"İdeal Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 3,041 milyon manat xalis mənfəətlə başa vurub.
"Far.Az" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 28,3 % çoxdur.
Ötən il "İdeal Kredit"in vergiyəqədərki mənfəəti 3,809 milyon manat (əvvəlki ilə nisbətən 30,3 % çox), mənfəət vergisi ödəmələri isə 768 min manat (39,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "İdeal Kredit"in aktivləri 24,187 milyon manat olub ki, bu da illik müqayisədə 35 % çoxdur. Bunun 22,005 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-c i ildə BOKT-un kredit portfeli 39,9 % böyüyüb.
Hesabat dövründə "İdeal Kredit"in öhdəlikləri 30,5 % artaraq 13,835 milyon manata, balans kapitalı isə 41,6 % artaraq 10,352 milyon manata çatıb.
Xatırladaq ki, "İdeal Kredit" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-un təsisçiləri 75 % payla Qubad Qubadov (direktor) və 25 % payla Xuraman Qubadovadır.