AZ

Ölkəyə turist axını azalıb

ain.az bildirir, 525.az portalına istinadən.

Bu il Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub. Statistik rəqəmlər də bunu sübut edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 172 ölkəsindən 484,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azdır. Gələnlərin 25,9 faizi Rusiya Federasiyası, 21,7 faizi Türkiyə, 8,9 faizi İran, 5,3 faizi Gürcüstan, 4,1 faizi Qazaxıstan, 3,6 faizi Hindistan, hər birindən 3 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Çin, 1,9 faizi İsrail, 1,6 faizi Ukrayna, 1,5 faizi Türkmənistan, 1,2 faizi Böyük Britaniya, hər birindən 1 faiz olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 71,8 faizini kişilər, 28,2 faizini qadınlar təşkil edib. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2026-cı ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,4 faiz artaraq 21,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 177,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 16,7 faiz azalaraq 69,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,9 faiz azalaraq 216,4 min nəfər təşkil edib. Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Ekspertlərin fikrincə, bu məsələdə ölkəyə giriş imkanlarının genişliyi önəmlidir. Quru sərhədlərin bağlı qalması regiona gələn turist axınına təsir edir və nəticədə hava nəqliyyatından asılılıq artır. Bu isə turizmi kütləvi deyil, daha çox məhdud və bahalı seqmentə yönəldir. Təbii ki, quru sərhədlərin bağlı qalması məlum daha strateji faktorlarla bağlıdır. Lakin bu amilin turizm sektoruna təsiri danılmazdır.

Amma məsələ orasındadır ki, "quru sərhədləri açsaq, turizm inkişaf edəcək", deyə bir düşüncə də yanlışdır. Çünki sərhədlər açılsa belə, digər problemlər həll olunmadan turizmin inkişafı tam təmin edilə bilməz.

Mütəxəssislər deyirlər ki, bu sahədə mövcud olan ciddi problemlərdən biri də Azərbaycanda qiymət və xidmət arasında balansın pozulmasıdır. Otellərdə və digər turizm obyektlərində təqdim olunan xidmətin səviyyəsi ilə qiymət arasında adekvatlıq təmin olunmur. Nəticədə turist seçim qarşısında qaldıqda Bakı ilə Tbilisi, İstanbul və ya Dubay arasında müqayisə aparır və eyni qiymətə daha yüksək xidmət təklif edən digər istiqamətləri seçir. Digər mühüm məsələ turizm paketləri ilə bağlıdır. Məsələn, 5 günlük və ya 1 həftəlik beynəlxalq standartlara uyğun tur paketləri rəqib ölkələrlə müqayisədə Azərbaycanda ya zəif inkişaf edib, ya da demək olar ki, mövcud deyil. Əyləncə turizmi, tematik turizm, kənd turizmi kimi sahələr də yetərincə inkişaf etməyib.

Buna görə də turist üçün ölkə daxilində "hazır və dolu proqram" formalaşmır. Turist gələndə nəyi harada və hansı ardıcıllıqla edəcəyini özü planlaşdırmalı olur. Bu isə seçim qərarına birbaşa təsir edir, çünki rəqib ölkələrdə bu təcrübə artıq paket halında təqdim olunur. Regionlar da bu baxımdan ümumi sistemə tam qoşula bilmir. İnfrastruktur müəyyən qədər qurulsa da, turist üçün cəlbedici və davamlı fəaliyyət mühiti formalaşmayıb. Nəticədə ölkədaxili hərəkət zəifləyir və turizm daha çox bir şəhər çərçivəsində qalır. Bu səbəbdən turistlər ya ölkədə qısa müddət (1-2 gün) qalır, ya da ümumiyyətlə başqa ölkələri seçirlər.

Qiymət amili, xidmət səviyyəsi, əlçatanlıq, turizm təcrübəsinin zəifliyi, özünəməxsusluğun olmaması və digər faktorlar bir-biri ilə bağlı şəkildə turizm sektorunun inkişafına mane olur. Odur ki, qeyd edilən istiqamətlərdə ciddi irəliləyişlər olmadan, quru sərhədlər bu gün açılsa belə, yenə də turizm sahəsində ciddi və davamlı inkişafa nail olmaq çətin olar.

İqtisadçı ekspert Razi Abbasbəylinin sözlərinə görə, Azərbaycana gələn turistlərin sayında azalmanın bir sıra səbəbləri var. Burada birinci növbədə quru sərhədlərin bağlı olması dayanır. Sərhədlər açıq olsa idi, ölkəyə turist axını olardı. Münasib qiymətə  nəqliyyat vasitələrindən istifadə etməklə turistlər Azərbaycana gələ bilərdilər. Çünki hava yolları ilə ölkəyə gəlmək onlara baha başa gəlir: "Hər kəsə məlumdur ki, təyyarə biletləri çox bahadır. Aşağı büdcəli təyyarə biletləri isə əlçatan deyil. Bu səbəbdən də imkanı aşağı olan turistlərin ölkəyə gəlişi məhdudlaşır. Nəqliyyat xərcinin baha olması səbəbindən Azərbaycana səyahət etmək büdcə baxımından xarici turistlərə sərf etmir. Nisbətən ucuz otel və mehmanxanalarda xidmət səviyyəsinin aşağı olması, restoranlarda keyfiyyət və xidmət arasındakı tərs mütənasiblik, nəticə etibarilə ölkəyə gələn turistlərin sayının azalmasına gətirib çıxarır".

Ekspert bildirib ki, turist axınının azalması ölkə iqtisadiyyatına ciddi zərər vurur: "Azərbaycana gələn hər bir turist özü ilə valyuta gətirir. Bu da ölkəyə valyuta axını deməkdir. Turizm sektoru Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas istiqamətlərindən biridir. Hər bir xarici turist ölkəyə valyuta gətirir və bu, ölkənin tədiyə balansına müsbət təsir edir. Turistlərin azalması nəticəsində xidmət sektorunun gəlirləri, xüsusilə də otellər, restoranlar, nəqliyyat və əyləncə müəssisələrinin dövriyyəsi azalır. Bu da öz növbəsində dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına səbəb olur. Turizm təkcə iqtisadi deyil, həm də sosial baxımdan vacib sahədir. Turist axınının azalması yerli əhalinin məşğulluq imkanlarını məhdudlaşdırır, kiçik və orta sahibkarlığın inkişafını ləngidir. Bundan başqa, Azərbaycanın beynəlxalq imicinin zəifləməsi, ölkənin mədəni və tarixi irsinin xaricdə tanıdılmasına mane olur. Bu vəziyyətin qarşısını almaq üçün turizm infrastrukturunun inkişafı, viza prosedurlarının sadələşdirilməsi, beynəlxalq təbliğat və tanıtım kampaniyalarının gücləndirilməsi vacibdir".

İqtisadçı millət vəkili Vüqar Bayramov hesab edir ki, Azərbaycana gələn turistlərin sayında azalacağı gözlənilən idi. Regionda olan geosiyasi gərginlik turistlərin sayına birbaşa təsir göstərir: "İran müharibəsi Azərbaycana gələn turistlərin sayına təsir göstərdi. Nəzərə alsaq ki, Azərbaycan İranla qonşuluqda yerləşən ölkədir, eyni zamanda İrandan da Azərbaycana gələn turistlərin sayına da bu, birbaşa təsir göstərir. Ümumiyyətlə, region ölkələrinə gələn turistlərin sayına İran müharibəsinin birbaşa təsirləri oldu. Bu baxımdan, biz turistlərin sayında azalmalar müşahidə etdik. Eyni zamanda, bir sıra ölkələrdən gələn turistlərin sayında da əvvəlki dövrlərdə də azalmalar var idi. Xüsusən Hindistandan gələn turistlərin sayında azalmalar müşahidə olunur. Burada, yalnız iqtisadi deyil, digər səbəblər də var".

Millət vəkili qeyd edib ki, hər halda nəzərə alsaq ki, turizm Azərbaycanda neftdən sonra ən çox gəlir gətirən sahədir, ona görə də ölkəyə gələn turistlərin sayının optimal olması və artması vacib məqamlardandır.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
525.az

1Mənbələr