Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Konstitusiyadan Zəfərə: Suverenliyin qorunması” layihəsi çərçivəsində tələbələrlə dəyirmi masa və maarifləndirici video-çarxın təqdimatı keçirilib.
Tədbirdə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com media qrupunun rəhbəri Hacıbəy Heydərli və Azərbaycan Texniki Universitetinin şöbə müdiri Sevinc İsgəndərova iştirak ediblər.
Çıxış edənlər Azərbaycanda elan olunan Konstitusiya və Suverenlik İlinin əhəmiyyətindən bəhs edərək bildiriblər ki, Konstitusiya dövlətin hüquqi və siyasi dayaqlarını müəyyən edən əsas sənəd olmaqla yanaşı, milli həmrəyliyin və ictimai konsensusun formalaşmasında mühüm rol oynayır. Qeyd olunub ki, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ölkənin müstəqillik tarixində yeni mərhələ yaradıb və bu proses gənclərin milli dövlətçilik dəyərlərinə bağlılığını daha da gücləndirib.
Natiqlər çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi siyasi və hərbi uğurlardan da danışıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, dövlətçilik ənənələri daha da möhkəmlənib. Qeyd edilib ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti Azərbaycan gənclərində dövlətə bağlılıq, vətənpərvərlik və milli birlik ruhunun güclənməsində mühüm rol oynayır.
Çıxışlarda informasiya təhlükəsizliyi və ideoloji mübarizə məsələlərinə də toxunularaq vurğulanıb ki, müasir dövrdə informasiya məkanı milli maraqların qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, xüsusilə gənclərin sosial media platformalarında fəallığı, dezinformasiyaya qarşı düzgün mövqe sərgiləməsi və dövlət maraqlarını müdafiə edən yanaşma ortaya qoyması vacib amillərdən biridir. Eyni zamanda milli həmrəylik və ictimai konsensusun qorunmasının dövlətin dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində “Konstitusiyadan Zəfərə: Suverenliyin qorunması” adlı maarifləndirici video-çarx nümayiş olunub. Video-çarxda Konstitusiya və suverenlik anlayışları, Azərbaycanın hüquqi dövlət modeli, eləcə də ölkənin suverenliyinin bərpasının ideoloji əsasları barədə məlumatlar yer alıb.
Video-rolikdə deputat Müşfiq Cəfərov, politoloqlar Şəbhəm Həsənova və İlyas Hüseynov ekspert qismində çıxış edərək Konstitusiyanın dövlətçilik ənənələrinin qorunmasında rolundan, Azərbaycanın suverenlik yolunda keçdiyi mərhələlərdən və müasir dövrdə milli birliyin vacibliyindən danışıblar.
Sonda video-rolik ətrafında tələbələrlə geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.








