AZ

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib.

“İki sahil” xəbər verir ki, Qəzənfər Bayramov 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndində anadan olub. 1974-1980-ci illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə 1972-ci ildən BDU-da başlayıb. 1982-1990-cı illərdə BDU-da kiçik elmi işçi, 1990-1999-cu illərdə böyük elmi işçi vəzifələrində işləyib. 1999-2019-cu illərdə BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Bioloji sistemlər fizikasi şöbəsində aparıcı elmi işçi olub.

1990-cı ildə kimya elmləri namizədi elmi dərəcəsi, 2009-cu ildə dosent elmi adı alıb. 2019-cu ildən Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi kimi çalışıb. Qəzənfər Bayramov həm də 2018-cı ildən indiyədək BDU-nun Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının dosenti idi. 

Onun tədqiqat sahəsi maye kristal kompozitlərin fiziki-kimyəvi və elektrooptiki xassələrinin, yarımkeçirici-maye kristal və məsaməli silisium-maye kristal sistemlərində, bioloji sistemlərin analoqu olan obyektlərdə baş verən proseslərin tədqiqi idi. Qəzənfər Bayramov 225 elmi işin, o cümlədən 5 ixtiranın, magistrlər üçün 20 fənn proqramının və 2 kitabın müəllifi olub.

Qəzənfər Bayramov 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivi dosent Qəzənfər Bayramovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Seçilən
11
2
ikisahil.az

3Mənbələr