AZ

Avropa Məhkəməsi “Quska”nın dayısı oğluna görə Türkiyəni cərimələdi ÖZƏL

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İnsan Haqları Məhkəməsi bəstəkar Tural Bayraməliyevin 8 il əvvəl İstanbulda saxlanılaraq Azərbaycana ekstradisiya edilməsilə bağlı şikayəti əsasında Türkiyəyə qarşı qərar çıxarıb.

Gununsesi.info xəbər verir ki, Avropa Məhkəməsi qərarda Türkiyənin Tural Bayraməliyevə münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin 4-cü bəndini pozduğunu təsdiqləyib.

Lakin bu pozuntuya görə ona kompensasiya təyin etməyib.

Qeyd edək ki, bəstəkar pozuntu nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 200 min avro, hüquqi məsrəflərinə görə isə 20 min avro kompensasiya istəmişdi.

Avropa Məhkəməsi belə hesab edib ki, pozuntunun tanınması özlüyündə kifayətdir, mənəvi ziyana görə kompensasiya təyin etməyə ehtiyac görməyib.

Məhkəmə xərclərinə çəkilmiş məsrəflərə gəlincə, Avropa Məhkəməsi qərarında göstərib ki, ərizəçi bununla bağlı sübut təqdim etmədiyinə görə o hissədə də kompensasiya təyin olunmur.

Məhkəmə hesab edir ki, 5-ci maddənin 4-cü bəndinin pozulması ilə bağlı qərarı özü-özlüyündə kifayət qədər ədalətli kompensasiya təşkil edir. Buna görə də mənəvi zərər üçün kompensasiya təyin etməməyi məqsədəuyğun hesab edir.

Onu da qeyd edək ki, 1984-cü il təvəllüdlü Tural Bayraməliyev 2018-ci il martın 14-də İstanbulda saxlanılıb və barəsində həbs qərarı verilib.

Ona bildirilib ki, 2017-ci il sentyabrın 11-dən İnterpol xətti ilə axtarışdadır.

Azərbaycan tərəfi onun ekstradisiyası üçün Türkiyəyə müraciət edib, barəsində dələduzluq ittihamı ilə cinayət işi başlanması, Səbail rayon məhkəməsinin qiyabi həbs qətimkan tədbiri qərarı da sənədlərə də əlavə olunub.

Bəstəkar isə İstanbulda məhkəmədə iddia edib ki, haqqındakı cinayət işi əsassızdır, siyasi motivlərlə təqib olunur, Azərbaycana təhvil verilərsə, işgəncəyə məruz qalmaq, həyatına təhlükə riski var.

Lakin İstanbul məhkəməsi onun siyasi motivlərlə təqib olunması barədə dediklərini əsassız hesab edib. Yuxarı instansiya məhkəmələrinə şikayətləri də nəticəsiz qalıb.

Bəstəkarın İstanbulda tutulmasından düz bir il sonra 2019-cu il martın 14-də onun ekstradisiyası ilə əlaqədar Ədliyyə Nazirliyindən Türkiyə prezidentinə məktub göndərilib. Martın 20-də razılıq alındıqdan sonra Azərbaycanda hüquq-mühafizə orqanları ilə əlaqə yaradılıb və aprelin 11-də İstanbul aeroportunda onlara təhvil verilərək, Azərbaycana ekstradisiya olunub.

Tural Bayraməliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirli bilinib. Bəstəkar keçmiş biznes şəriki Şadiyə Salehliyə qarşı dələduzluqda ittiham olunurdu.

Qeyd edək ki, Şadiyə Salehli də Dövlət Gömrük Komitəsinin sabiq rəisi Aydın Əliyevin baldızıdır. Aydın Əliyevin rəhbərliyi dövründə Salehlinin özü də Gömrük Komitəsində işləyirdi.

Tural Bayraməliyev isə dələduzluq etməsi barədə iddiaları rədd edir, şərlənərək həbs olunduğunu bildirirdi.

2026-cı ilin yanvarında həbsdən buraxılan bəstəkar Tural Bayraməliyev hazırda həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin dayısı oğludur.

Günay Mahirqızı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
43
icma.az

10Mənbələr