişdilər. İsrail isə özünə və himayəçisinə çox güvəndiyindən, XXI əsrin üç onilliyində də ağır texnika da tətbiq etməklə, fələstinlilərin kütləvi qırğınını dayandırmır. 

İmperialist dövlət adətən müstəmləkədən böyük iqtisadi fayda götürmək istəyirdi. Lakin ilk onillikdə ağır xərclərə düçar olmasına baxmayaraq, heç bir mənfəət əldə edə bilmirdi. Lakin sonralar Cənubi Afrikadakı qızıl və almaz mədənləri ingilislər üçün əsl Eldoradoya çevrildi, maqnat Sesal Rods isə qazandığı böyük var-dövlət hesabına müasir Zambiyada vaxtilə mövcud olan və öz adı ilə adlandırdığı Rodeziya ölkəsini yaratmışdı.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
525.az

1Mənbələr