AZ

Read Qasımov: “Bakıda minlərlə hektar torpaq yenidən istifadəyə qaytarılacaq və ekoloji cəhətdən təhlükəsiz mühit formalaşdırılacaq”

“Müasir dövrdə şəhərlərin inkişafı artıq yalnız iqtisadi göstəricilərlə deyil, eyni zamanda insan sağlamlığına, həyat keyfiyyətinə və sosial rifahına göstərdiyi təsirlərlə qiymətləndirilir. Bu baxımdan, şəhərsalma siyasətində sağlam həyat mühitinin formalaşdırılması, ekoloji tarazlığın qorunması və yaşıl məkanların inkişafı əsas prioritet istiqamətlərdən biridir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Azərbaycan Tibb Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Sağlamlıq və Texnologiyanın zirvəsi” adlı beynəlxalq konfransda səsləndirib.

O bildirib ki, müasir Azərbaycanın bütün sahələrdə inkişaf modelindən danışarkən, ilk növbədə, bu inkişafın təməlində dayanan siyasi kursa xüsusi nəzər yetirmək vacibdir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik strategiyası ölkəmizin bütün sahələrdə, o cümlədən şəhərsalma və memarlıq istiqamətində sistemli və dayanıqlı inkişafının əsasını qoymuşdur.

Qeyd olunub ki, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanda şəhərsalma və memarlıq sahəsində genişmiqyaslı islahatlar həyata keçirilmiş, müasir urbanizasiya prinsiplərinə uyğun yeni yanaşmalar tətbiq olunmuşdur. Bu islahatlar paytaxtla məhdudlaşmayaraq regionları da əhatə etmiş, ölkənin bütün ərazilərinin balanslı və davamlı inkişafı təmin edilmişdir.

2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinə diqqət çəkən Read Qasımov bu qərarı dövlətin bu sahəyə verdiyi yüksək önəmin və uzunmüddətli inkişaf strategiyasının bariz nümunəsi kimi dəyərləndirib.

Baş İdarə rəisi çıxışında müasir şəhərsalma yanaşmaları çərçivəsində şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi, insanların daha sağlam, rahat və dayanıqlı yaşayış şəraiti ilə təmin olunması məqsədilə ictimai istifadəyə yönəlmiş ərazilərin artırılması və təbii mühitlə balansın qorunması kimi mühüm məsələlərə toxunub:

“Şəhərlərin inkişafı prosesində açıq və yaşıl məkanların genişləndirilməsi, ictimai yaşıllıqların artırılması və təbii mühitlə balansın qorunması mühüm əhəmiyyət kəsb edir. Elmi tədqiqatlar göstərir ki, şəhər mühitində hava çirkliliyinin azalması, yaşıllıq sahələrinin artırılması ürək-damar və tənəffüs xəstəliklərinin riskini xeyli azalda bilir. Bu baxımdan şəhərsalma artıq birbaşa ictimai sağlamlıq siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Bu istiqamətdə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı çərçivəsində nəzərdə tutulmuş tədbirlər xüsusi rol oynayır. Baş plan şəhər və ətraf mühitin regenerasiyası, ictimai yaşıllıq sistemlərinin inkişafı, açıq məkanların qarşılıqlı əlaqələndirilməsi, həmçinin göl və sahilyanı ərazilərin bərpası kimi kompleks yanaşmaları özündə birləşdirir. Bununla yanaşı, yaşıl dəhlizlərin formalaşdırılması, yeni rekreasiya zonalarının yaradılması və mövcud təbii resursların səmərəli istifadəsi şəhərin ekoloji dayanıqlılığının artırılmasına xidmət edir. Həyata keçiriləcək tədbirlərin çərçivəsində paytaxtımız daha yaşanabilən, funksional və davamlı şəhər modelinə çevriləcəkdir. Eyni zamanda, onlarla kilometr uzunluğunda yaşıl və hibrid dəhlizlərin formalaşdırılması planlaşdırılır ki, bu da şəhərdə həm ekoloji balansın bərpasına, həm də insanların gündəlik fiziki aktivliyinin artmasına xidmət edəcəkdir.

Ətraf mühitin sağlamlaşdırılması istiqamətində çirklənmiş ərazilərin mərhələli şəkildə təmizlənməsi, sənaye zonalarının rekultivasiyası, həmçinin onlarla göl və su hövzəsinin bərpası nəzərdə tutulur. Bu tədbirlər nəticəsində minlərlə hektar torpaq yenidən istifadəyə qaytarılacaq və ekoloji cəhətdən təhlükəsiz mühit formalaşdırılacaqdır.

“Bu gün Azərbaycan beynəlxalq səviyyədə müasir şəhərsalma təcrübəsi ilə tanınır. Bu uğurların məntiqi nəticəsi olaraq 17-22 may tarixlərində Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13-ə) ev sahibliyi edəcək. Artıq 170-dən çox ölkədən 27 minə yaxın iştirakçının qeydiyyatdan keçməsi bu tədbirə olan yüksək marağın göstəricisidir”, – deyən R.Qasımov bu kimi platformaların şəhərsalma ilə ictimai sağlamlıq arasında əlaqələrin daha da gücləndirilməsinə, innovativ yanaşmaların formalaşmasına və onların praktik tətbiqinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

 

Seçilən
10
2
konkret.az

3Mənbələr