AZ

Zelenskinin Əliyevə zənginin SİRRİ – Bakıda MASA qurulur?

Xəbər verildiyi kimi, mayın 6-da Ukrayna prezidenti Volodimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. İlham Əliyevin “X” hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

“Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə edildi. Həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı”.

Xatırladaq ki, görüşdə bir sıra məsələlər müzakirə olunub. İki ölkə arasında iqtisadi, hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi vurğulanıb. Eyni zamanda Zelenski təklif edib ki, Ukrayna-Rusiya danışıqları Azərbaycanda keçirilsin.

Aprelin 25-də Qəbələdə keçirilən görüşdən az sonra Ukrayna liderinin Bakıya zəngi bu məsələni dəqiqləşdirmək məqsədi daşıya bilərmi? Çünki rəsmi məlumatda “müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində həyata keçirilməsi” qeyd edilib. Bakıda danışıqlar masası qurulmasına hazırlıq mümkünmü?

QULAM.jpg

Sabiq deputat, tanınmış siyasətçi Qulamhüseyn Əlibəyli Musavat.com-a deyib ki, Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə zəngini və aparılan telefon danışığını bir neçə aspektdə şərh etmək olar:

“İlk növbədə bu zəng təxminən 10 gün əvvəl Zelenskinin Qəbələ səfərinin davamı kimi qiymətləndirilə bilər. Telefon zənginə dair rəsmi məlumatda da əsas vurğu Qəbələ səfərinin yekunları ilə əlaqələndirilir. Xatırladım ki, rəsmi məlumata görə, prezidentlər Azərbaycan-Ukrayna münasibətlərində “müsbət dinamikanı” qeyd edib və Qəbələdə keçirilmiş görüşdə müzakirə olunan məsələlərin icrasını müzakirə ediblər. Nəzərə almaq lazımdır ki, son vaxtlar Azərbaycan-Ukrayna münasibətlərinin formal diplomatik çərçivədən kənara çıxaraq daha da intensivləşməsi və aktivləşməsi, enerji, logistika, humanitar əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin ön plana çıxması müşahidə olunur. Başqa sözlə, bu telefon zənginə adi protokol xarakterli təmas kimi deyil, Azərbaycan-Ukrayna əlaqələrinin son dövrdə daha praktik və strateji məzmun aldığını göstərən amillərdən biri kimi baxmaq olar. Lakin məsələnin yalnız Ukrayna-Azərbaycan münasibətləri çərçivəsi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Telefon danışığında “ikitərəfli gündəlik” ifadəsinin işlədilməsi də danışığın yalnız iqtisadi və enerji layihələrinin müzakirəsi ilə yekunlaşmadığını ehtimal etməyə əsas verir.

Xatırlatmaq yerinə düşər ki, Qəbələdəki müzakirələr zamanı Zelenski Azərbaycanı Rusiya ilə Ukrayna arasında danışıqların mümkün məkanı kimi göstərmişdi. Danışıqların mümkün məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi hesab edilməməlidir. Bu o deməkdir ki, Ukrayna Azərbaycanı həm təhlükəsiz, həm də etibarlı bir ölkə kimi qəbul edir”.

ZELENNN.jpg

Ekspert qeyd edib ki, Rusiya rəsmilərinin bu məsələyə prinsipcə etirazının olmaması öz növbəsində Rusiyanın da Azərbaycana münasibətdə oxşar mövqedə olmasını deməyə əsas verir:

“Bu baxımdan Zelenskinin telefon zənginin həm də Azərbaycanın Rusiya ilə Ukrayna arasında danışıqların mümkün məkanı ilə əlaqədar olduğunu güman etmək olar. Belə ki, Qəbələdəki təklifi bir növ nəbz yoxlaması hesab etmək olar. Ciddi müqavimətə rast gəlmədiyi üçün telefon danışığında bu məsələnin dəqiqləşdirilməsi və daha da inkişaf etdirilməsi tamamilə mümkündür. Belə ki, Azərbaycan, onun Prezidenti İlham Əliyev uzun müddətdir ki, regional balans siyasəti yeridir. Rusiya-Ukrayna müharibəsində Azərbaycanın və prezident İlham Əliyevin siyasəti heç bir dövlətin tərəfini tutmadan ölkəmizin geosiyasi, iqtisadi və milli təhlükəsizlik maraqlarının həyata keçirilməsinə yönəlib. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və açıq şəkildə dəstəkləyir, dəfələrlə Ukraynaya humanitar yardım göstərib və Ukraynanın enerji təhlükəsizliyinə kömək edib. Azərbaycan eyni zamanda Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmayıb. Həm Ukrayna, həm də Rusiya ilə ikitərəfli münasibətləri, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə çalışır. Bütövlükdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Şərq-Qərb və Şimal-Cənub arasında qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişafında əhəmiyyətli rol oynayır, alternativ enerji tərəfdaşı kimi status qazanır. Bu baxımdan Avropanın Rusiyadan enerji asılılığını azaltmağa çalışdığı dövrdə Azərbaycan daha strateji mövqeyə çıxır. Balanslı siyasət həm də beynəlxalq və regional münasibətlər sahəsində Azərbaycanın tədricən öz diplomatik çəkisini artırmasına, tərəfsiz və etimadlı diplomatik mərkəz kimi tanınmasına kömək edir. Xüsusən kollektiv Qərblə Rusiya qarşıdurmasının davam etdiyi şəraitdə Azərbaycan və Prezident İlham Əliyev həm Moskva, həm Ankara, həm Brüssel, həm də Kiyevlə işləyə bilən nadir müstəqil regional aktora çevrilir. Bir çox dövlətlər Azərbaycanın belə regional rolunu etiraf edir və ölkəmizlə ikitərəfli əməkdaşlığı genişləndirmək istəyir. Bu baxımdan Zelenskinin zəngini həm də Azərbaycanda yeni danışıqlar masası qurulmasına hazırlıq kimi qiymətləndirmək olar”.

Musavat.com

Seçilən
3
1
editor.az

2Mənbələr