AZ

Makron İlham Əliyevin Ermənistan barədə daha əvvəllər dediklərini təsdiqlədi... “Forpost”...



Hüseyn İbrahimov: “Makron ona görə indi Ermənistan barədə elə danışır ki, reallıqlar dəyişib”

İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxış edən Fransa prezidenti Emmanuel Makron bir neçə diqqət çəkən məqama toxunub. Belə ki, son illərdə Ermənistanda əhəmiyyətli siyasi dəyişikliklərin baş verdiyinə diqqət çəkən Makron, Ermənistanın Rusiyanın peyki olduğunu etiraf edib:

“Düzünü desək, səkkiz il əvvəl bura heç kim gəlməzdi. 8 il əvvəl bu ölkə danışıqlar masasında de-fakto Rusiyanın peyki kimi qəbul olunurdu”.

Makron onu da qeyd edib ki, 2020-ci ildə müharibə zamanı Rusiya Ermənistanı tək qoyub. Fransa isə əvvəl humanitar yardım, sonra isə hərbi yardım göstərib: “Rusiya 2020-ci ildə sizə kömək etmədi. O, sizi tərk etdi. Fransa isə burada idi və indi də yanınızdadır”.

Bu, Prezident İlham Əliyevin illərdir səsləndirdiyi "Ermənistan müstəqil dövlət deyil, forpostdur" fikrinin ən yüksək səviyyədə təsdiqidir. Fransa prezidenti bu etirafı ilə dolayısı ilə keçmiş münaqişə dövründə Ermənistanın müstəqil tərəf olmadığını və xarici diktə ilə hərəkət etdiyini qəbul etmiş oldu. Dövlət başçısı 11 il əvvəl, 2015-ci ilin iyulunda milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə keçirilən görüşdə bu məsələni xüsusi vurğulamışdı: “Ermənistan dövlət müstəqilliyini çoxdan itiribdir. Ən yaxşı halda ona forpost deyirlər”.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2022-ci ildə ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bu reallığı bir daha bəyan etdi: “Biz Zəngəzur dəhlizi ilə bağlı müzakirələri faktiki olaraq Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir”.

Prezident İlham Əliyev bunu bir sıra rəsmi görüşlərdə, o cümlədən 2024-cü ilin aprelində Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib: “Keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək”.

Göründüyü kimi, uzun illərdir Prezident İlham Əliyevin Ermənistanın forpost, vassal ölkə olmasını Makron indi təsdiq edir. Halbuki, bununla bağlı bütün faktlar ortada idi. Bununla belə hələ 2020-ci ildə Prezident Əliyev bəyan etdi ki, Fransa Ermənistanı silahlandırır. O vaxt Makron hakimiyyəti hər vəchlə bunu təkzib edirdi. Lakin Makron bu dəfə İrəvanda açıq etiraf etdi ki, Fransa Ermənistanı silahlandırıb.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Ermənistan hər zaman böyük dövlətlərin əlində bir alət olub: “Məgər Makron əvvəl bilmirdi ki, Ermənistan Rusiyanın satiletidir? Məgər bilmirdilər ki, bilavasitə Rusiyanın dəstəyi və iştirakı ilə Ermənistan Azərbaycan ərazilərini işğal edib? Çox yaxşı bilirdilər. Nəinki Makron, Fransanın digər prezidentləri də Ermənistanın forpost olduğunu yaxşı bilirdilər. Sadəcə, Azərbaycan ərazilərinin işğal altında qalması onların işinə yarayırdı. Ona görə heç nə demirdilər. Prezident Əliyev dəfələrlə çıxışlarında bəyan edirdi ki, Ermənistan müstəqil dövlət deyil. Hər dəfə Fransa buna göz yumurdu. Makron ona görə indi Ermənistan barədə elə danışır ki, reallıqlar dəyişib. Azərbaycan ərazilərini işğaldan azad edib. ATƏT-in Minsk Qrupu tarixə qovuşub. Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Ermənistan Avropaya doğru kurs götürüb. Yoxsa əvvəlki status-kvo olsaydı, Makron bunları deməzdi”.

Vidadi ORDAHALLI

Seçilən
28
baki-xeber.com

1Mənbələr