Müəllif:Mehin Qasımova,Banco.az
"Meta" şirkətinə məxsus sosial şəbəkə olan "Instagram" son illərdə ən böyük rəqəmsal "təmizləmə" proseslərindən birini başlayıb.
Banco.az xəbər verir ki, 6 may tarixindən etibarən platforma botları, qeyri-aktiv hesabları və süni şəkildə şişirdilmiş izləyiciləri kütləvi şəkildə silməyə başlayıb.
Nəticədə, dünya miqyasında milyonlarla hesabın izləyici sayında kəskin azalma müşahidə olunub. İnternet istifadəçiləri bu hadisəni "2026-cı ilin Böyük Təmizlənməsi" adlandırırlar.
Ən böyük itkilərdən biri Kayli Cennerin hesabında müşahidə olunub və o, təxminən 14-15 milyon izləyicisini itirib.
Müxtəlif mənbələrə görə, Kriştiano Ronaldonun itkilərinin 7-8 milyon ilə 18 milyon arasında olduğu təxmin edilir. Buna baxmayaraq, portuqaliyalı superulduz təxminən 666 milyon izləyicisi ilə İnstaqramda ən populyar insan olaraq qalır.
Bundan əlavə, məşhur K-pop qrupu Blackpink-in rəsmi səhifəsi təxminən 10 milyon izləyici itirib.
Selena Qomez, Ariana Qrande, Lionel Messi və bir çox digər qlobal ulduzların fan bazasında əhəmiyyətli dərəcədə azalma müşahidə olunub.
"Meta" bu prosesi platformanın "unikallığını" artırmaq cəhdi kimi izah edir.
Məlumata görə, İnstaqram əvvəllər də oxşar əməliyyatları həyata keçirib. Lakin bu proses miqyas baxımından platformanın bütün tarixində ən böyük əməliyyatlardan biridir.
Proses hələ tam başa çatmayıb. Buna görə də, bir çox hesablardakı rəqəmlər yaxın günlərdə yenidən dəyişə bilər.