Krımda xəstəxanaya başında şişlə müraciət edən azyaşlının başına gələnlər ölkə gündəmini sarsıdıb. Həkimlərin ağlasığmaz səhlənkarlığı uşağın həyatını tamamilə dəyişib.
Krımda həkimlər başında zədə olan uşağı başqa xəstə ilə səhv salaraq, valideynlərinin xəbəri və icazəsi olmadan onu əməliyyat edib sünnət ediblər.
hadisə Krımın Sovetski qəsəbəsində baş verib. Məlumata görə, valideynlər yıxıldıqdan sonra başında şiş yaranan övladlarını xəstəxanaya gətiriblər. Qeydiyyat şöbəsindən uşağı rentgenə göndərsələr də, ailə müayinə növbəsi gözləyərkən cərrah yaxınlaşaraq azyaşlını otağına aparıb.
Uzun müddət otaqdan çıxmayan uşağın narkozdan ayıldığı bildirilib. İçəri girən ata oğlunun qasıq nahiyəsinin sarğıda olduğunu görüb. Məlum olub ki, başında şiş olan uşağa yanlışlıqla sünnət əməliyyatı edilib.
Zərərçəkmiş uşağın anası bildirib ki, oğlu narkozdan ayılandan sonra qışqıraraq ağlamağa başlayıb: "O, nələr baş verdiyini, onu niyə aldatdıqlarını və niyə canını yandırdıqlarını soruşurdu".
Həkimlər müstəntiqlərə verdiyi ifadədə hadisənin səhvən baş verdiyini, uşağı başqa xəstə ilə qarışdırdıqlarını etiraf ediblər. Əməliyyatdan əvvəl heç bir analiz götürülməyib, uşağın dərmanlara qarşı allergiyasının olub-olmadığı yoxlanılmayıb. Üstəlik, sənədlərdə uşağa saxta "fimos" diaqnozu qoyulsa da, valideynlər övladlarının heç bir cinsiyyət problemi olmadığını bildiriblər.
Məhkəmənin qərarı ilə xəstəxana uşağın xeyrinə 300 min rubl (təxminən 5500 manat) təzminat ödəməli olub. Lakin faktla bağlı hələlik cinayət işi açılmayıb.//Demokrat.az