Qırmızı Ürəklər Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti dəfə istifadəyə yararsız elektrik batareyalar toplanaraq təhvil verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, layihə çərçivəsində bu dəfə Kapital Bank-ın baş ofisindən ümumilikdə 51 kq işlənmiş batareya könüllülərin iştirakı ilə təhvil götürülərək “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təqdim olunub.
1 may 2022-ci ildən etibarən həyata keçirilən layihənin əsas məqsədi işlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin qarşısını almaq, onların düzgün şəkildə çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsini təmin etməkdir.
Layihə çərçivəsində Bakıda və regionlarda dövlət qurumları, şirkətlər, market şəbəkələri, təhsil müəssisələri, banklar və hotellər daxil olmaqla 500-dən çox təhvil məntəqəsi yaradılıb. Son 4 il ərzində bu məntəqələr vasitəsilə ümumilikdə 4 tondan çox işlənmiş batareya toplanıb.
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ətraf mühitin mühafizəsinə diqqət çəkməklə yanaşı, cəmiyyətdə ekoloji məsuliyyətin və düzgün tullantı idarəçiliyi vərdişlərinin formalaşdırılmasını da təşviq edir. Layihə çərçivəsində vətəndaşlar istifadəyə yararsız batareyaları xüsusi təhvil məntəqələrinə təqdim edərək ətraf mühitin qorunmasına töhfə verə bilərlər.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.