Prezident İlham Əliyevin fərmanı ilə "BakuBus" və Bakı Taksi Xidmətinin Bakı Metropoliteninə birləşdirilməsi paytaxtın nəqliyyat sistemində yeni bir eranın başlanğıcı hesab olunur. Bu islahat metro, avtobus və taksi xidmətlərinin vahid mərkəzdən idarə edilməsinə, sərnişindaşıma zəncirinin daha sıx inteqrasiyasına yol açacaq. Görəsən, bu birləşmə gündəlik gediş-gəlişimizdə, xüsusən də xidmət keyfiyyətində nələri köklü şəkildə dəyişəcək? Bu birləşmənin əsas məqsədi nədir ?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı SİA-ya açıqlamasında bildirib ki, bu üç qurumun birləşdirilməsi, yəni həm metronun, həm “Bakubus”un, həm də Bakı Taksi xidmətinin bir qurumda idarə olunması, bunun ardınca tramvayın da buraya əlavə olunması o deməkdir ki, ictimai nəqliyyatın əsas növləri bir mərkəzdən idarə olunacaq:
“Bunun ardınca adların dəyişdirilməsi məsələsinə də baxıla bilər. Çünki metro artıq həm avtobusu, həm tramvayı idarə edəcək, Bakı Taksi də bu sistemin tərkib hissəsi olacaq. Ad məsələsinə yəqin ki, növbəti mərhələlərdə baxılacaq. Biz təxminən bir ay əvvəl Metropolitendə bu məsələləri müzakirə etmişdik. Adla bağlı müxtəlif ideyalar var. İndi görək nəticə necə olacaq.
İctimai nəqliyyatın bir mərkəzdən idarə olunması faydalıdır və əlverişlidir. Çünki metro hansısa bir məntəqəyə qədər sərnişinləri daşıyırsa, onun davamını avtobuslar təmin edir və yaxud avtobusun daşıdığı sərnişin növbəti mərhələdə metrodan istifadə edir. Bundan sonra taksiyə də müraciət etmək imkanı yaranır. Yenilik kimi tramvay xətləri istifadəyə verildikdən sonra vətəndaşlar tramvaylardan da yararlana biləcəklər. Yəni bu sistem bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək.
Hara qədər metro xətləri uzanacaqsa, həmin istiqamətdə inkişaf edəcək, yeni stansiyalar tikiləcək. Metronun olmadığı ərazilərdə isə tramvay bu boşluğu dolduracaq. Metro və tramvayın daşıdığı sərnişin yükünü isə avtobuslar tamamlayacaq. Eyni zamanda avtobusların daşıdığı sərnişinlər mübadilə məntəqələrində düşərək metroya, tramvaya və ya taksiyə keçid edə biləcəklər.
Belə səmərəli fəaliyyət modelinin formalaşacağını görürük və düşünürəm ki, cənab Prezident tərəfindən təsdiq edilmiş bu qərar ümumi ictimai nəqliyyatın inkişafına mühüm töhfə verəcək.
Dəyişikliklər əsasən sıxlığın və tıxacların qarşısının alınmasına xidmət edəcək. Yəni ictimai nəqliyyat daha yaxşı inkişaf edəcək, daha əlçatan olacaq, seçim imkanları artacaq ki, vətəndaşlar şəxsi avtomobildən daha çox ictimai nəqliyyata üstünlük versinlər. Bu da nəticə etibarilə yollardakı sıxlığın azalmasına gətirib çıxaracaq”.