525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rafael HÜSEYNOVAkademik
Gecmi, tezmi, günlərin birində ölümün mütləq gələcəyini hər kəs bilir, ancaq bu da bir ilahi hikmətdir ki, ölümün hökmən gələcəyini bilə-bilə insan sanki ölümün onu gəlib tapacağına inanmır, ya inanmaq istəmir. İllah da ki, cavan yaşında. Cavankən insan ölüm haqqında istehzayla danışır, ona üstdən aşağı baxır, özünü ondan güclü sayır.
1934-cü il dekabr ayının 30-u. Gündüz saat 4. Yenicə yaradılmış Azərbaycan Yazıçılar İttifaqının sədri Məmmədkazım Ələkbərlinin (1905-1938) telefonu zəng çalır. Qaldırır dəstəyi, o başdan tanış səs gəlir. Danışan Cəfər Cabbarlıdır. Bazar günü Cəfərin Məmmədkazım Ələkbərliyə zəng etməsi təsadüfi deyil. O, xüsusi sifarişlə "Pravda" qəzetində dərc edilməkçün "Bakı novellası" adlı yeni əsərini yazıb. "Pravda"da dərc ediləcək bu hekayə bir bədii əsərdir, ancaq orada Azərbaycan paytaxtının - Bakının sürətli inkişafı haqqında düşüncələr əksini tapmalıdır. Ona görə də respublika rəhbərliyi bu yazıyla birbaşa maraqlanır.
Cəfərlə Məmmədkazım Ələkbərli telefon danışığında ilk olaraq bunu razılaşdırırlar ki, sabah Mərkəzi Komitəyə gedəcəklər, Cəfər "Pravda" üçün yazdığı həmin Bakı hekayəsini oxuyacaq və müzakirə edəcəklər. Cəfər Cabbarlı cavandı - vur-tut 35 yaşı var. Məmmədkazım Ələkbərli ondan da gənc. Cəfərdən altı yaş kiçikdir Məmmədkazım. Ancaq bu qısa vaxt içərisində Məmmədkazım Ələkbərli çox işlər görməyə müvəffəq olub: Azərbaycan Dövlət Universitetinin ən gənc rektoru vəzifəsini tutub, "Ədəbiyyat qəzeti"nin, "Bakinski raboçi"nin, "Vışka"nın redaktorluğunu edib və qısa müddətə belə ardıcıl yüksəlişi sanki Məmmədkazım Ələkbərlinin qarşısında böyük gələcəyin qapısını artıq açıb. Vəzifə karyerasıyla addım-addım yüksəlməklə bərabər, savadın da qeydinə qalıb - Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra Moskvada Qırmızı Professura İnstitutunda təhsil alması onun yaxın gələcəkdə dövlət işində daha uca məqamlara çatacağının, bir növ, rəmzi göstəricisidir.
Sabahkı görüşün vaxtını dəqiqləşdirəndən sonra Məmmədkazım Ələkbərli Cəfəri qınayır ki, yanvar ayının 1-nə nə qalıb ki - ikicə gün. Sən niyə irəlicədən yadımıza salmamısan ki, yanvarın 1-ində sənin yaradıcılıq fəaliyyətinin 20 ili tamam olur.
Telefonun o başından Cəfərin gülüşünün səsi gəlir. Bunu təxəyyüllə demirəm. Həqiqətən də, belə olub. Cəfəri itirəndən az sonra Məmmədkazım Ələkbərli əziz dostu haqqında xatirələrini qələmə alıb. Xatirələrini də elə həmin telefon zəngindən başlayır. 1934-cü il dekabrın 30-unda gündüz saat 4-də olan zənglə.
Gendən baxana, işin içində olmayana 35 yaşındakı insanın yaradıcılıq fəaliyyətinin 20-ci ildönümünün qeyd edilməsi təəccüblü də gələr - nə yatmışdı ki, nə də yuxu görsün!
Amma həqiqətən, Cəfər Cabbarlı 12-13-də artıq yaradıcılığın böyüklər "liqa"sına keçmiş, gerçək yaşını xeyli arxada qoymuş, erkən böyümüş, elə sözün birbaşa mənasında "saqqallı uşaq"dı.
15-16 yaşlarında ikən artıq o, nəinki uşaqlığından, hətta yeniyetməliyindən ayrılaraq püxtə qələm sahibləri cərgəsinə qatılanlardan sayılırdı, yazdığı pyeslər, hekayələr, şeirlər onun adını eşidib, üzünü görməyənlərdə belə təəssürat oyadırdı ki, yəqin, 30-nu adlayıb, qırxını haqlamış birisidir.
Telefondaydılar - Məmmədkazım Ələkbərli qayıdır ki, ay Cəfər, təvazökarlığın da bir həddi var. Özün irəlicədən xəbər vermiş olsaydın, elə ayın 1-ində sənin yaradıcılıq fəaliyyətinin 20 illiyinə həsr olunmuş məclis qurardıq. Ancaq eybi yoxdur, mütləq deyil ki, hökmən ayın 1-ində olsun. Yaxın vaxtlarda yazıçı dostlarımızı da dəvət edərək bu tədbiri mütləq keçirərik.
Deyə-gülə danışırlar, sabah görüşmək ümidi ilə xudahafizləşirlər. Ancaq Məmmədkazım Ələkbərli haradan biləydi ki, bu onun Cəfərin canlı səsini eşitdiyi son anlardır.
Bu telefon danışığından düz 12 saat sonra - gecə saat 4-də yenə Məmmədkazım Ələkbərlinin evində telefon zəng çalır. O saatda kimdir oyaq qalan?! Təbii ki, Məmmədkazım da yuxunun şirin yerində idi.
Özü xatırlayır ki, dəstəyi yuxulu-yuxulu qaldırdım, dedilər Cəfərgilin evindəndir, qadın səsi idi danışan, səsindən hiss olunurdu ki, təşviş içərisindədir və qıraqdan da başqa adamların səsləri gəlirdi.
Həmin qadın dedi ki, Cəfər bərk xəstələnib, təcili həkim lazımdır.
Ələkbərli illər sonra o həyəcanlı saatı xatırlayaraq yazırdı ki, gec də olsa, dərhal başladım həkimləri axtarmağa, çünki mənə gələn zəngdən, o səksəkəli səsdən vəziyyətin nəsə çox narahatedici olduğunu duymuşdum. Mənə olan zəngdən heç 10 dəqiqə keçmədi. Cəfərgilin nömrəsini yığdım. Xəbər vermək istəyirdim ki, həkim artıq yoldadır, gəlir.
O tərəfdən gələn cavab Məmmədkazım Ələkbərlini sarsıdır: Cəfər artıq yoxdur. Necə inanasan? Saatlar əvvəl sağ çillə səninlə danışan, gələcəyə planlar quran insan artıq yoxdur və həm də sadə bir insan deyil, Cəfər kimi içərisi od-alovla dolu, yaratmaq eşqi ilə daşan bir insan. Belə bir gedişə, belə bir qəfil ölümə necə inanasan? Cəfəri ölüm haqlayanda 35 yaşı vardı, amma taleyin gərdişi ilə Məmmədkazım Ələkbərlinin ömrü Cəfərin həyatından da erkən bitəcək. 1938-ci il oktyabr ayının 12-sində Məmmədkazım Ələkbərlinin də ömrünün son nöqtəsi NKVD zirzəmisində qoyulacaq. Həmin gecədə həlak edilən digər neçə parlaq Azərbaycan ziyalısı ilə birgə. Cəfərin 35 yaşında həyatdan gedişinə heç cür inanmaq istəmirdi. Özü ondan da gənc gedəcək - 33-ündə.
Dekabrın 31-inin səhərini, yeni ili Cəfər görə bilmədi. Səhər onunla Mərkəzi Komitədə görüşü səbirsizliklə gözləyirdilər ki, yazdığı "Bakı novellası"nı onun öz dilindən, öz səsindən eşitsinlər. Bu acı xəbəri eşidənlərin heç biri inanmaq istəməyəcək. İnana bilməyəcək. Millətə hələ nə qədər söz inciləri bəxş edəcək bir ürək bir göz qırpımında susmuşdu.
Ancaq 35-inci ilində qırılan bu yolun son iyirmisində Cəfər elə əsərlər yaratmışdı, elə bir irs doğurmuşdu ki, bu mirasın, bu izin əks-sədası sonrakı çox onillərin və yəqin ki, yüzillərin də içərisindən gələcək.
...İstiqlaliyyət küçəsindəki o əziz binada tariximizin nə qədər unudulmamalı hadisələri baş verib! Seyid Hüseyn (1887-1938) o gözəli necə nəvazişlə təsvir edirdi: "İsmailiyyə" binası dörd illik bir zaman içərisində təmam olaraq başa gəldi. Onun üzərində cəli xətt ilə yazılmış ayənin tərcüməsi belə idi: "İnsana ancaq öz əməli qalar! Şübhəsiz ki, onun zəhməti görünəcəkdir!" Ayənin həqiqətləri ta uzaqlardan parlamaqda, hər kəsin nəzər-i diqqətini cəlb etməkdə idi. Bu tarixdən sonra "İsmailiyyə" binası ictimai həyata başladı. Birinci olaraq "Cəmiyyət-i xeyriyyə" idarəsi və dəftərxanası oraya daşındı. Ona mütəaqib, Bakıda mövcud bütün məarif cəmiyyətlərinə orada yer verildi, yersiz qalan "Səadət" ruhani cəmiyyəti məktəbini "İsmailiyyə"yə köçürdü. "Nicat" və "Səfa" məarif cəmiyyətləri idarə və dəftərxanalarını orada yerləşdirdilər.
..."İsmailiyyə"nin - o kimsəyə baş əymək istəməyən möhtəşəm salonu bir çox tarixi vaqiələrin şahididir.

Biz azərbaycanlılar "İsmailiyyə"də bir çox şad və qəmgin günlər keçirmişik, müqəddəratımız haqqında orada bir çox məruzələr dinləmişik, gələcəyimiz barəsində bir çox qərarlar çıxarmışıq. Biz onun büllurin çıraqları, Bakının bir çox uzaq yerlərindən nəzər-i diqqəti cəlb edə biləcək bir halda pərtovəndaz səqfi altında bir çox gecələr keçirmişik ki, bizlərdən kimsə onları unutmamışdır".
Və Seyid Hüseynin həsrətlə andığı o əziz günlərdən biri də "İsmailiyyə"də 1917-ci il yanvar ayının 4-ü idi. Həmin gün ora dövrün tanınmış Azərbaycan yazıçıları toplaşmışdılar - Abbas Səhhət (1874-1918) idi, Seyid Hüseyn idi, Abdulla Şaiq (1881-1959) idi, Hüseyn Cavid idi, Xəlil İbrahim (1892-1938) idi, Azər Buzovnalı (1870-1951) idi və adları yazı-pozu aləmində yetərincə bəlli olan digərləri. O tanınmışların yanında elə artıq onlarca tanınan gənc Cəfər Cabbarlı da vardı. Bu toplaşmanın tarixi mənası vardı - Azərbaycanın ilk Mühərrirlər və Ədiblər Cəmiyyətini təsis etmək haqqında qərar verməkçün yığışmışdılar. Əslində o dəstədə Cəfəri "gənc" deyib ayırsaq da, digərləri də qoca-filan deyildilər, onları yaşına baxıb da adlandırmaq düz olmazdı. Fərqi hiss etmək üçün elə tutuşdurmaq yetər ki, Hüseyn Cavidin o vaxt 35 yaşı vardı. Digərləri də aşağı-yuxarı elə həmin həndəvərdə. Hər halda aralarında 50-ini keçəni yoxdu. Lakin hamısı Cabbarlıdan yaşlı idi və onların yanında, söz yox ki, Cəfər ən gənc olandı. Ancaq buna baxmayaraq, belə bir mühüm qərar qəbul edərkən Cəfərin də öz yanlarında olmasını istəmişdilər. Bu da Cəfərin artıq 17-18 yaşlarında ikən yalnız imzasının deyil, şəxsiyyətinin də ədəbi aləmdə tanınıb ehtiram göstərilməsinin açıq nişanəsidir.
1917-ci il idi, vaxt qasırğalı idi, bütün şiddəti ilə Birinci Dünya müharibəsi gedirdi. Azərbaycan müharibənin atəşlərindən, top-tüfəngindən nə qədər uzaqda olsa da, atəşlərin əks-sədası hər halda bir başqa şəkildə gəlib buralara da yetişir, cəmiyyətin, insanların həyatından keçirdi, davanın fəsadları məhrumiyyət və ağrılarıyla sanki o savaşa aidiyyəti olmayan hər kəsin güzəranında hiss edilməkdəydi. Fəqət o biri tərəfdən də Azərbaycanın yaxın qonşusu, çox tellərlə bağlı və həm də tabe olduğu Rusiya da sim kimi gərili idi, daxili fırtınalar qatılaşmaqda idi. Belə bir çarpaşıq vaxtda Azərbaycanın seçkin aydınlarının Mühərrirlər və Ədiblər Cəmiyyəti yaratmaq istəyinə düşməsi səbəbsiz deyildi. Bu, yalnız ədəbi mahiyyət daşıyan bir addım deyildi. Onlar istəyirdilər ki, cəmiyyətin önündə getməli olan ziyalıları birləşdirən bir təşkilat olsun ki, belə düyünlü zaman gedişində lazım gəldiyi məqamda xalqa üz tutsun, sözünü desin, cəmiyyətin yaşadığı ağrılara hayan olsun.
"İsmailiyyə" binasında yığışaraq Mühərrirlər və Ədiblər Cəmiyyətinin təsis yığıncağını keçirəndən sonra qət etmişdilər ki, bundan sonra onların əsas qərargahı "Açıq söz" qəzetinin redaksiyası olsun. Və ona görə də Məhəmməd Əmin Rəsulzadəni o Təşkilat Komitəsinin sədri seçmişdilər. Elə ilk müzakirələrində də ciddi ictimai mənası olan bir qərar qəbul eləmişdilər. Hamısının ortaq fikri belə olmuşdu ki, müharibə zərərdidələrinə, Birinci Dünya savaşından əziyyətlər görmüş insanlara yardım məqsədilə bir "Qardaş köməyi" adlı dərgi buraxsınlar. Layihə belə idi ki, xeyriyyə məqsədli həmin məcmuə üçün hər biri müharibə müsibətləri ilə bağlı yazısını təqdim etsin, amma kənardan da müəlliflər cəlb olunmaqla toplu daha da sanballılaşdırılsın, nəşrindən sonra məcmuənin satışı da təşkil edilərək toplanan vəsait müharibədən zərər çəkmiş insanlara yönəldilsin. Ona görə də "Qardaş köməyi" toplusunun nəşrini çox ləngitmək istəmirdilər. Niyyətləri bundan ibarət idi ki, artıq fevral ayında qardaş köməyi oxucuların əlində olsun. Ancaq 1917-ci ilin fevralında inqilab dalğası, müxtəlif iğtişaşlar Rusiyanı silkələyir, ictimai-siyasi həyatda bir-birinin ardınca baş verən dramatik hadisələr səbəb olur ki, "Qardaş köməyi"nin nəşri müəyyən qədər təxirə düşsün. Mühərrirlər və Ədiblər Cəmiyyətinin ilk mətbu orqanı, birinci bəhrəsi olan "Qardaş köməyi"ndə Firidun bəy Köçərlinin (1863-1920), Məhəmməd Əmin Rəsulzadənin, Hüseyn Cavidin, Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933), Abbas Səhhətin, Ömər Faiq Nemanzadənin (1872-1937), Tağı Şahbazi Simurğun (1892-1938), Məmməd Səid Ordubadinin (1872-1950), Abdulla Şaiqin və digər tanınmış müəlliflərin yazıları dərc edilmişdi və o sırada Cəfər Cabbarlının da imzası vardı. Belə nüfuzlu müəlliflər sırasında yer alan Cəfər Cabbarlı o vaxt şagird idi - həm məcazi anlamda, elə həm də sözün birbaşa mənasında - məcmuədəki başqa nüfuzlu imza sahiblərinə o həm şagird kimi idi, həm də, elə həqiqətən, Bakı Sənaye Məktəbində oxuyurdu. Və məcmuədə yer alan yazılar arasında Cəfər Cabbarlının "Boranlı qış gecəsi şaxta şiddət ilə kəsir" şeiri ən təsirlilərdən idi.
Külək vıyıldayaraq səs salır biyabanə,
Cahan zülam-i kədər pərdəsilə puşidə,
Qaranlıq iştə çöküb məclis-i şəbistanə.
Uzaqda, kənd kənarında bir uçuq evcik.
Əvət, dağılmış, uçulmuş xərabə bir məqbər.
Zülam-i nikbət içindən gəlir inilti səsi.
Evdən çox məzara bənzəyən qaranlıqdan zarıltısı gələnləsə insandan çox müqəvvaya oxşayan vərəmli çöhrəli bir cavan qadın, bir də sarımtıl yanaqları batıq xəstə, "çörək-çörək" deyib sızıldayan uşaqdır.
Bu şeirin hər misrasında müharibənin dəhşəti, sazaqlı sərt sifəti bütün sancıları ilə hiss edilməkdə idi. Həmin mövzu isə bu yeniyetmə üçün yeni deyilmiş. Yaradıcılığı Azərbaycan Cabbarlışünaslığında ayrıca bir mərhələ olan, həm qiymətli araşdırmaları ilə Cəfərin şəxsiyyətinin, ömür yolunun gizli qalan bir çox naməlumlarını üzə çıxarmış, onu hamımızın daha aydın görməyimizə meydan açmış, digər tərəfdən də, bir neçə onil boyunca apardığı inadlı mənbəşünaslıq tədqiqləri sayəsində görkəmli ədibin xeyli itkin və unudulmuş əsərini ədəbi dövriyyəyə gətirməyə müvəffəq olmuş dəyərli alimimiz Asif Rüstəmli müəyyənləşdirib ki, elə həmin ilin - 1917-nin 27 yanvarında Cəfər Cabbarlı elə təxminən eyni dərdin bir başqa bədii ifadəsi olan "Dilənçi" adlı bir şeir yazıbmış. Bir ata soyuq qış günündə övladını köksünə sıxıb. O ata qarışıq dövrün içərisində müvazinətini itirmiş yüzlərlə, minlərlə insandan biridir. Körpəsini köksünə sıxaraq onun acından ölməməsi üçün dilənməyə məcburdur.
Və bu göynəkli mənzərəni, bu dərdi yaradan da elə cərəyan eləyən hadisələrdir, günün özüdür. Ancaq o şeirin içərisində hər halda Cəfər Cabbarlı bir ümid də bəsləyir. İnanır ki, yaman günün ömrü az olacaq, daha yaşamalı günlər gələcək, insanların içərisindəki qəddarlıq, amansızlıq buzları sınacaq.
Qapı-qapı gəzinib görmədim də bir insan
Ki, fəhm edib mənə ta bir çörək edə ehsan.
Uyu! Sabah oyanar xəlq xab-i rahətdən,
Gedib kömək dilərəm sahib-i səxavətdən.
Amma bu şeir həm də bizim 1300 illik tarixi olan etiraz ədəbiyyatımızın bir qəlpəsidir. Cəfər zəmanənin dilənçi kökünə saldığı insanların fəlakətlərinin baisi olan qan-qadaya, dağıdıcı savaşlara qarşı üsyankar, etirazçı ötkəm səsini də qaldırır:
Nədir bəşər? Bu cahan içrə seyddidir azad,
Nədir cahan? Özü bir qan içən böyük səyyad.
Degilmi daim fəlakət bəşərlərə bu həyat?
Fəqət bunu bəşəriyyət düşünməyir, heyhat?
...Çərçivələrəsığmazlıq Cəfər Cabbarlı kimi parlaqlara xas olan sabit keyfiyyətdir. Bu qəbil insanlar hansı səmtə üz tuturlarsa, orada onlara qədər edilmişlərin çərçivəsinə sığınıb qala bilmirlər, daha gen üfüqlərə doğru can atırlar. Səyləri də, bir qayda olaraq, bəhrəsiz qalmır. Hansısa çəpərləri, hansısa barıları sındırırlarsa, hansısa yeni pəncərələri açmağı bacarırlarsa, bu, hökmən kimlərinsə qəbul edib-etməməyinə rəğmən, müəyyən yeniliklərin başlanğıcına çevrilir.
1917-ci ildi, Cəfər Cabbarlı tələbə idi, Bakı Sənaye Texnikumunda oxuyurdu. Dövr də qazan kimi qaynayırdı. İctimai-siyasi həyatda hər gün, hər an dəyişmələr, başqalaşmalar vardı, hər yanda inqilab havası duyulurdu. Ancaq inqilab havası təkcə çöldə yox, elə Cəfər Cabbarlının içərisində də vardı. Cəmiyyətdəki oyanış - kitaba, dərsə bağlı, biliyi artan, dünyagörüşü genişlənən gənclikdən nə təhər yan keçə bilərdi! Bakıda bu dövrdə tələbə hərəkatı da günü-gündən qüvvətlənməyə başlamışdı. Bakı Sənaye Məktəbi isə bu hərəkatın önündə gedənlərdən idi. O tələbələrin sırasında isə ən çox seçilən iki nəfər vardı - Mirzəbala Məmmədzadə (1898-1959), bir də onun tələbə yoldaşı Cəfər Cabbarlı. Bu iki gənci bir-birinə bağlayan çox duyğular vardı. Ən birincisi, onların hər ikisi əli qələmli idi. İlk qələm təcrübələrini artıq cəmiyyətə təqdim etmişdilər və təqdirlə qarşılanmışdılar. Ancaq onları qovuşduran digər bariz və vacib məziyyətlər barışmazlıq, həm də sığmazlıq idi. Amma Mirzəbala Məmmədzadə ilə Cəfər Cabbarlını birləşdirən bəlkə də daha vacib xüsusiyyət onların pərakəndə deyil, sistemli, məqsədyönlü düşünməsi idi. Ağıllarına gələn istənilən işıqlı fikri onlar yola, dəst-xəttə çevirməyə çalışırdılar.
Və Bakıda tələbə hərəkatının günü-gündən artdığı, qanadlandığı, çevrəsini genişləndirdiyi dövrdə onların içərisinə bir istək də düşmüşdü ki, tələbələrin hamısını yığaraq ayrıca bir ittifaq yaratsınlar. 1917-ci il aprel ayının 13-də belə bir birliyi təsis etməyə də müvəffəq olurlar. Fəallar toplaşırlar, "İttifaq-i mütəllimin" - "Öyrəncilər Birliyi" adlı bir cəmiyyət qururlar. Özləri kimi gənc olan, amma artıq müəllimlik eləyən Mirhəsən Vəzirovu da "İttifaq-i mütəllimin"ə sədr seçirlər. Nəbzi sürətlə vuran, dövrün özü kimi səbirsiz olan gənclər növbəti iclaslarını çox uzağa salmırlar. Elə 1917-ci il aprel ayının 16-da bir də toplaşırlar. Məqsədləri o idi ki, Bakıda, Azərbaycanda başlatdıqları bu tələbə hərəkatının çevrəsi getdikcə daha genişlənsin, bütün Azərbaycanı, Qafqazı bürüsün. Axtarmışdılar, həmfikirlərin, həmməsləklərin mümkün əhatəsini müəyyənləşdirmişdilər, Qafqazın ayrı-ayrı şəhərlərindəki azərbaycanlı tələbələrin uzun bir siyahısını tərtib etmişdilər, onların hər birinə də məktublar yollayaraq, müraciət edərək həmin "İttifaq-i mütəllimin"ə üzv olmağa səsləmişdilər. Qısa bir zaman içərisində "İttifaq-i mütəllimin" sırasında 500-dən artıq gənc birləşmişdi. Bu, artıq güclənən, mütəşəkkil bir hərəkat, onu yönəldəcək, təlimatlandıracaq mərkəzi olan milli-siyasi mahiyyətli hərəkat demək idi. Yorulmaz alimimiz Asif Rüstəmli Cəfər Cabbarlıya və Mirzəbala Məmmədzadəyə həsr etdiyi əsərlərində tariximizin bu alaqaranlıq parçasına gur işıq salmağı bacarmış, həm bu şəxsiyyətlərin öz ömürləri və mübarizələrinin şərəfli səhifələrini, həm də milli tariximizin mütləq yaxşı bilinməli iftixarlı bir kəsiyi barədə gerçəkləri ilk dəfə olaraq ayrıntıları ilə millətə təqdim etmişdir.
Bütün bu könül atlandıran tarixçələrə söykənərək qabartmaq istədiyim önəmli məqam ondan ibarətdir ki, biz yeni tariximizi yazarkən bir silsilə yıpranmış əski yanaşmalardan vaz keçməliyik. Elə biri Azərbaycandakı gənclər hərəkatının dünənləri ilə bağlı qənaətlərimiz. 1917-ci il aprel ayının 13-də Azərbaycanda "İttifaq-i mütəllimin"in yaranması istinad nöqtəsinə çevrilməlidir. Təşkilat olub, məramnaməsi ortada, fəaliyyətləri bəlli, öndəgedənləri aşkar, sıralarındakı üzvlər yüzlərlə. Eyni şəkildə biz Azərbaycan Yazıçılar Birliyinin də tarixini sovet düşüncəsinin ətalətinə qapılaraq 1934-cü ilin iyunundan deyil, 1917-ci ilin 4 yanvarından - Bakıda Mühərrirlər və Ədiblər Cəmiyyətinin yaranmasından başlasaq, həm tarix baxımından düppədüz, həm də daha ədalətli olar.
Millət tarixinin ayrı-ayrı şanlı başlanğıclarını daha dərinlərə aparmaq üçün ortada gerçək əsaslar, danılmaz təməllər varsa, biz bundan niyə istifadə etməyək?
1917-ci il mayın 5-də Azərbaycanın, Bakının həyatında daha bir əlamətdar hadisə baş verir. Yenə "İsmailiyyə"də, yenə "Cəmiyyət-i xeyriyyə"nin yerləşdiyi o binada. Bu dəfə "İsmailiyyə"yə toplaşanlar yüzlərlə tələbə idi. Onlarla bir sırada da cavan müəllimlər. Yığışmışdılar ki, "İttifaq-i-müəllimin"in, o Gənclər Birliyinin ilk qurultayını keçirsinlər. Nizamnamələrini, əsasnamələrini yazmışdılar. Həmin o nizamnamənin, əsasnamənin yazılıb hazırlanmasında da ən fəal iştirak edənlərin ikisi Mirzə Bala Məmmədzadə ilə Cəfər Cabbarlı olmuşdu. Qurultayda səsləndirərək, müzakirə edərək qəbul etdikləri sənədlərdə əsas xətt ondan ibarət idi ki, cəmiyyətin indiki həyatında gənclərin, tələbələrin fəallığı artmalı, onlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilmək üçün ən əvvəl öz üzərlərində çox çalışmalı, biliklərə dərindən yiyələnməlidirlər və onların əsas aparıcı xətti də hürriyyət uğrunda mübarizə olmalıdır.
O günlərin içərisində Cəfər Cabbarlı bir şeir də yazmışdı. Tale, vaxt elə gətirib ki, Cəfər Cabbarlının oçağkı mübarizələrindən Azərbaycan insanının sonralar xəbəri olmayıb. 1920, 1930, 1940-cı illərin siyasi repressiyaları gəlib. Nəsil-nəsil insanları məhv ediblər. İnsanların içərisindəki hürriyyət duyğusunu elə içəridəcə boğmağa cəhd göstəriblər. Təbii ki, Cəfər Cabbarlının, bu yolun sadiq, alovlu yolçusunun o çağlar apardığı mübarizələr, bu mübarizənin ifadəsi olan, qələmindən çıxmış şeirlər sonrakı illərdə üzə çıxarıla bilməzdi. Ona görə ayrı-ayrı arxivlərdə qalıb. Bir çoxu isə itib-batıb. Amma itib-batmayanları da var. Heç olmasa gərək indi onlar insanlarımıza çatsın, bilinsin. Görünsün ki, Cəfər Cabbarlı bu gün bizi bəxtiyar eləmiş bu istiqlalın gəlməsi, bərqərar olması, gələcəklər içərisində yaşamasından ötəri zamanında hansı mübarizələri aparıb və o mübarizələri aparanda da hansı yaşda olub.
Və həm də Cəfər Cabbarlının o çağda, 17, 18, 19 yaşlarındaykən yazdığı şeirləri indi oxuyurkən şahid kəsilirsən ki, bu uşaq (məgər biz bu yaşda olan yeniyetmələri uşaq saymırıqmı? Xüsusən də böyük siyasətə gəliş baxımından yanaşarkən bu yaş insançün elə sırf uşaqlıq dövrü deməkdir) dünya siyasətinin elə qəliz məsələlərinə toxunur və onların haqqında elə müdrikcə, elə ağsaqqalcasına mövqe bildirir ki, elə bil dünyagörmüş qoca kişi imiş, sanki Cəfər Cabbarlı 17-18 yaşlarına ayrı uzun bir ömür sürəndən, dünyanın hər sifətini dişinə vurandan sonra gəlib çatıbmış.
Yenə zəhmətkeş alimimiz Asif Rüstəmlinin Cəfər Cabbarlının əlyazmaları arasından tapıb üzə çıxardığı incilərdəndir ki, onillərcə kimsəyə bilinmədən, çap edilmədən qalıb. İstisna etmirəm ki, köhnə araşdırıcılar, lap elə Məmməd Arifin özü bu və buna oxşar dərc edilməmiş Cabbarlı şeirlərinin əlyazmalarını onun arxivində görüb, oxuyub. Olsun ki, sovet dövründə Cəfər Cabbarlının istiqlalçı keçmişi və yaradıcılığı ilə bağlı gerçəkləri və örnəkləri üzə çıxarmaq zamanın şərtlərinə görə mümkünsüzmüş. Günü yetişəndə bunu bir ayrısı yox, məhz Asif Rüstəmli edibsə, zənnimcə, hər dəfəsində hər parçanı iqtibas edəndə "sağ ol!"larımız dilimizdən və qələmimizdən əskik olmamalıdır. Orta sərvətimiz olan itmişləri, qeyb olmuşları, möhkəmcə unudulmuşları dirçəldənlərə, dirildənlərə, onlara yeni günə yaraşan canlılıq bağışlayanlara hamımız borcluyuq.
O qafilədən olan "Həyat və mübarizə" şeirində gənc və qoca Cabbarlı sağında-solundakı həqiqətləri çılpaqlaşdırır, onlarıın əsilliyini gizləyən boyalı pərdələri yırtaraq təkidlə hayqırır ki, Qərbə, Avropaya çox bel bağlamayın. Onlar yüksək mədəniyyətdən dəm vururlar. Guya bizə səadətlər gətirəcəklərini vəd edirlər. Ancaq bunların hamısının arxasında maraqlar, müəyyən mənfəətlərin güdülməsi niyyəti var.
Cəfər bu həqiqətləri 17-18 yaşlarında ikən şeirə döndərir. Cəfərin bu qəbil şeirlərinin heç biri sadə qoşqu sayılmasın. Bunların hər biri inqilab havasıyla ləpələnir. Bu yaşda əlinə qələm götürüb şeir yazan cavanların çoxusunun mövzusu eşqdir, sevgi iztirablarıdır. Cəfər Cabbarlının da bu silsilə şeirlərinin hamısı məhəbbət qoşqularıdır. Amma saf qan kimi Cəfərin hərəsi bir damar olan misralarından axan vətən eşqi, hürriyyət sevdasıdır. O şeirlərdən biri "Həyat və mübarizə" adlanırdı. Belə yazırdı:
Hanı? Hanı? Nerədə ədl, rəhm görsəniyor,
Ədalətin beşigi söylədigimiz Avropa?
Tərəhhüm ədl adına canəvərlik etməzmi?
Birər əcinne-yi müzürr degilmi onlar ya?
...Dili həyat deyir, əldə xunbar-i vəhşət,
Diliylə eyləyir azad, əlində zənciri.
Budurmu ya mədəniyyət?! Budursa, nifrətlər,
Bu canilik, bu riya, yox, inanmayın, çəkilin!
Uzaqlaşın, mədəniyyət - əsarət iştə demək,
Sığınmayın ona, hər kəs sığındısa, öldü!
Cəfər Cabbarlıya lap başlanğıcdan miqyaslı düşünmək xas olub. Səbəbsiz deyil ki, yolunun lap əvvəlindən o, sadəcə ayrı-ayrı şeirlər, hekayələr yazmaqla kifayətlənməyib. Elə əvvəldən ölçünü daha böyük götürüb, daha iri meydanı arayıb. İstəyib ki, düşüncələrinin əhatə dairəsinin genişliyi daha da çoxalsın. Ona görə də 12-13 yaşlarında artıq pyeslər yazırdı. Cəfər Cabbarlının ilk dram əsərlərini bu yaşda yazıb ortaya çıxarmasına heyrətlənənlərə cavabı tarixin özü verib. Heydər oğlu İsmayıl (1487-1524) da şahlıq taxtına çıxanda, Xandəmirin (1475/6-1535/6) "Həbib üs-siyər"də yazmasınca, "Təbrizə ruhun bədənə daxil olduğu kimi girincə", bir-birinin ardınca möhtəşəm fəthlərini başlayanda 14 yaşlı sütül gəncdi. Ancaq 14 yaşında artıq Şah idi, dövlətçi və sərkərdə idi, yaşından bir neçə qat daha yaşlı düşünən başçı, öndər idi. Tarixdə o örnək varsa, Cəfər Cabbarlı da yeni zaman içərisindəki başqa bir örnəkdir. Dövr də elə dövr idi ki, zəmanənin hadisələri özü insanları içəridən səfərbər edirdi, kökləyirdi, daha böyük işlərə çağırırdı. Həm də təşkilatlandırırdı!
1917-ci ilədək Abbas Mirzə Şərifzadə (1893-1938) yüz dəfələrlə səhnəyə çıxmışdı. Tamaşalara quruluşlar da vermişdi, başqalarının rejissor olduğu pyeslərdə baş rollarda da oynamışdı. Ancaq hiss edirdi, bunlar azdır, teatr işini yoluna qoymaq, irəliləyişlərə nail olmaq, büdrəmələrdən sığortalanmaqçün bir yerə cəmlənməyə, təşkilatlanmağa, işləri daha rəvan apara bilməkçün gücləri qovuşduran özəyə, ayrıca bir quruma ehtiyac var.
1917-ci ilin payızında Abbas Mirzə Şərifzadə "Bakı Müsəlman Aktyorları İttifaqı"nı yaradır. O çağlarda ayrı-ayrı cəmiyyətlərin, birliklərin yaradılmasının, bir növ, dəbə çevrildiyi əyyamlarda belə təsisatların əksərinin adında "ittifaq" sözünün olması müəyyən rəmzi məna daşıyır. "Cəmiyyət" kəlməsi onları, sən deyən, qane etmirdi, çünki bunun sadəcə bir yerə toplanmanı, cəm olmanı nişan verdiyini düşünürdülər. Dövrün özü umurdu ki, ittifaqlaşın, daha sıx birliklərdə qovuşun.
"Bakı Müsəlman Aktyorları İttifaqı" yaranan kimi ora ilk əsər təqdim edənlərdən birincisi elə Cəfər Cabbarlı olur. Cəfər Cabbarlı 1 il öncə - 1916-da "Nəsrəddin şah"ı yazmışdı. Ancaq "Nəsrəddin şah"dan, "Solğun çiçəklər"dən daha öncə, 1917-ci ildə "Bakı Müsəlman Aktyorları İttifaqı"nın gücü ilə səhnəyə digər əsərinin gəlməsini istəyir. O, "Ədirnə fəthi"ni qələmə almışdı və bu pyes günün başverənləri ilə birbaşa bağlı idi. Günün gedişində cərəyan edənlərinsə həm görünən, həm də alt qatda olan tərəfi vardı. "Ədirnə fəthi" onların ikisini də əks etdirmək mümkün olan qədərincə göstərirdi. Bu əsərdə yaşanan gün də vardı, sabaha baxış da, gələcək arzuları da. Amma bu pyesdə həm bütöv millət, həm də yeni yetişən nəsil üçün istiqlal dərsləri vardı, azadlıq mübarizəsi çağırışı vardı. Bu mətləbləri izhar etməyi də cavan dramaturq bir qədər sonraya saxlamadan, elə pərdə açılandan başlayır, son səhnəyəcən davam etdirir. Hələ Birinci Cahan savaşı davam edirdi, sonuna yaxınlaşan bu dava həm də dünyanın yenidən ölçülüb-biçilə biləcəyi vədlərini verir, ayrı-ayrı xalqlarçün, o sıradan Azərbaycandan ötrü də bir neçə il öncəyədək istiqlalın əlçatmaz olduğu halda indi müstəqilliyin ona doğru qətiyyətlə can atılarsa, üfüqlərdə gülümsədiyini pıçıldayırdı.
Düşüncələrdə istiqlal ocağı çatmaqçün Cəfər Cabbarlı səhnədən Azərbaycan insanına üz tutaraq bundan artıq nə deməli idi ki: "Ey qəhrəman türklərin igid balaları! Ey Şərq günəşinin hərarətli qoynunda bəslənən azad Asiyanın istiqanlı, igid balaları... Qarışqalar kimi ayaqlar altında tapdanmağa da həyatmı deyirik? Xayır, türk olduğunu anlayan hər kəs bunu qəbul etməz! Yerin üstündə yatmaqdansa, altında yatmaq daha gözəl deyilmi? Biz kimsədən tərəhhüm ummayırıq. Tərəhhüm bir millətin ölməsi deməkdir. Silahına təxyələnməyən bir millət yüksək dağlara belə dayanırsa, nəhayət, yıxılacaqdır. Türk millətinin qəlbində oyanan intibah ...onu yaşadacaq və üzərinə bütün Avropa, bütün dünya qalxarsa, susdurmayacaqdır. Ola bilər bundan sonra bizi döysünlər, əzsinlər, fəqət naümid olmamalı, qorxmamalıyıq".
Bu sözləri baş qəhrəman Ənvər bəy söyləyirdi və o vaxt Azərbaycanda şərəfinə oxunan nəğmələrin dillər əzbəri olduğu rəşadətli sərkərdənin - Ənvər Paşanın (1881-1922) surətini də həmin tamaşada Abbas Mirzə Şərifzadə misilsiz ustalıqla yaratmışdı. "Ədirnə fəthi"ndə Sidqi Ruhulla (1886-1959) da oynamışdı, Əbülhəsən Anaplı (1894-1921) da, Rza Darablı (1883-1942) da, Hüseynağa Hacıbababəyov (1898-1972) da, Əhməd Qəmərli (1880-1952) də, Aleksandra Olenskaya (1900-1959) da - oçağkı Azərbaycan səhnəsinin aparıcı aktyorlarının çoxu. Tamaşa hədsiz rəğbətlə qarşılanmış və bu isti münasibət dövrün qəzetlərində tarixləşdirilmişdi də.
"Ədirnə fəthi" səhnəyə gəlmişdi, bu gəlişlə gənc Cəfərin fəth etdiyi ürəklərin və qafaların sayı birdən-birə xeyli artmışdı, ancaq təzə pyesin Cabbarlının həyatında buraxacağı yeni unudulmaz izlər hələ qarşıda idi.
1917-ci ilin payızı idi, istiqlal gətirəcək 1918-ci ilin mayına yarım il qalırdı, müstəqilliyimiz gəlsin və xalqla olsun deyə açıq-örtülü mübarizələrə qoşanlar az deyildisə də, meydandakı əsas istiqlal carçısı səsi hər kəsə eşidilən gənc Cəfər Cabbarlı idi. Bu haqqı kim unudar?!
28 aprel 2026
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.