“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, “Azərbaycan Hava Yollar”QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti Türkiyənin Çanaqqala şəhərinə səfər edib.
Artıq üçüncü ildir təşkil olunan səfərin ilk günündə nümayəndə heyəti “57-ci Alay Şəhidliyi”, “Çanaqqala Şəhidlər Abidəsi”, “Troya Atı Muzeyi”, “Dəniz Muzeyi” və “Seyit Onbaşı Abidəsi”ni ziyarət edib.
Şəhid ailələri bu tarixi məkanlarda həlak olanların xatirəsini ehtiramla yad edərək dualar oxuyub, həmçinin Çanaqqalada yerləşən və azərbaycanlı şəhidlərin xatirəsinə ucaldılmış memorial abidəni ziyarət ediblər.
Səfərin ikinci günü Çanaqqala şəhərinin valisi Ömer Toraman şəhid ailə üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. O, Azərbaycandan olan şəhid ailələrini şəhərlərində görməkdən məmnunluq duyduğunu bildirib və səfərin iki qardaş xalq arasında mövcud dostluq və ortaq dəyərlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Nümayəndə heyəti şəhərdəki “Atatürk Abidəsi”, “Zəfər Muzeyi”, “Hisart Canlı Tarix Muzeyi” və “Nusret Mayın Gəmisi”ni ziyarət edib.
Səfər çərçivəsində Çanaqqalada yaşayan şəhid ailələri, Qazilər Dərnəyi, şəhid və qazi ailələrinin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən təşkilat rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı iki qardaş ölkənin şəhid ailələrini bir araya gətirən layihələrin davam etdirilməsi və gələcəkdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.