Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Leypsiq, 8 may, AZƏRTAC
Almaniyanın Leyptsiq şəhərində Azərbaycanın sədrliyi ilə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) İllik Sammiti mayın 8-də işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Sammitin sonuncu günü “Orta Dəhliz: Dayanıqlı, rəqabətqabiliyyətli və gələcəyə hazır Avrasiya bağlantısına strateji investisiya” mövzusunda xüsusi sessiya ilə başlayıb. Sessiyada BNF-ə üzv ölkələrin nəqliyyat nazirləri, BNF Katibliyinin, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, regional qurumların, logistika şirkətlərinin, liman və dəmir yolu idarələrinin, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Sessiyada çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Orta Dəhlizin təkcə alternativ marşrut deyil, Asiya ilə Avropa arasında dayanıqlı və strateji baxımdan rəqabətqabiliyyətli nəqliyyat bağlantısı olduğunu bildirib. Qeyd olunub ki, qlobal təchizat zəncirlərində artan geosiyasi risklər və fasilələr fonunda Orta Dəhliz yükdaşımaların davamlılığının təmin edilməsində mühüm rol oynayır.
Həmçinin dəhlizin inkişafında iştirakçı ölkələr arasında strateji tərəfdaşlığın, gömrük prosedurlarının uyğunlaşdırılmasının, rəqəmsallaşdırmanın və multimodal infrastrukturun əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Orta Dəhliz Çin ilə Avropa arasında ən qısa quru marşrutlarından biri olaraq tranzit müddətinin 10-15 günədək azaldılmasına imkan yaradır və Avrasiya məkanında etibarlı bağlantının formalaşmasına töhfə verir.
Sessiyada Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm nazirinin müavini Hirohisa Tsuruta Orta Dəhliz vasitəsilə iqtisadi inkişaf imkanlarından, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr və Əməkdaşlıq (GRC) çərçivəsində Avrasiya bölməsinin rəhbəri Uilyam Tompson isə Orta Dəhlizin potensialının reallaşdırılması ilə bağlı çıxış ediblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Orta Dəhlizin Avrasiyada dayanıqlı və rəqabətli nəqliyyat bağlantılarının inkişafında rolu barədə təqdimatla çıxış edib.
Sessiyada və bu tədbir çərçivəsində aparılan panel müzakirələrində Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Asiya ilə Avropa arasında dayanıqlı, rəqabətqabiliyyətli və gələcəyə hesablanmış nəqliyyat bağlantısı kimi strateji əhəmiyyəti müzakirə olunub. Azərbaycanın rəqəmsallaşdırma, nəqliyyat bağlantılarının gücləndirilməsi və çoxtərəfli əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərin Orta Dəhlizin inkişafında mühüm rol oynadığı vurğulanıb. İştirakçılar, həmçinin beynəlxalq maliyyələşdirmə modelləri, tənzimləyici harmonizasiya və regional koordinasiyanın dəhlizin rəqabətqabiliyyətinin artırılmasına töhfəsini müzakirə ediblər.
Sammit çərçivəsində sərgi ilə tanışlıqdan sonra Sammitin bağlanış sessiyası keçirilib.
Sessiyada çıxış edən Rəhman Hümbətov Azərbaycanın BNF-ə sədrliyi dövründə Forumun fəaliyyətinə mühüm və çoxşaxəli töhfələr verdiyini bildirib. Bu dövrün beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, şəhər nəqliyyatının inkişafı və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə yadda qaldığı vurğulanıb. Eyni zamanda, iki mühüm strateji tövsiyənin– “Rəqəmsal yükdaşımaların inkişafı” və “Şəhər nəqliyyatının inkişafı” sənədlərinin qəbul edilməsi, eləcə də Qana, Panama və Perunun BNF-ə yeni üzv qəbul olunması Forumun qlobal əhatə dairəsinin və institusional gücünün artmasının göstəricisi kimi dəyərləndirilib.
BNF-in Baş katibi Yanq Tae Kim də yekun çıxışında sədrlik dövründə uğurlu və məhsuldar fəaliyyətə görə Azərbaycana minnətdarlığını bildirib. O, mühüm sənədlərin qəbulunu və üzvlərin sayının artırılmasını Azərbaycanın Foruma mühüm töhfələri olduğunu vurğulayıb. Baş katib Foruma sədrliyin Çexiyaya keçdiyini qeyd edərək, bu ölkəyə qarşıdakı uğurlar arzulayıb.
Bununla da Azərbaycanın sədrliyi ilə keçirilən BNF-in İllik Sammitinə yekun vurulub.
Qeyd edək ki, BNF-in İllik Sammiti dünyada nəqliyyat nazirlərinin ən böyük toplantısı olmaqla yanaşı, nəqliyyat siyasətinin formalaşdırılması üzrə aparıcı qlobal platforma hesab olunur. Sammitdə 70-dən çox ölkədən 1200 nümayəndə, o cümlədən 39 nazir iştirak edib. Azərbaycanın sədrliyi dövründə üç yeni üzvün qəbul olunması ilə forumun üzvlərinin sayı 72-yə çatıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Leypsiq




Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.