AZ

Azərbaycanda insan alverində qadın cinayətkarların sayının çox olmasının səbəbləri AÇIQLANDI

Azərbaycanda insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilən şəxslər arasında qadınların üstünlük təşkil etməsi diqqət çəkən məqamlardan biridir. Mütəxəssislər bildirirlər ki, bu hal fərdi xüsusiyyətlərlə deyil, sosial, iqtisadi və psixoloji faktorlarla bağlıdır. Mövzu ilə bağlı hüquqşünas Babək Umudov QHT.az-a açıqlamasında səbəbləri və çıxış yollarını açıqlayıb.

Hüquqşünas Babək Umudov bildirib ki, bu fenomen stereotiplərlə deyil, empirik müşahidələr və cinayət şəbəkələrinin xüsusiyyətləri ilə izah olunur.

Onun sözlərinə görə, insan alveri, xüsusilə seksual istismar məqsədilə həyata keçirilən hallarda qadın vasitəçilər daha aktiv rol oynayır. Qadınlar digər qadınları “iş”, “xaricdə yaxşı həyat”, “model agentliyi” və ya “evlilik” vədləri ilə daha asan inandıra bilir. Bu səbəbdən də qurbanların cəlb edilməsində qadınlardan geniş istifadə olunur.

Hüquqşünas qeyd edib ki, bəzi hallarda insan alverinin qurbanı olmuş qadınlar sonradan həmin şəbəkələrin bir hissəsinə çevrilirlər. Bunun əsas səbəbləri sırasında psixoloji asılılıq, qorxu, maddi çıxılmazlıq və travmatik bağlılıq göstərilir.

Yoxsulluq, işsizlik, aşağı təhsil səviyyəsi və gender bərabərsizliyi qadınları həm qurban, həm də potensial cinayət iştirakçısına çevirən əsas risk faktorlarındandır. O bildirib ki, insan alveri yalnız zor tətbiq edilən kriminal fəaliyyət deyil, həm də manipulyasiya və sosial əlaqələr üzərində qurulan şəbəkədir.

Hüquqşünasın fikrincə, problemin qarşısının alınması üçün təkcə cəza tədbirləri kifayət etmir. Risk qrupunda olan qadınlara sosial dəstək proqramlarının genişləndirilməsi, qurbanların uzunmüddətli reabilitasiyası, ictimai maarifləndirmə və cinayət şəbəkələrinin maliyyə kanallarının ifşası vacibdir.

"İnsan alveri məsələsinə yalnız kriminal statistika kimi deyil, sosial-psixoloji problem kimi yanaşmaq lazımdır"- deyə, o açıqlamasında bildirib.

Zəhra Ağayeva

Seçilən
21
qht.az

1Mənbələr