AZ

İnfeksionistdən hantavirus XƏBƏRDARLIĞI: “Ölüm riski yüksəkdir”

Hantavirus müxtəlif ölkələrdə aşkarlanmaqla yayılma coğrafiyasını genişləndirir. İsraildə qeydə alınan yeni yoluxma faktı, həmçinin Fransa, İsveçrə və CAR-dakı hallarla birlikdə virusun daha geniş ərazilərdə müşahidə olunduğunu göstərir. Eyni zamanda, “MV Hondius” kruiz gəmisində baş verən yoluxmalar da narahatlığı artırıb.
Yenicag.az-ın xəbərinə görə, yeni bəlanın fəsadları ilə bağlı Oxu.Az-ın suallarını cavablayan infeksionist Mərdan Əliyev bildirib ki, bu virus gəmiricilərin ifrazatları ilə təmas nəticəsində insana yoluxa bilir:
“Hantavirus yeni deyil. Uzun müddətdir, bu virus məlumdur. Xüsusən gəmiricilər, siçan, siçovullar bu xəstəliyə yoluxurlar. Onların ifrazatları ilə təmas nəticəsində virus insana keçə bilir. Hemorragik qızdırma ilə özünü göstərir.
Bu virus ciddi fəsadlara səbəb olur. Müxtəlif ağırlaşmalar törədir və təəssüf ki, ölüm halları da çox müşahidə olunur”.
Həkim qeyd edib ki, bu, endemik virusdur:
“Yəni koronavirus kimi sürətlə yayılıb pandemiya yaratmaq qabiliyyətinə malik deyil. Çünki əsasən, siçanlardan və digər gəmiricilərdən insana yoluxur və bu da sporadik hallarda baş verir.
İnsanların toplu yaşadığı yerlərdə zirzəmilərdə siçanlar məskunlaşa bilir. Virusun mənbəyi də həmin yerlər olur. Adətən, siçanlar zirzəmilərdə və zibilliklərdə yaşayır, orada nəcis qoyurlar. İnsanlar həmin yerləri təmizləyərkən qurumuş nəcis toz şəklində havaya qalxır və nəfəs yollarına düşərək yoluxmaya səbəb olur.
Xəstəliyin yayılması üçün həmin gəmirici virus daşıyıcısı olmalıdır. Çünki bütün gəmiricilərdə bu virus olmur. Virusa yoluxmuş gəmiricinin nəcisi ilə təmasda olan şəxslər – xüsusilə təmizlik işçiləri – xəstəliyə yoluxa bilirlər.
Bəzi mənbələrdə intim əlaqə yolu ilə də yayıla biləcəyi qeyd olunur. Lakin bu barədə ciddi və təsdiqlənmiş elmi məlumat yoxdur. Mən belə bir məlumatla qarşılaşmamışam və bunun əhəmiyyətli dərəcədə sübut olunduğunu düşünmürəm”.
Mərdan Əliyev vurğulayıb ki, ölüm, əsasən, daxili qanaxmalar, qanın laxtalanma sisteminin pozulması, qan durulaşması və müxtəlif orqan çatışmazlıqları nəticəsində baş verir:
“Xüsusilə böyrək çatışmazlığı ağırlaşmalara səbəb ola bilir. Erkən aşkarlanıb müalicə olunduqda xəstənin həyatını xilas etmək mümkündür, amma ümumi olaraq xəstəlikdən ölüm riski yüksək hesab olunur”.
Seçilən
32
1
yenicag.az

2Mənbələr