AZ

WUF13 çərçivəsində təşkil olunan tərəfdaş tədbirlərində şəhərlər üçün qlobal həllər nümayiş olunacaq



17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tərəfdaş tədbirlərinin proqramı artıq açıqlanıb və müxtəlif dünya ölkələrini təmsil edən maraqlı tərəflərin həm yaradıcılığını, həm də fəal iştirakını əks etdirən 370-dən çox tədbiri ehtiva edir. Bu tədbirlər “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında təşkil olunacaq.

Bu barədəWUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, WUF13-ün əsas elementlərindən biri olan tərəfdaş tədbirləri yerli və milli hökumətləri, vətəndaş cəmiyyəti institutlarını, akademik dairələri, özəl sektoru, yerli təşəbbüs qruplarını və BMT qurumlarını bir araya gətirərək qlobal şəhərsalma gündəliyini formalaşdıran ideya, həll yolu və praktik təcrübələrin paylaşılması üçün platforma yaradır.

Bu sessiyalar qlobal perspektivləri və yerli həlləri bir araya gətirərək dayanıqlı urbanizasiya ilə bağlı müzakirələrin real təcrübə və əməkdaşlıq müstəvisində aparılmasını təmin etməklə yanaşı, dialoqun inkişaf etdirilməsi, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və şəhərləri daha dayanıqlı etmək üçün həyata keçirilən fəaliyyətlərin sürətləndirilməsi baxımından mühüm rol oynayır.

Proqramın tam mətni ilə tanış olub aşağıdakı tədbir kateqoriyalarının hər biri haqqında ətraflı məlumat əldə etmək mümkündür.

“Şəhərlərin səsi”: Qlobal dəyişikliklərə təkan verən yerli perspektivlər

Özündə 50-dən çox tədbiri birləşdirən “Şəhərlərin səsi” kateqoriyası yerli hökumətlərin, eləcə də icma liderləri və yerli təşəbbüs qruplarının perspektivlərini ön plana çıxarır.

Şəhər və icmaların transformasiyası üzrə istənilən strategiyanın əsasını şəhər reallıqlarına ən yaxın olan insanların konstruktiv iştirakı təşkil edir. Bu sessiyaların məqsədi şəhərlərarası əməkdaşlığı təşviq etmək, şəhərsalma sahəsində mövcud problemlər və həll yolları ilə bağlı şəxsi təcrübələri ön plana çıxarmaq, eyni zamanda şəhərləri formalaşdıran insanların səsini daha görünən etməkdir.

“Vahid BMT”: Şəhərsalma sahəsi çərçivəsində qlobal öhdəliklərin təşviqi

“Vahid BMT” tədbirləri müxtəlif regionlar və fərqli şərait fonunda dayanıqlı şəhərsalma prosesinin BMT qurumları tərəfindən necə təşviq olunduğunu nümayiş etdirir. 30-dan çox sessiyanı ehtiva edən bu kateqoriya qlobal gündəlikləri yerli icra ilə əlaqələndirərək Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və Yeni Şəhərsalma Gündəliyinə töhfə verən koordinasiyalı yanaşmaları ön plana çıxarır və bütün dünya ölkələrində inklüziv və dayanıqlı inkişafı təmin etmək üçün həm şəhərlərin, həm də yaşayış məntəqələrinin mərkəzi rolunu daha da gücləndirir.

“DİM-lər fəaliyyətdə”: Öhdəliklərdən icraya keçid

30-dan çox tədbiri ehtiva edən “DİM-lər fəaliyyətdə” kateqoriyasının əsas məqsədi qlobal öhdəliklərin konkret nəticələrə çevrilməsini təmin etməkdir.

BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin yaratdığı dinamikaya vüsət qatan bu sessiyalar cəmiyyət, iqtisadiyyat, ətraf mühit, mədəniyyət və idarəetmə kimi əsas sahələr üzrə əməkdaşlıq prinsipinə əsaslanan yanaşmaları nümayiş etdirir və dayanıqlı şəhərsalma naminə miqyaslanan və effektiv həll variantlarının təşviqinə xidmət edir.

Şəbəkələşmə tədbirləri: Gələcək tərəfdaşlıq naminə qurulan əlaqələr

170-dən çox tədbiri əhatə edən Şəbəkələşmə tədbirləri iştirakçılara dayanıqlı şəhərsalma sahəsində qlobal liderlər, biliklərini təcrübədə tətbiq edən mütəxəssislər və innovasiyalara imza atan şəxslərlə əlaqə qurmaq imkanı yaradır.

Bu sessiyalar ideya mübadiləsi aparmaq, qabaqcıl təcrübələri bölüşmək və gələcəkdə DİM-lər və Yeni Şəhərsalma Gündəliyinin lokallaşdırılmasını təşviq edəcək əməkdaşlıq əlaqələri üçün zəmin yaratmaq məqsədilə əlverişli mühit formalaşdırır.

WUF Akademiyası: Dayanıqlı şəhərsalmanın gələcəyi naminə bilik və potensialın artırılması

Daha inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı şəhərlər üçün hansı bacarıq, bilik və alətlər lazımdır?

Yeni WUF Akademiyası öz biliklərini təcrübədə tətbiq edən mütəxəssislər, habelə ali təhsil ocaqları və ekspertlər üçün 30-dan çox imkan təqdim edən platforma yaradaraq potensialın artırılmasına və dayanıqlı urbanizasiya istiqamətində irəliləyişin sürətləndirilməsinə töhfə verəcək.

“Şəhər kitabxanası” və “Şəhər kinoteatrı”: Şəhərsalmanın transformasiyası üçün biliklərin mübadiləsi və real həyat hekayələrinin təqdimatı

Özündə 30-dan çox tədbiri birləşdirən Şəhər kitabxanası” iştirakçılara şəhərsalma üzrə ən son tədqiqat, nəşr və etibarlı məlumatlarla tanış olmaq üçün platforma təqdim edir.

Bu sessiyalar təqdimat və müzakirələr vasitəsilə həm bilik mübadiləsini, həm də əsaslandırılmış müzakirələri təşviq edərək şəhərsalma üzrə daha effektiv və inklüziv siyasət və təcrübələrin formalaşdırılmasına dəstək verir.

Həmçinin, real həyat hekayələrinin təqdimatını şəhərsalma üzrə dialoqun ön planına çıxaran “Şəhər kinoteatrı” mənzil təminatı və urbanizasiya problemlərini müxtəlif prizmalardan araşdıran 15 qısametrajlı film təqdim edir.

Bu sessiyalar film nümayişlərini müzakirələrlə birləşdirərək şəhərlərin mədəni və insan yönümlü aspektləri üzərində düşünmək üçün unikal mühit yaratmaqla yanaşı, mənzil təminatı və yaşayış məntəqələri ilə bağlı müzakirələrə təkan verir.

Proqramın tam mətni ilə tanış olub WUF13 tədbirində necə iştirak edə biləcəyiniz haqqında məlumat əldə edə bilərsiniz.

Seçilən
9
13
baki-xeber.com

10Mənbələr