AZ

Avropada yeni təhlükə: "Sosial rifah" modeli çat verir

Avropa İttifaqında yoxsulluq problemi getdikcə daha ciddi xarakter almağa başlayıb. Hazırda AB-də hər beşinci sakin və hər dördüncü uşaq yoxsulluq riski ilə üz-üzədir.

Bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumata görə, təxminən 93 milyon insan maliyyə çətinliyi yaşayır. Xüsusilə tənha analar, atalar, uşaqlarını tək böyüdən valideynlər və 16-29 yaş arası gənclər ən həssas qruplar hesab olunur.

Qurum bildirib ki, inflyasiya, bahalaşma, enerji və ərzaq qiymətlərindəki artım vəziyyəti daha da ağırlaşdırır. Eyni zamanda, mənzil və kirayə xərclərinin yüksəlməsi də insanların sosial vəziyyətinə ciddi təsir göstərir.

Avropa Komissiyası xəbərdarlıq edib ki, mövcud vəziyyət davam edərsə, yoxsulluq səviyyəsi daha da dərinləşə və sosial problemlərin artmasına səbəb ola bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin üzvü Razi Nurullayev bildirib ki,  Avropa Komissiyasının açıqladığı rəqəmlər göstərir ki, yoxsulluq artıq Avropa İttifaqı üçün lokal deyil, sistemli sosial riskə çevrilməkdədir:

“Hər beşinci insanın və hər dördüncü uşağın risk altında olması onu göstərir ki, məsələ təkcə gəlir səviyyəsi ilə bağlı deyil, daha dərin struktur problemlər mövcuddur.

Əsas səbəblərdən biri son illərdə yaşayış xərclərinin sürətlə artmasıdır. Enerji böhranı, inflyasiya və xüsusilə ərzaq qiymətlərinin yüksəlməsi orta və aşağı gəlirli ailələrin real alıcılıq qabiliyyətini ciddi şəkildə zəiflədib”.

Deputat qeyd edib ki, əmək bazarında qeyri-sabitlik – müvəqqəti işlər, aşağı maaşlı məşğulluq və gənclər arasında işsizlik – sosial həssas qrupları daha da risk altına salır:

“Xüsusilə tənha valideynlər üçün bu yük ikiqat artır, çünki həm gəlir məhduddur, həm də sosial xərclər yüksəkdir. Bu tendensiya yalnız Avropa ilə məhdudlaşmır. Oxşar prosesləri post-sovet ölkələrində də müşahidə edirik. Kasıbçılıq səviyyəsinin artması, sosial təzyiqlər, bahaçılıq və işsizlik bu regionda da əhalinin geniş təbəqələrinə təsir edir. Xüsusilə gəlirlərin artım tempinin qiymət artımından geri qalması insanların real rifahını aşağı salır və sosial narazılıq risklərini artırır”.

Müsahibimizin sözlərinə görə, Avropada uzun illər tətbiq olunan sosial rifah modelləri də yeni iqtisadi reallıqlar qarşısında təzyiq altındadır:

“Demoqrafik dəyişikliklər, əhalinin qocalması və sosial xərclərin artması mövcud sistemlərin davamlılığını çətinləşdirir. Əgər bu proseslər vaxtında balanslaşdırılmasa, yoxsulluğun dərinləşməsi qaçılmaz ola bilər.Bu tendensiya davam edərsə, yoxsulluq təkcə sosial sahə ilə məhdudlaşmayacaq. İlk növbədə təhsil və səhiyyə sahələrinə təsir göstərəcək, imkanların bərabərsizliyi artacaq, sosial mexanizmlər zəifləyəcək. Daha sonra bu, iqtisadi artımın ləngiməsinə, istehlakın azalmasına və daxili bazarın daralmasına gətirib çıxara bilər. Paralel olaraq, sosial narazılıqların artması, siyasətdə populizmin güclənməsi və siyasi sabitliyin pozulması da mümkündür”.

Razi Nurullayev əlavə edib ki, yoxsulluğun dərinləşməsi miqrasiya axınlarına da təsir göstərə bilər:

“İnsanlar daha yaxşı sosial şərait axtarışı ilə regionlar və ölkələr arasında hərəkət edəcək, bu da əlavə sosial və siyasi gərginliklər yarada bilər. Nəticə etibarilə, həm Avropa, həm də daha geniş coğrafiya üçün əsas çağırış təkcə yoxsulluğu azaltmaq deyil, orta təbəqəni qorumaq və sosial balansı saxlamaqdır. Əks halda, bu gün statistik göstərici kimi görünən rəqəmlər sabah daha ciddi sosial və siyasi problemlərin əsasına çevrilə bilər”.

Deputat sonda vurğulayıb ki, yeri gəlmişkən, ölkəmizdə də orta təbəqənin zəifləməsi sosial balansı poza bilər:

“Bu məni ciddi şəkildə narahat edir”.

Aynur Babazadə

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr