ABŞ-nin Nyu-York şəhərində yerləşən North Brother adası illərdir tamamilə tərk edilmiş vəziyyətdə qalır.
Musavat.com xəbər verir ki, dünyanın ən böyük və ən inkişaf etmiş metropollarından birinin mərkəzinə yaxın yerləşsə də, adada 1963-cü ildən bəri daimi insan yaşamır.
East River üzərində yerləşən ada vaxtilə karantin mərkəzi kimi istifadə olunub. Burada çiçək, tif və vərəm kimi yoluxucu xəstəlik daşıyan şəxslər təcrid edilirdi. Sonrakı illərdə isə ərazi gənclər üçün reabilitasiya mərkəzi kimi fəaliyyət göstərib.
1963-cü ildə bütün obyektlər bağlandıqdan sonra ada tamamilə boş qalıb. Hazırda bölgəyə giriş yalnız xüsusi icazə ilə mümkündür və ada əsasən quşlar üçün təbii yaşayış sahəsi hesab olunur.
Vaxtilə istifadə olunan xəstəxana və inzibati binalar uzun illər baxımsız qaldığı üçün dağılıb, ərazi isə sıx bitki örtüyü ilə örtülüb. Şəhərin göydələnləri arasında yerləşən bu tərk edilmiş ada sosial mediada da böyük maraq doğurub.
Musavat.com