AZ

XİN: Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif olunması yolverilməz təxribatdır

Bakı, 8 may, AZƏRTAC

Mayın 6-da Rusiya Federasiyasının dövlət televiziyası olan “1-ci” kanalın “zaman göstərər” (“vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyasının dövlət televiziyası olan "1-ci" kanalda Azərbaycan əleyhinə təxribata dair yerli medianın sualına cavabında bildirib.

A.Hacızadə qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

“Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir.

Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir”, - deyə mətbuat katibi əlavə edib.

Seçilən
4
49
azertag.az

10Mənbələr