AZ

Həmyaşıdlar arasında zorakılıq halları hansı təhlükələri yaradır?

Türkiyəli klinik psixoloq Sercan Aydın uşaqlar arasında artan yaşıd zorakılığının sadə mübahisə deyil, ciddi psixoloji nəticələr yaradan problem olduğunu bildirib. Onun sözlərinə görə, bu hallar həm zorakılığa məruz qalan, həm də zorakılığı törədən uşaqlarda uzunmüddətli psixoloji təsirlər yarada bilər.

Mütəxəssis qeyd edib ki, yaşıd zorakılığı bir uşağın digərinə qarşı məqsədli, davamlı və güc balanssızlığı ehtiva edən davranışlar göstərməsidir. Bu davranışlar fiziki təzyiq, təhqir, sosial təcrid və ya rəqəmsal mühitdə həyata keçirilən kiberzorbalıq formasında özünü göstərə bilər. Son dövrlərdə xüsusilə kiberzorbalıq hallarının artdığı vurğulanır.

Psixoloqun sözlərinə görə, zorakılığa məruz qalan uşaqlarda məktəbə getmək istəməmək, özünəqapanma, narahatlıq, tez-tez ağlamaq, təhsil göstəricilərinin zəifləməsi və yuxu problemləri müşahidə oluna bilər: "Bəzi uşaqlar yaşadıqlarını dilə gətirməsələr də, davranışlarındakı dəyişikliklər problemin siqnalı hesab edilir.

Zorakılıq edən uşaqlarda isə güc nümayiş etdirmək istəyi, empatiya duyğusunun çatışmazlığı, emosional idarəetmə problemləri və mənfi davranış nümunələrinin təsiri əsas səbəblər sırasında yer alır."

Sercan Aydın valideynlərə uşaqları günahlandırmadan dinləməyi, məktəb müəllimləri ilə əməkdaşlıq etməyi və uşaqlara aqressiya ilə cavab qaytarmaq əvəzinə kömək istəməyi öyrətməyi tövsiyə edib. Onun sözlərinə görə, uşağa “sən də cavab ver” demək ən böyük səhvlərdən biridir. Psixoloq hesab edir ki, erkən müdaxilə, emosional fərqindəlik, empatiya bacarığı və məktəb-valideyn əməkdaşlığı ilə həmyaşıd zorakılığının qarşısını böyük ölçüdə almaq mümkündür.

Şahnigar Əhmədova, "İki sahil"

Seçilən
21
ikisahil.az

1Mənbələr