
Böyük Britaniyanın immiqrasiya xidmətinin əməkdaşı Çin kəşfiyyatı ilə əməkdaşlıq edərək “kölgə polis fəaliyyəti əməliyyatı” çərçivəsində təqsirli bilinib.
AFN.az BBC-yə istinadən xəbər verir ki, 40 yaşlı Çi Lyun “Piter” Vay Daxili İşlər Nazirliyinin (Home Office) məlumat bazasından istifadə edərək, Britaniyada yaşayan honkonqlu dissidentləri izləyib.
Məhkəmənin qərarına əsasən, o, xarici kəşfiyyat xidmətinə yardım etdiyi üçün Milli Təhlükəsizlik Qanununu pozmaqda təqsirli bilinib. Onunla birlikdə, Honkonq rəsmiləri ilə təmasda vasitəçilik edən 65 yaşlı Çun Biu “Bill” Yuen də eyni maddə ilə məhkum edilib. Piter Vay həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahkar tanınıb.
Hər iki şəxsin təqsirli bilinməsindən sonra Çinin Britaniyadakı səfiri Çjen Tzequan Xarici İşlər Nazirliyinə çağırılacaq. Təqsirləndirilən şəxslər barəsində hökmün mayın 15-də açıqlanacağı gözlənilir və həmin vaxta qədər onlar həbsdə saxlanılacaqlar.