Britaniya kral ailəsinin qalmaqallı üzvlərindən biri yenidən diqqət mərkəzinə düşüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, The Telegraph nəşri keçmiş şahzadə Endryu Mountbatten-Vindzor-a qarşı baş vermiş təhlükəli insidentin təfərrüatlarını yayıb.
Məlumata görə, hazırda yalnız Mauntbetten-Vindzor soyadını daşıyan keçmiş York hersoqu Norfolk qraflığındakı Sandrinqem malikanəsi yaxınlığında itlərini gəzdirərkən naməlum şəxsin hədəsi ilə üzləşib.
Hadisə çərşənbə günü yerli vaxtla saat 19:30 radələrində baş verib. Balaklava taxmış kişi avtomobildən düşərək Mauntbetten-Vindzora tərəf hərəkət edib və ona qışqırmağa başlayıb.
“The Telegraph”ın məlumatına görə, keçmiş şahzadə həmin şəxsi özündən təxminən 50 yard məsafədə görüb. O, şəxsi mühafizəçisi ilə birlikdə yaxınlıqda saxlanılan avtomobilinə qaçaraq yüksək sürətlə ərazidən uzaqlaşıb.
İddialara görə, şübhəli şəxs onu təqib etməyə çalışıb.
Hadisədən sonra həmin şəxs silah saxlamaq və ictimai asayişi pozmaq şübhəsi ilə saxlanılıb. Norfolk polisi əraziyə gələrək onu dindirilmək üçün polis bölməsinə aparıb.
Məlumata görə, polis avtomobildə silah və digər təhlükəli əşyaların olub-olmadığını müəyyən etmək üçün axtarış da aparıb.
İnsident Sandrinqem kral parkı yaxınlığındakı ictimai ərazidə baş verib.
Qeyd olunur ki, Mauntbetten-Vindzor ötən il Vindzordakı “Royal Lodge” iqamətgahını tərk etdikdən sonra Sandrinqemdəki “Marsh Farm” mülkünə köçüb.
Nəşr yazır ki, hadisədən sonra keçmiş hersoq ciddi sarsıntı keçirib və ondan, eləcə də mühafizəçisindən ifadə alınıb.
Britaniya mediasında onun kənd ərazisinə köçməsindən sonra təhlükəsizlik risklərinin artdığı barədə narahatlıqların olduğu bildirilir.
Xatırladaq ki, kral IIı Çarlz 2024-cü ildə qardaşı Endryunu şəxsi mühafizə və dövlət təminatından məhrum etmişdi. Bu qərar onun mərhum maliyyəçi və cinsi istismar qalmaqalının əsas fiqurlarından olan Jeffrey Epstein ilə əlaqələri fonunda verilmişdi.
Musavat.com